AZ

III dünya müharibəsi ehtimalı...

Cənubi Qafqazın da döyüş arenasına çevrilməsi planları işə salınıb?

Yerləşdiyimiz geocoğrafi məkan yeni çağırış və təhdidlərlə qarşı-qarşıyadır. Halbuki Vətən müharibəsindən həmən sonra yaranan yeni siyasi mənzərə mühüm iqtisadi perspektivlər vəd edirdi. Hətta aktuallaşan bir sıra əməkdaşlıq formatları - “3+3”, “3+2” və nəhayət “2+2” kimi rəmzi şəkilləndirmə ilə xarakterizə olunan platformalar bütövlükdə, Qafqazda sülhün, sabitliyin qorunmasını şərtləndirən amilə çevrilmək imkanından xəbər verirdi. Çünki iqtisadi əməkdaşlıqlar regionun təhlükəsizliyinin, sülhün və sabitliyin daha yüksək səviyyədə təminatının qarantı kimi çıxış edən amildir. Azərbaycanın yaratdığı mənzərə isə regionun gələcəyinin yeni inkişaf strategiyası sayıla bilər - təbii ki, Cənubi Qafqaz ölkələri, eləcə də regiona yaxın dövlətlər bu yeni inkişaf strategiyasından bəhrələnmək üçün ümumi təhlükəsizlik konsepsiyasına töhfə verməli idilər.  Təəssüfləndirici haldır ki, prosesin axarı fərqli məcralara daşınır - faktiki olaraq üçüncü dünya müharibəsi start götürür. Bütün gərginliklər, qarşıdurmalar, hətta maraq savaşları belə məhz bizim coğrafiyada təşəkkül tapır. Bu isə nəticə etibarı ilə vəziyyəti daha da dramatikləşdirir.

Müharibə: həm şimalımızda, həm də cənubumuzda...

Artıq 3 ilə yaxındır ki, davam edən Rusiya - Ukrayna müharibəsinin geosiyasi mahiyyətinin bölgəyə mühüm təsirləri istisna edilə bilməz. Kollektiv Qərbin Rusiyaya qarşı fərqli cəbhələrdən təsir imkanlarının sərhədləri dayanmadan genişləndirilir - Ukraynaya hərbi dəstək, iqtisadi sanksiyalar, silah təminatı və bu kimi hallar isə gərginliyin uzadılmasına və ya davamlı şəkil almasına istəyin göstəricisi də sayıla bilər. Müxtəlif dövrlər üçün sülh imkanları yaransa da, daha çox Qərbin təsiri ilə bu baş tutmayıb. Bu kimi faktlar isə daha fərqli müstəvilər formalaşdırır: hansı ki, Ukrayna üzərindən oynanılan oyunun miqyası və təhlükəsi barədə səsləndirilən proqnozları özündə ehtiva edir.

İndiki halda isə Azərbaycanın şimal qonşusunun ardından cənub qonşusunda da yeni müharibə təhdidi boy göstərməkdədir. İranın İsrailə raket hücumunun nəticələri haqda bəlkə də danışmaq hələ tezdir - qarşıdakı dövrdə bu məsələnin hansı trayektoriya ilə inkişaf edəcəyi mütləq deyil. Verilən açıqlamalar isə onu göstərir ki, ehtimal edilən eskalasiyanın miqyası cənub istiqamətində də böyüyə bilər.

Beləliklə, həm şimalda, həm də cənubda yaranan bu gərgin vəziyyətin Cənubi Qafqazın həyatına transformasiya ehtimalı qaçılmazdır. Görünən odur ki, dünyanın bölünməsi və ayrıcı xətlərin cızılması prosesi davam edir. Aylardır ki, Ermənistan üzərindən bir sıra planlarını həyata keçirməyə çalışan güclər yaranan “münbit şəraitdən” istifadə edərək dünyanın əsas iqtisadi-ticari xəttlərindən birində qeyri-adekvat vəziyyət formalaşdıra bilər. Bunun üçün ehtimal da, “şərait” də, hətta “alət” də mövcuddur...

İkinci ssenari, yoxsa ikinci cəbhə...

Müşahidə edilən əsas fakt odur ki, hazırda Cənubi Qafqazın da döyüş arenasına çevrilməsi planları işə salınıb. Aylardır Qərbin Ermənistan üzərindən bölgəyə təmas cəhdlərinin arxasında dayanan “arzu və istəklər” də buradan qaynaqlanır. Bəzi siyasi mütəxəssislər Ermənistanın “yeni əlaltı” statusuna qaldırılmasını Qərbin bölgəni qeyri-dəqiq müddətə sabit inkişaf yoluna çıxarmağa imkan verməyən “keçid layihəsi” adlandırır. ABŞ-ın bu yolla Şərq-Qərb ticarətini bloklamağa, başqa sözlə, Mərkəzi Asiya - Cənubi Qafqaz xəttinə “zərər vurmaqla” bütövlükdə Avropanı özündən asılı vəziyyətə salmağa niyyətli olması önə çəkilir. Bununla belə, Ermənistanın yeni Ukraynaya çevrilməsi “perspektivi” də unudulmur ki, prosesin gedişi bu ehtimalın daha güclü olduğunu deməyə əsas verir. Aprelin 5-də keçirilən üçtərəfli görüşün əsas mahiyyəti də məhz bu idi - yeni dünya müharibəsi ərəfəsində bölgəyə təmas imkanları yaratmaq...

Regiondakı vəziyyət Ermənistanın əli ilə daha da qəlizləşdirilir - başqa sözlə, İrəvanın siyasi hakimiyyətinin əli ilə Qafqazda ikinci Ukrayna ssenarisi və yeni cəbhənin açılması məsələsi gündəmə gəlir. Yaradılan siyasi vəziyyət qlobal təhdiddən xəbər verir. Ermənistan revanşa hazırlaşdırılmaqla yanaşı, yaranma ehtimalı güclü olan “hərbi pakt”ın əsas hədəfləri müəyyənləşdirilir - bir müddət öncə yunanıstanlı nazirin dilə gətirdiyi “dördtərəfli müttəfiqlik” məsələsi artıq fərqli rakursdan özünü biruzə verir. Ermənistan anlamır ki, ondan istifadə etməyə çalışan güclərin əsas məqsədi öz maraqlarının təminatıdır - onlar bu yolda İrəvanın maraqlarının üzərindən xətt çəkirlər. Digər tərəfdən, Ermənistan bölgədə təhdid subyekti olmaqla bütün ətrafı ilə düşmən olma perspektivi formalaşdırır - bu isə, rəsmi İrəvanın gələcək iqtisadi imkanlarını daha da lokallaşdırmağa xidmət göstərəcək.

Kəşfiyyat missiyası...

Onsuz da Cənubi Qafqazda təhlükəsizliyin təmin edilməsində maraqlı olmayan güclər iki ilə yaxındır ki, “mülki missiya” adı altında Ermənistana özünün kəşfiyyat qrupunu yığmaqda davam edir. Heç bir siyasi-ictimai mahiyyət daşımayan, sadəcə olaraq regiona “nəzarət” üçün Ermənistana yerləşdirilən bu “müşahidə missiyası”nın əsl “fəaliyyət mexanizmləri” isə hər kəsə bəllidir. Bu qrup monitorinq missiyası mahiyyətindən daha çox Ermənistanı sülhdən uzaqlaşdırmaq üçün təzyiq vasitəsi kimi istifadə olunur. Bu missiyanın “əsl siması” isə artıq hər kəsə bəllidir. Onların daha çox kəşfiyyat xarakterli fəaliyyətlə məşğul olması sirr deyil. Bu missiyanın tez-tez avropalı generallar tərəfindən yoxlanılması, ciddi nəzarətdə saxlanılması onu göstərir ki, Qərb bu yolla bölgəyə əsgəri müdaxilə imkanlarını artırmaq niyyətindədir. Beləliklə, Ermənistandakı missiya ilə bağlı “pərdələr” qalxdıqca, proses inkişaf etdikcə əsl məqsəd və məramlar ortaya çıxır - bu missiyanın mülki deyil, hərbi kontingent funksiyasında çıxış etməsi daha real gözə çarpır. Vurğulanmalıdır ki, zaman-zaman missiyasının tərkibinin genişləndirilməsi ilə bağlı aparılan “danışıqlar” da konkret olaraq regionda sülhün formalaşdırılmasına mane olmaq istəyindən qaynaqlanır. Onsuz da missiyanın “hərbi jandermeriya” xarakteri daşıması sənədlərlə sübuta yetirilmişdi. 2020-ci ildən bu yana missiyaya başçılıq edən şəxslərin xüsusi xidmət keçmiş insanlar olması da bu qənaətləri daha da gücləndirir.

Bölgə eyni mövqeni paylaşır...

Azərbaycan məsələ ilə bağlı özünün qəti mövqeyini açıqlayıb - rəsmi şəkildə Fransanın irəlilətdiyi, Ermənistanın hərbiləşdirilməsinə yönəlmiş və daha böyük hərbi təchizatlara (öldürücü və hücum tipli silah növləri daxil olmaqla) dair yeni vədlərin də yer aldığı kampaniyanın davam etdirilməsini yolverilməz sayıb. Azərbaycan dəfələrlə beynəlxalq hüququn əsas norma və prinsipləri əsasında davamlı sülhə, sabitliyə və təhlükəsizliyə nail olmaq üçün unikal imkan yarandığını bəyan edib - belə bir zamanda, sülh səylərinə əks təsir göstərən və regionda yeni eskalasiya və gərginlik dalğalarına səbəb ola biləcək addımların atılması fərqli maraqlardan xəbər verir.

Eyni mövqe həm Rusiya, həm də Türkiyə tərəfindən ifadə olunub. Rəsmi Moskva digər dövlətlərin regional işlərdə iştirakının artmasının müsbət nəticə verməyəcəyini düşünür və bəyan edir. Rəsmi Ankara isə bu kimi cəhdlərin neytrallıq yanaşmasına zərbə vuracağını bildirib - Azərbaycanın iştirakını nəzərdə tutmayan təşəbbüslərin Cənubi Qafqazda sülhə xidmət etmək yerinə bölgənin geosiyasi münaqişələr meydanına çevrilməsinə yol açacağı düşüncəsini irəli sürür.

İranın “sükutu”...

Eyni hal İran üçün də aktualdır. Rəsmi Tehran indiyədək regiona kənar qüvvələrin gətirilməsi məsələsində ən çox “qırmızı xəttdən” danışan ölkə sayılırdı. Perspektivdə belə bir birliyin formalaşması ehtimalı belə İranın maraqlarını açıq şəkildə zərbə altına qoyur. Təsadüfi deyil ki, regiona yönəlik təhdidlərlə bağlı bir müddət öncə İran tərəfi öz narahatlığını dilə gətirmişdi. İranın müdafiə naziri Məhəmməd Rza Aştiani ilə erməni həmkarı Suren Papikyan arasındakı görüşdə Aştiani açıq şəkildə bildirmişdi ki, bölgəyə kənar dövlətlərin hərbi birləşmələrini cəlb etmək əks təsir göstərə bilər. M. R. Aştiani vurğulamışdı ki, regionu kənar dövlətlərin geosiyasi rəqabət meydanına çevirmək bölgənin bütün dövlətlərinin maraqlarına ziddir. Göründüyü kimi, İran özü də etiraf edir ki, Ermənistanın “əməkdaşlıq” pərdəsi altında ABŞ və ya Aİ-nin hərbi gücünü bölgəyə yerləşdirməsi Tehranın planlarına uyğun deyil. Perspektivdə həmin bölgəyə yerləşdirilən qüvvələrin məhz rəsmi Tehran üçün rəqiblərinin cızdığı yeni planlar olma ehtimalı da formalaşa bilər. Bu gün İrana qarşı aktiv sanksiyalar və embarqolar tətbiq edən Aİ, ABŞ, kollektiv Qərb onsuz da “mülki missiya” adı altında onun sərhədlərinin kənarında kəşfiyyat işləri aparır. Yeni dönəmdə Ermənistanın “hərbi pakt” üzərindən ABŞ və Aİ-ni leqal şəkildə öz sərhədləri daxilinə buraxması isə Tehrana qarşı hərbi planların aktiv fazaya qədəm qoymasını belə mümkün edə bilər. Amma təəssüf ki, İran yenə də səssizliyə üstünlük verir. Tehranın niyə etiraz etməməsi isə maraq doğurur...

Maraqlı olan isə, rəsmi Tehrandan da analoji mövqe sərgilənməsi əvəzinə, susqunluğun müşahidə edilməsidir. Rəsmi Tehran indiyədək regiona kənar qüvvələrin gətirilməsi məsələsində ən çox “qırmızı xəttdən” danışan ölkə sayılsa da, hələ də bu məsələni sükutla qarşılayır. Halbuki perspektivdə həmin bölgəyə yerləşdirilən qüvvələrin məhz rəsmi Tehran üçün rəqiblərinin cızdığı yeni planlar olma ehtimalı da ortadadır. Bu gün İrana qarşı aktiv sanksiyalar və embarqolar tətbiq edən Aİ, ABŞ, kollektiv Qərb onsuz da “mülki missiya” adı altında onun sərhədlərinin kənarında kəşfiyyat işləri aparır. Yeni dönəmdə Ermənistanın “hərbi pakt” üzərindən ABŞ və Aİ-ni leqal şəkildə öz sərhədləri daxilinə buraxması isə Tehrana qarşı hərbi planların aktiv fazaya qədəm qoymasını belə mümkün edə bilər.

P.SADAYOĞLU

Seçilən
36
Mənbələr
Şərh ()
Bağla