AZ

Milli Şuranın mitinq avantürası, Əli Kərimlinin aprel tezisləri

AXCP-nin özünü “Milli Şura” adlandıran süni peyki aprelin 21-ə mitinq təyin edib. Əlbəttə, sərbəst toplaşmaq, aksiya keçirmək, etiraz etmək bir haqdır və bu baxımdan demokratik təcrübəyə malik toplumumuz üçün Milli Şuranın bu niyyəti sıradan xəbərdir. Hər bir aksiyanın keçirilməsi üçün təşkilatçılar müvafiq dövlət qurumlarını məlumatlandırmalıdırlar.Dövlət qurumları da mitinq üçün tələb olunan yeri, zamanı, digər vətəndaşların təməl haqlarına təsirini, eləcə də təhlükəsizliklə bağlı bir sıra nüansları nəzərə alıb tədbirlə bağlı qərar verirlər. Bakı şəhər icra hakimiyyəti hansı qərar verəcək? Bilmirəm. Ancaq onu bilirəm ki, bu təşəbbüs ictimai maraqlar baxımından son dərəcə faydasızdır.

Əvvəla ona görə ki, aksiyanın təşkilatçısı AXCP siyasi partiya kimi dövlət reyestrinə düşmək üçün gərəkən üzv sayını qıl payı keçib. Bu da Azərbaycandakı tarixi hərəkatın hüquqi varisi olan bir təşkilat üçün böyük krizis deməkdir. Bəli, AXCP istər ideoloji, istər təşkilati, istərsə də müxalifət missiyasını yerinə yetirmək baxımından dərin böhran yaşayır. Mərhum Əbülfəz Elçibəyin hələ həyatda olduğu dövrdə başlamış bu böhranı Əli Kərimlinin sədrliyi ilə aşması mümkün deyil. Çünki böhranın yaranmasının və AXCP-nin piltim-piltim əriməsinin arxasında elə Kərimlinin milli siyasət istehsal edə bilməməsi dayanır.

İkincisi, indi elə bir zamandır ki, BMT Təhlükəsizlik Şurasının toplantılarını insanlar öz mobil cihazları ilə anbaan bir neçə dildə izləyə bilirlər. Odur ki, Azərbaycan insanını kütləvi həyəcana gətirən siqnallar olmadıqca, meydan görüşləri üç-beş macəraçının qışqırıb-bağırmaq ehtiyacından ötədə heç bir sosial-siyasi tələbatı qarşılamır. Əli Kərimlinin göstərdiyi örnəklərə uyğun desək, doğrudur, qardaş Türkiyədə seçki kampaniyalarında izdihamlı açıq hava toplantıları keçirilir. Ancaq elə Türkiyədəki son seçkilərdə də üst-üstə 100 adamın səsini ala bilməyən nə qədər namizəd vardı. Məgər onların görüşünə gələn vardı? Üstə-üstə 100 adamın səsini ala bilmənlərlə siyasət meydanına girərsənsə, o meydanda özün deyib, özün eşidərsən.

Üçüncüsü,yaxın tarixdə baş tutan mitinqlər ictimai hafizədən silinməyib. Bu mitinqlərin əsas şüarı “Azadlıq”, “Qarabağ”, “İstefa” olub. Tarix sübut etdi ki, meydanda səslənən bu şüarlar SSRİ-nin dağılmasının labüdlüyü fonunda dövlət müstəqilliyimizin möhkəmlənməsinə, ərazi bütövlüyümüzün qorunmasına, dayanıqlı siyasi sistem quruculuğuna ağır zərbələr vurub, nəinki fayda verib. Biz məhz o zaman dövlət müstəqilliyimizi qoruya və gücləndirə, torpaqlarımızı işğaldan azad edə, sabit və dayanıqlı cəmiyyət kimi tərəqqi prosesinə qoşula bildik ki, dövlət kütlənin emosiyaları ilə deyil, ağıl, bilik və təcrübə ilə idarə olundu. Odur ki, yenidən “meydan üçün kütlə” formalaşdırmaq cəhdləri və küçənin siyasi proseslərin mərkəzinə çəkilməsi istənilən halda milli istiqlalımıza, ərazi bütövlüyümüzə və tərəqqimizə qarşıdır. İctimai düşüncə bütün bunların fərqində olduğundan dünyanın yenidən bölüşdürülməsi kimi nəhəng prosesə dövlətimizin avantürist qrupların meydan sulaması, daha dəqiqi, meydanları zibilləməsi ilə qatılmasına izn verəcək deyil.

Bəs, belə olan təqdirdə, Milli Şura liderləri nədən “mitinq” adı altında yeni siyasi avantüraya start vermək qərarına gəlib?

Bu, heç şübhəsiz, birdən çox səbəblərə bağlıdır.

İstər İkinci Qarabağ savaşından öncə, istərsə də sonra Azərbaycanın dövlət ağlının erməni problemi yox, iç qarşıdurmalarla məşğul olmasını istəyən geopolitik mərkəzlər var. Ermənistanın xirtdəyini prezident İlham Əliyevin əlindən almaq üçün Azərbaycanı daxili siyasi məsələlərlə məşğul etmək Nikol Paşinyanın “Brüssel görüşləri”ndən sonra bu cür mərkəzlərin tətbiqindən çəkinməyəcəyi bilinən texnologiyadır.

Məsələnin başqa bir boyutu ondan ibarətdir ki, Azərbaycanın hüquq-mühafizə orqanları Qərb donorlarlarının pullarını ölkəyə qaçaq yolla keçirən şəbəkənin önəmli fiqurlarını ifşa edib. İndi həmin beynəlxalq təşkilatların və şəbəkənin həvarilərinin istintaq altında olanlara “sizi müdafiə edirik” mesajı vermələri lazım. Üstəlik, cılız oyunların içində daha cılız oyunlar qurmaq Milli Şuranın tamahkar və intriqant rəhbərliyinin köhnə vərdişidir. Şantajda, saxta sənəd və pul dövriyyəsində, qaçaq valyuta daşınmasında təqsirləndirilənlər “dar gün üçün” vəsait daldalamamış deyillər. Çox güman, mitinqin maliyyə təminatında pullu məhbusların çöldəki xəzinədarları da “pambıq əllər”ini cibə atıblar.

Qarşıdan parlament seçkiləri gəlir. Ümumi proqnoz belədir ki, Milli Məclisə seçkilər yayda keçirilə bilər. AXCP-nin bu seçkilərdə irəli sürə biləcəyi namizədlərin mütləq əksəriyyətinin rəqabət potensialı yoxdur. Partiyanın Rəyasət Heyətinin əksər üzvləri konkret dairələr üzrə namizəd kimi qeydə alınmaq üçün gərəkən imzaları toplamağa belə qadir deyil. Odur ki, AXCP gözlənilən seçkilərdə üç nəfərin- Əli Kərimlinin, Cəmil Həsənlinin və Gültəkin Hacıbəylinin mandat əldə etməsi üçün çalışacaq. Bu isimlərin hər üçü vaxtilə siyasi iqtidarla mandat sövdələşməsi aparıb, ancaq yumşaq desək, həddən artıq sövdəgər olduqları üçün parlamentdən kənara itələniblər. İndi Əli Kərimli də, Cəmil Həsənli də, Gültəkin Hacıbəyli də çox yaxşı başa düşür ki, virtual aləmdəki botlar real seçki yarışında səsə çevrilən deyil. Üstəlik, hakim partiyanın sıralarında və rəsmi siyasi mənsubiyyəti olmayanlar arasında prezident İlham Əliyevin minlərlə tərəfdarı var ki, ən ideal seçkidə hər üçünü qutunun dibində saxlayarlar. Odur ki, 21 aprel mitinqini yeni seçkilər ərəfəsində Milli Şura rəhbərliyinin iqtidara “təzə məzənnə” təklif etməsi kimi də qiymətləndirmək olar.

Seçilən
36
Mənbələr
Şərh ()
Bağla