AZ

Qobudakı qəzalı hamamla bağlı rəsmi açıqlama: “Biz də maraqlıyıq...”

 
Qobu kəndindəki hamamın qəzalı vəziyyətdə olması ilə bağlı material yayımlamışdıq. İşıqlandırdığımız mövzuya rəsmi qurumlardan da reaksiya gəlib. Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətbuat katibi Fariz Hüseynli bildirib ki, hamam bərpa olunması üçün investisiya planına salınıb.
 
 
“Qobu qəsəbəsində yerləşən hamam yerli əhəmiyyətli tarix-memarlıq abidəsi kimi dövlət qeydiyyatındadır. XIX əsrdə inşa olunmuş hamam uzun illər qəsəbə sakinlərinin istifadəsində olub. Hazırda Dövlət Xidməti tərəfindən həmin hamamın bərpa olunaraq yenidən istifadə olunması istiqamətində tədbirlərin görülməsi nəzərdə tutulur. Bu məqsədlə tarixi hamam bərpa olunması üçün investisiya planına salınıb. Eyni zamanda qeyd edək ki, ölkə ərazisində bu tip tarixi abidələr çoxluq təşkil edir. Dövlət Xidməti olaraq belə tarixi tikililərin qanunvericilik çərçivəsində sahibkarlar tərəfindən bərpa edilərək istifadə edilməsində maraqlıyıq” deyə qurum rəsmisi bildirib.
Qeyd edək ki, Nuru Paşanın da çimdiyi Qobu hamamı 19-cu əsrdə, təxminən 1882-ci ildə kəndin xeyriyyəçisi Mirzə Abdulla tərəfindən inşa edilib. Bəzi mənbələrdə isə hamamın kənd sakini Hacı Kazım ağanın şəxsi vəsaiti hesabına tikildiyi deyilir.
 
Seçilən
74
Mənbələr
Şərh ()
Bağla