AZ

İsrail İrana hücum edərsə, ilk növbədə bu hədəflər vurulacaq – Qabil Hüseynlidən AÇIQLAMA

“İsrail İrana hücum edərsə, hədəf mülki əhali olmayacaq. Zərbələr əsasən ölkənin sənaye bölgəsinə, hərbi-sənaye müəssisələrinə, ən pis halda isə siyasilərin ofislərinə yönələ bilər”.

Bu sözləri KONKRET.az-a açıqlamasında tanınmış politoloq Qabil Hüseynli deyib.

Onun sözlərinə görə, bu məsələdə Azərbaycan tam neytrallığını qoruyub saxlamaqla yanaşı, ölkəmizin milli maraqlarını ardıcıl surətdə müdafiə etmək mövqeyinə malik olmalıdır:

“Biz müharibədən çıxmış xalqıq. Ağır itkilər vermişik. Ona görə də dünyada sülhün və əmin-amanlığın bərpa olunması uğrunda mübarizə aparırıq. Yaxın qonşumuz olan İrana qarşı müharibə çox təhlükəlidir. Müharibə alovu bölgəmizdə qaçqın axınına səbəb ola bilər”.

Bu arada İsrailin baş naziri Benyamin Netanyahu bildirib ki, ölkəsi İranın hücumuna “emosiya ilə deyil, müdrikliklə” cavab verəcək. “Biz İrana cavab verəcəyik, lakin biz ağılla hərəkət etməliyik, qərarların qəbulunda emosiyalar rol oynamamalıdır. Bizi stresə saldıqları kimi onları da stresə salmaq lazımdır”, – deyə İsrailin Kan radiosu Netanyahunun sözlərindən sitat gətirib.

İsrail Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Hertsi Halevi də bəyan edib ki, İrana müvafiq cavab veriləcək.

“Biz vəziyyəti diqqətlə dəyərləndiririk və hazırlığı ən yüksək səviyyədə saxlayırıq. İran öz hərəkətlərinin nəticələri ilə üzləşəcək. Biz müvafiq cavab seçəcəyik”, – deyə Halevi ingilis dilində xüsusi videomüraciətində bildirib.

İsrail mediası xəbər verir ki, hökumət cavab hücümu barədə Vaşinqtonu əvvəlcədən xəbərdar edəcək. Bu tələbin Ağ Ev tərəfindən irəli sürüldüyü vurğulanıb.

Xatirə SADİQ,

KONKRET.az

Seçilən
60
Mənbələr
Şərh ()
Bağla