AZ

42 yaşlı kişi keçmiş arvadına xəsarət yetirdi — TƏFƏRRÜAT

Bakının Xəzər rayonunda 1982-ci il təvəllüdlü Rövşən keçmiş həyat yoldaşı Gülbənizə (adlar şərti göstərilib – red.) xəsarət yetirib. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin martın 26-da Xəzər rayonu, Zirə qəsəbəsində baş verib. Rövşən yeni yaşayış massivində yaşadığı evin həyətində aralarında şəxsi münasibətlərin pozulması zəminində yaranmış mübahisə zamanı Gülbənizin üzərinə hücum çəkib. Onun sifət nahiyəsinə qəsdən iki dəfə yumruqla vuraraq yerə yıxıb, ona müxtəlif dərəcəli bədən xəsarətlər yetirib. 

Hadisəni törədən Rövşənin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Rövşən ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, 2016-cı ildə Gülbəniz ilə ailə həyatı qurub, bu evlilikdən bir övladları var: “Əvvəllər münasibətlərimiz yaxşı olsa da, sonradan münasibətlərimiz pisləşdi. Biz boşanma həddinə çatdıq. Təxminən 2 il bundan əvvəl Gülbəniz ilə boşandıq. Boşanmış olsaq da, uşağa görə Gülbəniz ilə əlaqəm oldu. 2023-cü ilin fevralında qulağıma belə bir söhbət çatdı ki, Gülbəniz qohumlarına yalandan guya hələ də birlikdə yaşadığımızı deyib. Bu xəbəri eşidəndə çox əsəbləşdim. Gələcəkdə başına pis bir iş gələcəyi təqdirdə qohumlarının məndən hesab soracağını düşündüm. Gülbəniz ilə bu məsələni görüşüb həll etmək qərarına gəldim”. 

Rövşən qeyd edib ki, martın 26-da, saat 19 radələrində Zirə qəsəbəsində kafedə oturub bir qədər spirtli içki qəbul etdikdən sonra Gülbənizin hazırda yaşadığı Zirə qəsəbəsindəki evinə yollanıb: “Ora gələndə saat 21 radələri olub. Qapını döyərək Gülbənizi bayıra çağırdım. Gülbəniz bayıra çıxanda nə üçün qohumlarıma yalan danışdığını soruşdum. Gülbəniz heç nə demədi. Əvəzində məni nalayiq ifadələr işlədərək, oradan uzaqlaşmağımı tələb etdi. Gülbənizin bu hərəkəti məni əsəbləşdirdi. Gülbənizi dartıb bayıra çıxarmaq istəyərəkən yerə yıxıldı. Gülbənizi yerdən qaldırmaq istədim. Amma Gülbəniz ayağa qalxmadı. Mən məcbur Gülbənizi dartıb qaldıranda istər- istəməz yerdə bir qədər süründü. Daha sonra Gülbənizi yerdən qaldırıb birinci dəfə şillə ilə onun sifət nahiyəsindən, ikinci dəfə də şillə ilə başının arxa nahiyəsindən zərbə ilə vurdum. Daha sonra səs küyə Gülbəniz ilə bir yerdə yaşayan Samir adllı şəxs gəldi və aralıda dayanıb polisə zəng etdi. Bir neçə dəqiqədən sonra polis əməkdaşları hadisə yerinə gəldilər”.

İş üzrə zərərçəkmiş Gülbənizin sözlərinə görə, Rövşən ilə ailə qurandan sonra münasibətləri yaxşı olub: “Lakin sonralar Rövşən tez-tez evə sərxoş halda gəldiyinə görə aramızda səbəbsiz mütəmadi mübahisələrimiz olub. Rövşən məni dəfələrlə döyüb. Buna baxmayaraq Rövşənin barəsində polisə məlumat verməmişəm ki, ailəm dağılmasın. 2019-cu ilədək Rövşənlə birlikdə yaşamışıq. Lakin 2019-cu ildə Rövşəndən ayrıldım, hazırda onunla yaşamıram. Rövşəndən ayrılandan sonra bir müddət xəstə oğlumla birlikdə kirayədə yaşamışıq. Təxminən 7 aydır ki, Samir adlı şəxslə ailə qurmuşam. Hazırda Samirlə birlikdə yaşayıram. Rövşənlə ayrıldıqdan sonra heç bir əlaqəm və münasibətim olmayıb”. 

Gülbəniz qeyd edib ki, hadisə günü, saat 21 radələrində ikinci həyat yoldaşı Samir və oğluyla birlikdə evdə olduğu zaman həyətdən səs gəldiyini eşidib: “Bu səbəbdən bayıra çıxdım. Gördüm ki, Rövşən sərxoş halda ora gəlib. Rövşəni həyətdən qovmaq istədim. Lakin üstümə hücum etdi və iki dəfə sifət nahiyyəmə yumruqla vuraraq xəsarət yetirdi. Bu səbəbdən yerə yıxıldım. Yerə yıxıldıqdan sonra yenə də qollarımdan tutdu, sıxaraq yerdə sürüyərək küçəyə çıxarmaq istədi. Bu zaman qollarımdan və sağ diz nahiyəmdən xəsarətlər aldım. Sonradan həyat yoldaşım Samir gəldi. Məni Rövşənin əlindən güclə aldı. Bu zaman Rövşən Samiri nalayiq ifadələrlə təhqir etdikdən sonra getdi”. 

Bu cinayət işinə Xəzər Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Rövşən 8 ay 22 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. 

Təqsirləndirilən şəxsə yaşadığı Xəzər rayonu, Zirə qəsəbəsi, Bağlar massivi ünvanında yerləşən evi axşam saat 23.00-dan səhər saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməsi vəzifələri qoyulub. 

Fariz Məlikli
Demokrat.az
Seçilən
25
Mənbələr
Şərh ()
Bağla