AZ

Dünyanın ən yaxşı gimnastika komplekslərindən biri...

MGA-nın 10 illik uğurları

Bütün sahələrdə olduğu kimi, müasir idman infrastrukturunun yaradılması istiqamətində də genişmiqyaslı tədbirlərin həyata keçirilməsi dövlət siyasətimizin tərkib hisəssidir. Bunun üçün yeni idman obyektləri tikilib istifadəyə verilir. Dünyanın qabaqcıl idman ölkələrindən biri olan Azərbaycan hazırda beynəlxalq Olimpiya hərəkatının fəal üzvlərindən biridir. İdmanın bütün sahələrinin inkişaf etdirilməsi Azərbaycan Prezidentinin daim diqqət mərkəzindədir. Paytaxt Bakıda və regionlarda inşa edilən, ən müasir avadanlıqla təchiz olunan Olimpiya İdman komplekslərinin sayı hər il artmaqdadır. Mövcud idman komplekslərinin əsaslı şəkildə yenidən qurulması isə beynəlxalq yarışların keçirilməsi üçün ölkəmizin imkanlarını daha da çoxaldır.

Azərbaycanda digər idman növləri kimi gimnastikanın inkişafına hər zaman böyük diqqət və qayğı göstərilib. Bu sahədə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın xidmətlərini xüsusilə qeyd etmək yerinə düşər. M.Əliyeva təhsil, mədəniyyət, səhiyyə sahəsi ilə yanaşı, ölkəmizdə idmanın inkişafında da səmərəli, uğurlu fəaliyyəti ilə diqqət çəkib. I Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları və digər beynəlxalq yarışların təşkilati işlərinə rəhbərlik edən M.Əliyevanın ortaya qoyduğu nümunə Azərbaycanın həm də idman ölkəsi olduğunu dünyaya çatdırıb. Bir sözlə, Azərbaycanın Birinci xanımı idmana qayğı ilə yanaşması baxımından çoxsaylı uğurların müəllifi olaraq tanınır.

Yeri gəlmişkən, 10 il öncə-2014-cü il aprelin 16-da Bakıda Milli Gimnastika Arenasının (MGA) açılış mərasimi baş tutmuşdu. Açılışda Prezident İlham Əliyev və Birinci xanım

Mehriban Əliyeva iştirak etmişdilər. Gimnastika zalı əsas yarış və köməkçi məşq hissələrindən ibarətdir. Yarışların miqyasından asılı olaraq, arenanın əsas hissəsində oturacaq yerlərinin sayını 5 mindən 10 minə qədər artırmaq mümkündür. Dünya standartlarına uyğun inşa olunan kompleksdə mətbuat mərkəzi, ilk tibbi yardım məntəqəsi, xoreoqrafiya, trenajor zalları, dopinq nəzarəti, inzibati otaqlar, kafelər və digər yardımçı sahələr yerləşir. Dünyanın ən yaxşı gimnastika komplekslərindən biri olan bu idman kompleksində otel də yaradılıb.

Azərbaycanda gimnastikanın tarixi

Azərbaycanda gimnastikanın yaranması ötən əsrin 30-cu illərinə aiddir. 1939-cu ildə gimnastika üzrə Bakıda ilk respublika çempionatı keçirilib. 1956-c? ildə Azərbaycan Gimnastika Federasiyasının yaradılmasından sonra bu sahədə inkişaf daha sürətlənib, güclü gimnast nəsli yetişib. Tofiq Mehtiyev, Dmitri Filonov, Kamal Abdullayev, Çingiz Şamilov, Natalya Abdinova (Şetinkina), Raisa Timinova kimi adlar ölkəmizi beynəlxalq arenada layiqincə təmsil ediblər. Erkən dövrlərdə Azərbaycanın ən güclü gimnast? Valeri Belenki idi. O, 1986-cı ildə ölkə çempionu və Azərbaycan Kubokunun qalibi adını qazanıb, 1991-ci ildə isə dünya çempionu olub.

Müstəqillik dövründə gimnastikanın inkişafı

Azərbaycan Gimnastika Federasiyası (AGF) bu idman növünün inkişafı üçün lazım olan addımları atır, təbliğat işləri ilə məşğul olurdu. Müstəqillik əldə ediləndən sonra 1993-cü ildə Beynəlxalq Gimnastika Federasiyasına üzv olan AGF 3 il sonra isə Avropa Gimnastika İttifaqına daxil oldu.

2002-ci ildə Mehriban Əliyevanın Federasiyanın prezidenti seçilməsi ilə yeni inkişaf yolunun təməli qoyuldu. Federasiya yenidən quruldu. Artıq inkişaf başlamış, gimnastikaya böyük diqqət ayrılmışdı. Təsadüfi deyil ki, Birinci xanımın rəhbər postu tutmasından bir il sonra Bakı bədii gimnastika üzrə Dünya Kubokuna ev sahibliyi etdi. Artıq ölkəmizdə həm daxili yarışlar keçirilir, həm də Dünya Kubokunun mərhələləri baş tuturdu. Federasiya işini düzgün qurmuş, Azərbaycan gimnastikası dünyada öz adından söz etdirməyə başlamışdı. 2006-cı ildə Mehriban Əliyeva yenidən Federasiyanın prezidenti seçildi. Hər seçim vaxtı yeniliklə vəhdət təşkil edirdi. 2007-ci ildə Bakıda ilk dəfə gimnastika üzrə beynəlxalq hakim kurslarının təşkil olunması ölkəmizdə bu sahənin inkişafını daha da şərtləndirirdi.

Gimnastlarımız, hakimlərimiz beynəlxalq arenada Azərbaycan adını daim zirvədə daşıyırdı. 2008-ci ildə ilk dəfə Azərbaycanın gimnastika üzrə qrup komandası Pekində keçirilən Olimpiya Oyunlarında iştirak etmiş, birinci sınaqda 7-ci yerdə qərarlaşmışdı. Gimnastika tariximizdə ilk beynəlxalq medal 2010-cu ildə əldə edilib. Federasiya tərəfindən yaradılan şərait, görülən düzgün təbliğat işləri, gimnastikanın daim nəzarətdə saxlanması və diqqətdə olması inkişafı zəruri edən amillərdən idi. Hər il Azərbaycan beynəlxalq yarışlarda təmsil olunur, hər turnirlərdə azı bir idmançımız mükafatçılar sırasına düşməyi bacarırdı.

İnkişafa təkan verən arena...

2014-cü ildə Bakıda Milli Gimnastika Arenasının istifadəyə verilməsi Azərbaycan gimnastikasının inkişafı məqsədilə atılmış mühüm addım oldu. Arenada gimnastika üzrə beynəlxalq yarışların yüksək səviyyədə təşkil edilməsi üçün hər şərait yaradılıb. Məhz həmin ildə ölkəmizdə XXX Avropa çempionatı keçirildi. 33 ölkədən 258 idmançı Gimnastika Arenasında mötəbər yarışda qüvvələrini sınadılar.

Bir il sonra Bakı Avropa Oyunlarına ev sahibliyi etdi. Gimnastlarımız yarışda 7 medal qazandılar. AGF-nin prezidenti Mehriban Əliyeva yarışın Təşkilat Komitəsinin sədri idi. Prezident İlham Əliyev Bakı-2015-in yüksək təşkilatçılığına görə Birinci Xanım Mehriban Əliyevanı “Heydər Əliyev” ordeni ilə təltif edib.

Gənclik və idman bir-birini tamamlayan məfhumlardır. Müasir gənclərin hərtərəfli formalaşması, rəqabətə davamlı yetişdirilməsi məhz dövlətin uğurlu gənclər siyasətinin davamıdır. Gənclərimiz tək idmanda deyil, bütün sferalarda aktiv rolu ilə seçilir, ictimai-siyasi, sosial-iqtisadi sahələrdə də mühüm rol oynayırlar. Bütün bunlar Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım

Əliyevanın gənclərin fəaliyyəti üçün yaratdığı geniş imkanların, yüksək diqqət və qayğının nəticəsidir...

Yeganə BAYRAMOVA

Seçilən
37
Mənbələr
Şərh ()
Bağla