AZ

MÜTƏXƏSSİSDƏN XƏBƏRDARLIQ: "Avtomobillərimiz buna görə tez-tez xarab olur"

 
Yeni avtomobillərin qiyməti o qədər bahadır ki, alıcıların çoxu işlənmiş maşın almağa üstünlük verir. İşlənmiş avtomobillərin isə yaxşısını tapmaq biraz çətindir. İkinci əl avtomobil almaq istəyənləri ən çox narahat edən məsələ seçimdə aldanmamaqdır. Çünki, bazarda kifayət qədər aşmış, problemli, yürüşü çəkilmiş avtomobil "bezkraska", "ideal", "otur sür" adıyla alverçilər tərəfindən təqdim edilir. Bəs ikinci əl avtomobil alarkən nələrə diqqət etməliyik? Avtomobil ustası Vüqar İmanov Moderator.az vasitəsilə bəzi məqamlara toxunub.
 
“Avtomobildə ən önəmli amil onun ili və yürüşüdür. Yürüş burada böyük rol oynayır. Çünki mühərrikin çalışma saatı, sürətlər qutusu, ötürücü körpü və s. bunlar hamısı yürüşdən asılıdır. Təbii ki, ikinci əl avtomobildə hissələrinin rənglənməsi varsa deməli bu avtomobil qəza keçirib. Əsas fikir verirlər ki, avtomobil rəngi dəyişməmiş olsun. Avtomobilə hansı servisdə necə qulluq olunubsa, onun servis kitabçası olmalıdır. Baxımlı avtomobillərin servis kitabçası olur. Orada nə iş görülübsə qeyd yerində yazılır. Servis kitabçası avtomobilin içərisində olarsa, o yaxşı hesab olunur” deyə usta bildirib.
 
Usta Vüqar İmanov insanları dəyərindən ucuz avtomobilləri almamağa çağırıb.
 
“Bəzən hansısa avtomobilləri dəyərindən ucuz qiymətə alırlar. Hansı ki, istismar müddəti də bitib. Ucuz qiymətə auksiona çıxarırlar. Bəzən həvəskar sürücülər olur ki, belə avtomobilləri alır. Maşını ustaya gətirəndə əsas məsələ orada üzə çıxır. Əlimizi hansı detala vururuqsa, dərhal sıradan çıxır. Köhnə avtomobil alan sahibkar düşünməlidir ki, ona külli miqdarda pul xərcləməlidir. Məsəl üçün 6 minlik maşın almısansa, üstünə 6 min də qoymalısan ki, onu normal sürə biləsən. Bu cür maşın almaqdansa bahalı velosiped alıb sürmək ondan yaxşıdır” deyə usta bildirib.
 
 
Son günlər avtomobillərin dayandığı yerdə yandığını bildirən usta bunun səbəbini bəzi sürücülərin məsuliyyətsiz hərəkətlərində görür.
 
“Avtomobillərdə adətən alışma əlavə avadanlıqların quraşdırılmasına görə baş verir. Əlavə avadanlıqlar deyəndə işıq sistemində güclü lampaları nəzərdə tuturuq. Hesablanmamış lampalar qoyulanda məftillərin müqaviməti dəyişir, isinmə gedir və alışma baş verir. Xaricetmə sistemində, yəni avtomobilin səsboğuzucusuna müdaxilə olunduqda yanğın olur. Avtomobilin yanacaq sistemində nasazlıq, hansısa sızıntı olduğu halda da avtomobildə yanğın baş verə bilər” deyə usta bildirib.
Seçilən
18
Mənbələr
Şərh ()
Bağla