AZ

Kəndlərimiz geri qaytarılmalıdır!

Cənubi Qafqaz regionunda sülh və təhlükəsizliyin təmin olunması, o cümlədən Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması məsələsi beynəlxalq birliyin diqqət mərkəzindədir. Xüsusilə, Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin imzalanması məsələsi bölgənin strateji gündəliyinin və siyasi gündəminin aktual mövzusudur. Yeni mərhələdə bölgədə sabitlik və əməkdaşlıq mühitinin formalaşması, qarşıdurma və təhdidlərin istisna olunması üçün sülh müqaviləsinin imzalanması vacibdir.

44 günlük Vətən müharibəsində parlaq qələbə qazanan Azərbaycan  Cənubi Qafqaz regionunda yeni reallıqlar yaratmış oldu. Müharibədə Ermənistanı ağır məğlubiyyətə uğratmasına baxmayaraq, Azərbaycan dövləti bölgənin gələcəyi naminə qarşı tərəfə beynəlxalq hüquq normalarına əsaslanan sülh sazişini imzalamağı təklif edib.

Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesinin hazırkı mərhələsində erməni işğalı altında olan  kəndlərimizin geri qaytarılması ilə bağlı müzakirələr intensivləşib. Qeyd edək ki, bu kəndlərin yeddisi Qazax rayonuna daxildir. Həmin kəndlər Yuxarı Əskipara, Aşağı Əskipara, Bərxudarlı, Sofulu, Bağanis Ayrım, Qızılhacılı və Xeyrimli kəndləridir. Həmin kəndlərdən Yuxarı Əskipara, Bərxudarlı və Sofulu Ermənistan ərazisində anklavdır. İşğal altında qalan Kərki kəndi isə Naxçıvan Muxtar Respublikasının Sədərək rayonununa daxildir. Bu kənd də Ermənistanın ərazisi ilə əhatə olunan anklavdır.

Hazırda Qazaxın anklav olmayan dörd kəndinin Azərbaycana qaytarılması gündəmdədir. Söhbət Baqanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılağaclı kəndlərindən gedir. Bir neçə gün öncə Tavuş bölgəsinə səfər edən Ermənistanın baş naziri Nikol Paşinyan da yerli əhali ilə görüşüb, reallıqlar haqqında onları məlumatlandırıb. Paşinyan əhalini anlatmağa çalışıb ki, bu kəndlər Ermənistanın ərazisi deyil, Azərbaycana məxsusdur. Əgər kəndlər Azərbaycana qaytarılmasa, müharibə başlaya bilər. Paşinyan həmçinin hakim “Mülki Müqavilə” partiyasının parlament fraksiyasının üzvləri ilə görüşdə də sözügedən kəndlərin qaytarılmasını müzakirə edib.

“Mülki Müqavilə” partiyasının deputatı Lilit Minasyan isə erməni mediasının suallarını cavablandırarkən bildirib ki, sərhəd delimitasiyası komissiyaları artıq sənədlərin mübadiləsinə başlayıb. Erməni mediası yazır ki, Yerevanın problemi həll etmək üçün çox vaxtı yoxdur, dolayısı ilə prosesə məhz Bakı rəhbərlik edir, kəndlərin dərhal təslim edilməsini tələb edir. Belə olan halda Ermənistan regionda qaz və nəqliyyat infrastrukturuna nəzarəti itirəcək.

“Bu kəndlər Azərbaycanındır, adamın beyninə batması üçün neçə dəfə demək lazımdır? Bura Azərbaycan ərazisidir. Deyirlər, Paşinyan Tavuş kəndlərini təslim edir. Amma bura Tavuş kəndi deyil”. Bu fikirləri isə hakim partiyadan olan digər deputat Qaqik Melkonyan Qazax rayonunun 4 kəndinin Azərbaycana qaytarılmasını şərh edərkən deyib. “Sovet dövründə Qarabağ da Azərbaycan ərazisində yerləşirdi. Biz güclü idik və Qarabağı aldıq. Ancaq indi biz məğlub olmuşuq. Qarabağdan niyə qaçdınız? Ona görə ki, onu saxlamağa gücümüz çatmadı. Biz uzun illərdir ki, resurslarımızı israf etmişik. 26 ildir ki, Azərbaycan silahlanırdı, biz bayram edib, sağlığımıza içirdik. İndi də İrəvandan Voskepara, (Əskipara - red.) bu kəndlilərə deyirsiz ki, əl çəkməsinlər. Lakin orada döyüş başlayanda İrəvandan ora heç kim gəlməyəcək. Ona görə də Voskeparda hər bir kənd sakini bilməlidir ki, dövlət var, ordu var, dövlət maraqları var və dövlət sərhədi olmalıdır ki, heç bir tərəf onu pozmasın”, - deyə deputat bildirib.

Ermənistan parlamentinin spikeri Alen Simonyan isə Ermənistan İctimai Televiziyasının efirində sərhədlərin delimitasiyası və demarkasiyası xəritəsini nümayiş etdirib. İrəvanın nəzarətində olan və yaxın vaxtlarda Azərbaycana qaytarılacaq 4 kəndin yeri də göstərilib. Simonyanın təqdim etdiyi xəritədə həmin yerlər qırmızı ilə vurğulanıb. Ermənistan televiziyasında qırmızı rəngdə işarələnən kəndlərin Azərbaycana təhvil veriləcəyi bildirilib.

Lakin Ermənistan müxalifəti dörd kəndin Azərbaycana qaytarılmasına etiraz edir, əhalini hökumətə qarşı aksiyalara çağırır. Erməni mediasının yazdığına görə, bugünlərdə keçmiş müdafiə naziri, parlamentdə müxalif “Ermənistan” fraksiyasının rəhbəri Seyran Ohanyan Qazaxın işğal altında olan kəndlərinə gedib. Ohanyanla birlikdə “Ermənistan” fraksiyasının digər deputatları da Azərbaycan kəndlərində olub. Bağanis Ayrım və Əskipara kəndlərində məskunlaşan ermənilərlə görüşən Ohanyan onları müqavimət göstərməyə çağırıb. Bildirib ki, Ermənistan hakimiyyəti 4 kəndi Azərbaycana qaytarmaq istəsə də, müqavimət göstərməklə bunun qarşısını ala bilərlər. Ohanyan daha əvvəl bu kəndlərdə yerləşən erməni ordusunun birləşmələrini hakimiyyətə qarşı mübarizəyə və Azərbaycanla müharibə aparmağa çağırmışdı. Azərbaycan kəndlərinə gələn Ohanyanın buradakı hərbçilərlə görüşdüyü, kəndlər qaytarıldığı zaman onları müqavimət göstərməyə sövq etdiyi istisna edilmir.

Ermənistan müxalifəti hesab edir ki, əgər sözügedən kəndlər qaytarılarsa, sonra Azərbaycan anklav kəndləri də tələb edəcək. Erməni tərəfinin bu narahtlığından asılı olmayaraq, Azərbaycanın mövqeyi bundan ibarətdir ki, işğal altında qalan kəndlərimizin hamısı geri qaytarılmalıdır. Anklav kəndlərə gəlincə, Azərbaycan Prezidenti İlham Əliyev dövlətimizin bu barədə mövqeyini açıqlayıb. Dövlətimizin başçısı yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində bildirib: “Bizim mövqeyimiz çox ədalətli və məntiqlidir. Ya siyasi metodologiya əsas götürülməlidir, ya xronologiya götürülməlidir, ya da biz bütövlükdə heç bir xəritə əsasında işimizi qurmamalıyıq. Komissiya yaradılıb. Komissiyanın işini fəallaşdırmaq üçün ekspert qrupları yaradılmalıdır. Getsinlər qarış-qarış o yerləri gəzib o sərhədi müəyyən etsinlər. Çünki bu gün bizim sərhədimiz şərti xarakter daşıyır. O ki qaldı işğal altında olan

kəndlərə, hesab edirəm ki, bizim təklifimiz də çox məntiqlidir. Bildiyiniz kimi, orada anklav və qeyri-anklav kəndlər var. O kəndlər ki, anklav kəndlər deyil, həmin dörd kənd Azərbaycana qeyd-şərtsiz qaytarılmalıdır. O kəndlər ki, anklav kəndlərdir, - çünki Ermənistanın bir anklav kəndi Azərbaycan ərazisindədir, - həmin kəndlərlə əlaqədar ayrıca bir ekspert qrupu yaradılmalıdır və o, müzakirə edilməlidir. Biz hesab edirik ki, bütün anklavlar qaytarılmalıdır. Bu anklavlara gedən yollarda şərait olmalıdır və bu anklavlara orada yaşayan insanlar yerləşdirilməlidir. Yəni, bizim mövqeyimiz bundan ibarətdir”.

Məsələ ilə bağlı qəzetimizə açıqlama verən politoloq Ramiz Alıyev bildirib ki, Azərbaycan qalib dövlət olaraq şərtləri diqtə edən tərəfdir. Amma qalib olsaq da, qarşı tərəfə ərazi iddiaları ilə çıxış etmirik. Dövlətimizin mövqeyi ədalətlidir. Onun sözlərinə görə, rəsmi Bakı Azərbaycana məxsus kəndləri tələb edir və bu da beynəlxalq hüquqa tamamilə uyğundur: “Biz müharibə tərəfdarı deyilik. Ona görə də, sərhədlərin delimitasiyası və demarkasiyası danışıqlar yolu ilə həll olunmalıdır. Prezident İlham Əliyev məsələ ilə bağlı aydın mövqe ortaya qoyub. Sərhədlərin delimitasiyası üzrə komissiya yəqin ki, bu istiqamətdə işlər aparır”.

Politoloq qeyd edib ki, bu məsələdə Ermənistan konstruktiv mövqe nümayiş etdirməlidir. Çünki prosesin müxtəlif bəhanələrlə uzadılması və təxribatlar rəsmi İrəvana heç bir fayda verməyəcək. “Azərbaycan dəfələrlə sübut edib ki, haqlı mövqeyimiz gec-tez reallaşır. Bu baxımdan, inanırıq ki, bu məsələ də beynəlxalq hüquq və tarixi ədalət əsasında öz həllini tapacaq”, -deyə R.Alıyev vurğulayıb.

Nardar BAYRAMLI

Seçilən
46
Mənbələr
Şərh ()
Bağla