AZ

Sosial şəbəkələr uşaqlar üçün ciddi təhlükə mənbəyidir – Necə qorumalıyıq?

İnternet və sosial şəbəkələr müasir dövrdə həyatımızın ayrılmaz bir parçasına çevirilib. Artıq internet platformalarından nəinki ünsiyyət və əyləncə üçün, eyni zamanda iş, alış-veriş hətta qazanc məqsədi ilə də istifadə etmək mümkündür. 

Ölkəmizdə populyar olan “Tik-tok”, “İnstagram” kimi sosial şəbəkə platformalarını hər gün milyonlarla vətəndaş ziyarət edir. Hansısa qayda və ya məhdudiyyətin olmadığı bu cür şəbəkələrdə istənilən kontekstdə videolar və fotolar dərc etmək bir neçə saniyəlik prosesdir. 

Lakin sosial şəbəkələrin müsbət tərəfləri ilə yanaşı, olduqca ciddi problemlər yarada bilən mənfi yanları da az deyil. Xüsusən uşaqların psixoloji olaraq həssas dövrləri sayılan yaşlarda belə platformalardan istifadə etməsi qətiyyən tövsiyyə edilmir. Düzdü, bununla müxtəlif platformalarda yaş məhdudiyyəti tətbiq olunsa da, hələ də bir çox sosial şəbəkələrdə açıq şəkildə həssas və qeyri-etik məzmunlu paylaşımların yayımlanması özünü göstərir. 

Bəs görəsən uşaqları sosial şəbəkələrdə olan təhlükələrdən necə qorumaq olar? Mövzu ilə bağlı Yenisabah.az-a danışan psixoloq-pedaqoq Zeynəb Əyyubova bildirib ki, uşaqlarda sosial şəbəkələrin istifadəsinin geniş yayılması daha çox pandemiya dövrü ilə bağlıdır.

“Bəzi sosial şəbəkələrdə qeydiyyatdan keçmək tələb olunmur və hətta qeydiyyatsız belə məzmunlara baxmaq olur. Bunun uşaqlara müxtəlif mənfi təsirləri var. Əlində telefon olan hər bir uşaq başda “Tik-Tok” olmaqla, bu sosial şəbəkələrdən istifadə edir. 

Məsələnin əvvəlinə qayıtsaq, pandemiya dövründə distant təhsillə bağlı valideynlər uşaqlarına telefon almalı oldular. Çünki dərslər onlayn formada keçirildi. Lakin daha sonra uşaqlarına telefon alan valideynlərin 70 faizi bu telefonları uşaqlardan geri ala bilmədi. Təəssüflər olsun ki, mənə görə hazırda Azərbaycanın ən aktual problemlərindən biri məktəb dərslərinin “Whatsapp” qruplarında atılmasıdır. Hər gün müəllimlər dərsləri sadəcə “Whatsapp” vasitəsi ilə qruplara atırlar. 

Uşaqlarda telefonların olması isə belə desək, uşaqları sosial şəbəkədə gəzdirir. Mənfi təsirlərindən biri də odur ki, uşaqların vaxtından tez böyüməsidir. 7-8 yaşındakı bir qız uşağı ilə danışanda 13-14 yaşındakı olqun qız kimi cavab verir. Bəziləri bunun yaxşı hal olmasını düşünsə də, amma uşaqlığını yaşamamış uşaq kimi təhlükəli varlıq yoxdur. Hər bir uşaq öz uşaqlıq dövrünü yaşamalıdır. Bu gün bizim cəmiyyətin problemi uşaqların uşaqlığını yaşamadan yeniyetməliyə keçməkdir. 

Bildiyim qədəri ilə indi müəyyən proqramlar var ki, valideynlər bu cür proqramlarla öz telefonlarından uşaqlarının telefonlarını idarə edə bilir. Sosial şəbəkələrə girişi məhdudlaşdırır və ya tamamilə qadağan edir. Heç olmasa valideynlər bu proqramlardan istifadə edərək uşaqların sosial şəbəkələrdəki vaxtlarını minimuma çatdırsınlar”.

Psixoloq bu mövzuda sosial layihələrin keçirilməsinin vacib olduğunu diqqətə çatdırıb. O, qeyd edib ki, bunun üçün ən effektiv üsul tanınmış simaların dəstəyinə böyük ehtiyac var.

“Bu sahədə tərbiyəvi söhbətlərin, seminarların təşkili çox gözəl olar. Amma təəssüf ki, biz psixoloqların, pedaqoqların kütlə olaraq müraciət arealımız çox azdır. Bu gün Azərbaycanda hansısa bloger, hansısa ziyalıdan daha çox tanınır və daha çox insan kütləsinə nüfuz edə bilir. Ona görə də biz bu cür şəxslərdən istifadə edərək hər hansısa təbliğatı apara bilərik. Bu istiqamətdə sosial şəbəkələrdə çox izlənən insanların, fenomenlərin dəstəyi olsa, çox yaxşı olardı. Tutaq ki, mən bu mövzuda bir video çəkib paylaşdım. Bunu maksimum 1000 nəfər görəcək. Amma kütləyə çatmaq üçün kütləvi dəstək lazımdır. Təbliğatları, seminarları sosial layihə kimi təşkil etməliyik”.

Psixoloq Aysu Əliyeva yetkinlik yaşına çatmayan uşaqların sosial şəbəkələrdən istifadəsinə məhdudiyyət qoyulmalı olduğunu qeyd edib.

“Son illərdə həyatımızda internetin müsbət təsiri ilə yanaşı zərəri də  danılmazdır.

Yetkinlik yaşına çatmayan şəxslərin sosial şəbəkələrdən istifadəsinə məhdudiyyət qoyulmalı və nəzarət gücləndirilməlidir. Xüsusilə azyaşlı və yeniyetməlik dövrü üçün risk faktoru yüksəkdir. Sosial şəbəkələrdən lüzumsuz istifadə vaxt itkisi, diqqət dağınıqlığı , aqressiya, fiziki və zehni yorğunluq ,gözdə yorğunluq hissi yaradır. Xüsusilə yeniyetmələrdə daxilə qapanma , utancaqlıq , sosiallaşa bilməmək, real həyatda yox sadəcə virtual aləmdə dostlar qazanmaq kimi hallar görülür. "Tik Tok"  və digər sosial şəbəkələr yetkinlik yaşına çatmayan şəxslərin istifadəsinə qapalı olmalıdır”. 

Aysu Əliyeva valideynlərin internetin müsbət və mənfi tərəfləri ilə bağlı uşaqlarını məlumatlandırmalı olduğunu deyib.

“Fəqət gündəmimizə nəzər salsaq, valideyn nəzarətsizliyi və digər səbəblərdən övladlarımızda internet, telefona hədsiz meyil yaradır. Patoloji halda internet və telefon asılılığına qədər gətirib çıxarır. Və digər bir aspektdən məsələyə yanaşsaq , sosial şəbəkələrdə istifadə olunan qeyri- etik ifadə və paylaşımlar uşaq tərbiyəsinə ciddi təsir göstərir. İlkin olaraq maraq göstərir, gündəlik həyatda eynisini təqlid edir və belə şəxslərin daha çox izlənildiyini görür. Bu tipli paylaşımlar, videolar çəkməyə, paylaşmağa başlayırlar. Yetkinlik yaşına çatmayan övladlarımızın populyar olmaq cəhdi, diqqət mərkəzində olmaq arzusu gerçəkləşir. Valideynləri diqqətli və sayıq olmağa çağırıram. Belə halların qarşısı alınması üçün övladları üzərində diqqət və nəzarəti gücləndirməlidirlər. Telefon istifadəsinə məhdud zamanla icazə verilməlidir. İnternetin müsbət və mənfi yönlərinə valideynlər uşağın yaş və inkişafına uyğun açıqlıq gətirməlidirlər”.

Nazim Hacıyev

Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti üzrə hazırlanmışdır.


Telegram kanalımız
Seçilən
184
21
Mənbələr
Şərh ()
Bağla