AZ

Rusiyanın neft emalı zavodlarının PUA zərbələrinə məruz qalması neftin qiymətinə təsir edəcək

Rusiyanın

Bakı, 16 aprel, Rabil Kətanov, AZƏRTAC

Artıq 5 ayadır ki, Ukrayna pilotsuz uçan aparatlarla (PUA) Rusiyanın neft emalı zavodlarını (NEZ) bombalayaraq iqtisadiyyatına hiss olunacaq dərəcədə ziyan vurur.

AZƏRTAC “The Washington Post” qəzetinə istinadla xəbər verir ki, ABŞ-ın vitse-prezidenti Kamala Haris Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefon söhbətində deyib: “Rusiyanın neft emalı zavodlarına vurulan zərbələr yaxın günlərdə dünya bazarında neftin qiymətinin yüksəlməsinə səbəb olacaq ki, bu da seçkilər ilində Prezident Cozef Baydenin maraqlarına uyğun deyil”.

Bildiyimiz kimi cari ilin noyabrında ABŞ-da prezident seçkiləri keçiriləcək və hazırkı Prezident C. Bayden ikinci müddətə prezident seçilmək istəyir. Seçkilər ərəfəsində dünya bazarında o cümlədən ABŞ-da yanacağın qiymətinin artması C. Baydenə böyük problem yaradır.

“Reuters” agentliyinin məlumatına əsasən Rusiyanın Samara, Sızran, Ryazan, Kuybışev, Volqoqrad şəhərlərindəki və Tatarıstandakı NEZ-na endirilən zərbələr nəticəsində neft emalı 14 faiz azalıb ki, bu da Rusiyanın özündə benzinin qiymətinin artmasına səbəb olub. Rusiyanın 7 böyük NEZ-nə əsaslı zərər vurulub və neft emalı 123 min 800 tondan 90 min 500 tona düşüb.

Rusiya Statistika İdarəsinin məlumatına görə, Ukrayna PUA-larının zərbələri 10,1 faiz benzin, 4 faiz dizel yanacağının azalmasına səbəb olub.

Lakin Beynəlxalq Enerji Agentliyi Rusiyanın benzin və dizel yanacağı istehsalının göstərilən rəqəmlərdən 2 dəfə artıq azaldığını bildirib və qeyd edib ki, bu, dünya bazarında neft məhsullarının qiymətinə təsir göstərəcək. Agentliyin hesablamasına görə qadağalara baxmayaraq Rusiyanın dünya bazarına ixrac etdiyi neftin həcmi 20 faiz (2 milyard dollar) azalıb.

ABŞ Dövlət katibi Antoni Blinkenin də xəbərdarlığına baxmayaraq Ukrayna imkanı daxılındə PUA-larla Rusiyanın neft emalı zavodlarına zərbələr endirməyə davam edəcək. ABŞ Konqresi də hələ ki, Ukraynaya 60 milyard dollar həcmində hərbi yardımın verilməsini təsdiqləmir.

Hələlik dünya bazarında “Brent” markalı neftin qiyməti təxminən 90 dollar, WTI və “Urals” markalı neftin qiyməti 85 dollar ətrafındadır. Az olmasına baxmayaraq dünya bazarında neftin qiymətində artım müşahidə edilir.

 

Seçilən
88
1
Mənbələr
Şərh ()
Bağla