AZ

İran hücum etdi - İsrail gözləmə mövqeyindədir...

Bölgədə yeni müharibə anonsu

Xəbər verildiyi kimi, aprelin 13-də İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) qanadlı və ballistik raketləri ilə “Doğru vəd əməliyyatı” kod adı altında İsrailə hücum edib. Hücumların aprelin 1-də İsrailin İranın Dəməşqdəki səfirliyini bombalamasına cavab olaraq həyata keçirildiyi bildirilir. Bu, iki ölkə arasında ilk birbaşa hərbi qarşıdurma sayılır. İranın İsrailə 185 pilotsuz uçuş aparatı və 146 raket zərbəsi endirdiyi bildirilib. İsrail dronların əksəriyyətinin məhv edildiyini, İran isə nəzərdə tutulan hədəflərin vurulduğunu açıqlayıb. İsrail mediası İranın reallaşan raket hücumundan qorunmağın Təl-Əvivə nə qədər başa gəldiyini hesablayıb. İsrail mediasının hesablamalarına əsasən, aprelin 14-nə keçən gecə İranın zərbəsini dəf etmək İsrailə 4-5 milyard şekelə (1-1,3 milyard dollar) başa gəlib. İsrail Müdafiə Qüvvələrinin sözçüsü Daniel Haqari brifinqdə bildirib ki, İran İsrailə ümumilikdə 60 tona yaxın partlayıcı maddə daşıyan müxtəlif tipli 350 mərmi atıb. Onun sözlərinə görə, yalnız “bir neçə raket” ölkə ərazisinə çataraq “kiçik ziyan” vurub.

İsrail İrana hücum edərsə...

Aprelin 14-də isə İran Silahlı Qüvvələri Baş Qərargahının rəisi, general-mayor Məhəmməd Baqeri İranın İsrailə qarşı əməliyyatının başa çatdığını elan edib. General-mayor bildirib ki, İran Silahlı Qüvvələri lazım gələrsə, gələcəkdə də hərəkətə keçməyə hazırdır.

Qeyd edək ki, bu hücum qlobal miqyasda böyük əks - səda doğurub. Hücumun həmən ardından rəsmi Vaşinqton İsrailə tam dəstək bəyanatları səsləndirib. Prezident Bayden bununla bağlı açıqlamalar verib və ABŞ-ın İsraili dəstəklədiyini açıqlayıb. Buna cavab olaraq isə İran ordusunun komandanı, general-mayor Əbdülrəhim Musəvi Tehranın mövqeyini açıqlayıb. O bildirib ki, ABŞ İsrailin tərəfində münaqişəyə girərsə və İrana hücum edərsə, Yaxın Şərqdəki Amerika hərbi bazaları İran ordusunun hədəfinə çevriləcək. “Biz həmçinin Amerika liderlərinə xəbərdarlıq edirik ki, əgər onlar sionist rejimin tərəfində münaqişəyə müdaxilə etmək istəsələr, onların bütün maraqları və hərbi bazaları, xüsusən də bizə qarşı hücum məqsədilə istifadə olunanlar bizim əməliyyat hədəflərimiz hesab olunacaq”, - İranın “Tasnim” agentliyi onun sözlərini yazıb. Ordu komandanı əlavə edib ki, aprelin 1-də İranın Suriyadakı konsulluğunun atəşə tutulmasından sonra “beynəlxalq təşkilatlar İsraili BMT Nizamnaməsinin 7-ci maddəsinə əsasən cəzalandırmalı idilər”, lakin onlar bunu etməyiblər və “səhlənkarlığa” yol veriblər. Bu mövzuda Tehran “İran xalqının universal tələbinə uyğun olaraq” cavab əməliyyatı həyata keçirib.

XİN başçıları arasında telefon trafiki...

Baş verən hərbi əməliyyat siyasi mühitdə də böyük gərginliklərə yol açıb. Belə ki, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian bildirib ki, İsrailə hücumdan 72 saat əvvəl qonşularımızı xəbərdar etmişik. XİN rəhbəri həmçinin türkiyəli həmkarı Hakan Fidanla telefonla danışıb. Bildirib ki, İran yeni təcavüzə cavab verməli olmadığı təqdirdə Tehran İsrailə qarşı yeni əməliyyatlar planlaşdırmır. Bu barədə TASS Ankaradakı diplomatik mənbəyə istinadən məlumat yayıb. Məlumata görə, İranın xarici işlər naziri İsrailə qarşı əməliyyatın başa çatdığını və İrana hücum edilmədikcə yeni əməliyyata başlamayacağını bildirib. Abdullahian qeyd edib ki, İrana yenidən hücum edilərsə, daha da sərt cavab verəcək. Hakan Fidan isə öz növbəsində bildirib ki, Türkiyə “İranın İsrailə qarşı hərəkətlərindən sonra bölgədə daha da gərginləşməni istəmir”. “Ankara gərginliyi artıran addımların dayandırılmasını istəyir”, - Türkiyə XİN rəhbəri qeyd edib.

Bundan başqa, Hakan Fidan Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeronla telefon danışığı aparıb. Diplomatik mənbənin verdiyi məlumata görə, hər iki nazir regionda gərginliyin daha da artmasının qarşısının alınmasının vacibliyini qeyd edib.

Eyni zamanda, Rusiyanın xarici işlər naziri Sergey Lavrovla iranlı həmkarı Hüseyn Əmir-Abdullahian arasında telefon danışığı olub. “Report” xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidməti bildirib. Qeyd olunub ki, telefon danışığı zamanı “əsas diqqət Yaxın Şərqdəki vəziyyətə yönəlib”: “İranın xarici işlər naziri aprelin 1-də İsrailin İranın Dəməşqdəki səfirliyinin konsulluq şöbəsinə İran rəsmilərinin ölümü ilə nəticələnmiş hava hücumuna cavab olaraq Tehranın gördüyü tədbirlər barədə rusiyalı həmkarına məlumat verib”.

Danışıqlar zamanı “regionda vəziyyətin əlavə eskalasiya və yeni təhlükəli təxribatçı hərəkətlərin Yaxın Şərqdə gərginliyin artmasına səbəb ola biləcəyi” vurğulanıb.

Eyni zamanda, “Qəzza zolağında dərhal atəşkəs əldə olunması, ən aktual humanitar problemlərin həlli və Fələstin - İsrail münaqişəsinin iki dövlət əsasında həllinə dair BMT qətnamələrinə uyğun olaraq birbaşa danışıqlar üçün güclü şərait yaradılması” təsdiqlənib.

Türkiyənin vasitəçilik rolu yenidən aktuallaşır...

Bölgədə başvermə ehtimalı yaranan eskalasiyanın qarşısının alınması perspektivi üçün Türkiyənin işə qarışması labüddur. Bu amil gərginlik yaranan dövrdən aparıcı dövlətlərin əsas arzusu kimi ortaya qoyulub. Bunun nəticəsidir ki, Türkiyənin həm XİN rəhbəri, həm də MİT rəisi aktiv şəkildə prosesə cəlb ediliblər. Türkiyə xarici işlər naziri Hakan Fidan ABŞ dövlət katibi Entoni Blinken ilə telefon danışığı aparıb. Bu barədə Türkiyə XİN-dən diplomatik mənbələr bildirib. Təmaslar zamanı İranın İsrailə qarşı hücumundan sonra bölgədəki mövcud vəziyyət müzakirə edilib. Türkiyəli nazir regionda böhranın genişlənməsi və yayılması ehtimalından Ankaranın narahat olduğunu vurğulayıb. “Nazir Fidan Türkiyənin Qəzzada böhran başlayandan bəri regional münaqişəyə çevrilmə riski daşıdığını dəfələrlə bəyan etdiyinə diqqət çəkib. Problemin kökündə Qəzzada müharibənin olduğunu bildirən nazir Fidan təcili olaraq atəşkəs elan edilməli və Qəzzaya fasiləsiz humanitar yardımların çatdırılmasının lazım olduğunu, əks halda böhranın böyüməyə davam edəcəyini xatırladıb. O, gərginliyin artmasının qarşısını almaq üçün İsrailə təsiri olan ölkələrin ən doğru mesajları verməli olduğunu ifadə edib”, - mənbələr qeyd edib.

Yeri gəlmişkən, Türkiyənin Milli Kəşfiyyat Təşkilatının (MİT) rəisi İbrahim Kalınla ABŞ-nin Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börns arasında telefon danışığı olub. “TRT Haber” məlumatına görə, Amerika kəşfiyyatının başçısı bayram günü türkiyəli həmkarına zəng edərək ondan “İranın İsrailə hücumu iddiaları ilə bağlı vasitəçi olmasını istəyib”. Eyni zamanda, Kalın və Börns Qəzzada atəşkəs danışıqları ilə bağlı da fikir mübadiləsi aparıblar.

İbrahim Kalın HƏMAS Siyasi Bürosunun sədri İsmayıl Haniyyə ilə də danışıb. Türkiyə kəşfiyyatının rəhbəri ilə Haniyyə arasındakı danışıqda Qəzzada atəşkəs, bölgəyə humanitar yardımın çatdırılması, əsirlərin dəyişdirilməsi və qəzzalıların şimaldakı evlərinə qaytarılması məsələləri müzakirə edilib.

Təl-Əviv müharibə istəmir...

Xarici KİV isə gərginliyin daha da genişlənməməsi üçün tədbirlərin görüldüyünü yazıb. Belə ki, “The New York Times” ABŞ rəsmilərinə istinadən İsrailin hücuma tez cavab vermək arzusunu vurğulayıb - belə ki, rəsmi Təl - Əviv bazar günü səhər tezdən İrana hücum etmək qərarına gəlib, lakin bu plan baş nazir Benyamin Netanyahu ilə ABŞ prezidenti Co Bayden arasında telefon danışığından sonra ləğv edilib. Amerika nəşrinin yazdığına görə, Bayden administrasiyası İsrailə ehtiyatlı davranmağı və İranın hava hücumlarından uğurla müdafiə olunduqdan sonra Yaxın Şərqdə gərginliyin qarşısını almağı tövsiyə edib.

ABŞ rəsmiləri İsrailin 300-dən çox pilotsuz uçuş aparatını və raketini ələ keçirməsini əlavə qisas tələb etməyən əhəmiyyətli strateji qələbə kimi qiymətləndiriblər.

İsrail Prezidenti İsxak Hersoq isə İranın İsrailə hücumunu müharibə elanı adlandırıb. Bu barədə prezident Böyük Britaniyanın “Sky News” telekanalına müsahibəsində bildirib. “Gecə Yaxın Şərqdə dörd istiqamətdən hücuma məruz qaldıq, İranın marionet qüvvələri atəş açırdı, raketlər, ballistik raketlər, PUA və qanadlı raketlərlə atəşə tutulduq. Bu, əsil müharibəyə bənzəyir. Yəni bu, müharibə elanıdır”, - Hersoq vurğulayıb. Bununla yanaşı, Prezident İsrailin ərazisinin atəşinə tutulmasına cavabının necə ola biləcəyi sualına cavab verməkdən yayınıb: “Biz həmişə müttəfiqlərimizi və tərəfdaşlarımızı dinləyirik və onların nöqteyi-nəzərinə hörmət edirik. Biz əlimizdə olan bütün variantları nəzərdən keçiririk və artıq dediyim kimi, vətəndaşlarımızı qorumaq üçün lazım olan hər şeyi edəcəyik. Mən, əlbəttə ki, indi aparılan işlərin operativ təfərrüatlarına toxunmayacağam. Biz müharibəyə can atmırıq”.

İsrailin müdafiə naziri Yoav Qalant isə bildirib ki, İsrail İrandan gələn təhlükəyə qarşı regional koalisiya yaradacaq. “The New York Times” mənbələrə istinadla yazıb ki, İranın zərbələrinə İsrailin cavabı müttəfiqləri ilə razılaşdırılacaq.

BMT TŞ fövqəladə iclas keçirdi

Bu arada BMT Təhlükəsizlik Şurası İsrailin çağırışı ilə fövqəladə iclas keçirib. İclasda çıxış edən BMT-nin Baş katibi Antoniu Quterreş Yaxın Şərqdə artan gərginliyin region və dünya üçün təhlükəli olduğuna diqqət çəkib. Baş katib İran və İsraili maksimum təmkinli olmağa çağırıb: “Mən tərəfləri bu hərbi əməliyyatları dərhal dayandırmağa çağırıram. Bütün üzv dövlətlərə xatırladıram ki, BMT nizamnaməsi hər hansı bir ölkənin ərazi bütövlüyünə və ya siyasi müstəqilliyinə qarşı hər hansı bir şəkildə güc tətbiq etməyi qadağan edir”. Quterreş İranın hava hücumları ilə regionda gərginliyi daha da artırmasını pisləyib: “Yaxın Şərqdə bir çox cəbhədə hərbi qarşıdurmaya səbəb ola biləcək istənilən addımdan çəkinmək lazımdır. Nə region, nə də dünya yeni bir müharibəyə tab gətirə bilər”.

Təhlükəli eskalasiyadan qaçmağa çağırırıq

Azərbaycan Xarici İşlər Nazirliyi baş verənlərlə bağlı açıqlama yayıb. Bildirilib ki, Azərbaycan İran və İsrail arasında artan gərginlikdən dərin narahatdır. “Biz bütün tərəfləri təmkinli olmağa və Yaxın Şərqdə vəziyyəti daha da gərginləşdirəcək təhlükəli eskalasiyadan qaçmağa çağırırıq”, - XİN qeyd edib.

Papa da çağırış etdi...

Eləcə də, Papa I Fransisk Yaxın Şərqdə “zorakılıq spiralını” alovlandıra və regionda daha genişmiqyaslı müharibəyə səbəb ola biləcək hər hansı hərəkəti dayandırmağa çağırış edib. Onun açıqlamasını “Vatican News” yayıb.

Papa, “son saatlarda İranın müdaxiləsindən sonra İsraildə vəziyyətin pisləşməsi ilə bağlı xəbərləri” “dua və narahatlıq, hətta kədərlə” izlədiyini söyləyib.

“Heç kim başqalarının varlığını təhdid etməməlidir və bunun əvəzində bütün xalqlar israillilərə və fələstinlilərə iki dövlətdə, yan-yana, təhlükəsizlik şəraitində yaşamağa kömək etməklə “sülh tərəfdarı olmalıdırlar. Bu, onların dərin və qanuni istəyidir və bu onların haqqıdır”,-deyə Papa I Fransisk bildirib.

 Eyni zamanda, Papa Qəzzada atəşkəs və “danışıqlar yolunda həlledici irəliləyiş” çağırışını təkrarlayıb. O, “insani fəlakətə düçar olmuş” Qəzza xalqının əzablarını xatırladaraq, onların əzablarını yüngülləşdirmək üçün hər cür səy göstərməyə çağırıb.

SADİQ

Seçilən
171
45
Mənbələr
Şərh ()
Bağla