AZ

Ermənistan KTMT-də fəaliyyətini de-yure dondurdu...

Image

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında Ermənistanın fəaliyyətini dayandırması həm bu ölkənin özündə, həm də Rusiyada getdikcə daha sərt tənqidlə qarşılanır. Amma buna baxmayaraq, Ermənistan hakimiyyəti təşkilatla münasibətdə getdikcə daha sərt mövqe sərgiləyir. 

Hətta fikirlər də yayılır ki, Qərb Ermənistan vasitəsilə sözügedən qurumu parçalamaq, sonda dağıtmaq istəyir. 

Yuxarıda qeyd edilənlər təbii olaraq Rusiyanın kəskin hiddətinə səbəb olur. Elə bu fonda Rusiya xarici işlər naziri Sergey Lavrov Ermənistan baş naziri Nikol Paşinyanı yenidən ikitərəfli münasibətlərin pozulmasında ittiham edib. “İzvestiya” qəzetinə müsahibəsində o deyib: “Müxtəlif görüşlər üçün İrəvana gedəndə baş nazir Nikol Paşinyanla da danışmışam. Mənə elə gəlirdi ki, o, Rusiya ilə müttəfiqlik münasibətlərinin davam etdirilməsinin, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) və Avrasiya İqtisadi İttifaqı (Aİİ) çərçivəsində qarşılıqlı fəaliyyətin Ermənistana nə fayda gətirəcəyini hələ də başa düşür. Amma indi həm Ermənistanın Təhlükəsizlik Şurasında, həm də parlamentdə Ermənistan rəsmiləri birbaşa deyirlər ki, bizə Avropa İttifaqına daha çox bel bağlamaq lazımdır. Onların sözlərinə görə, KTMT guya respublika qarşısında öz öhdəliklərini yerinə yetirmir. KTMT missiyasının mandatı 2021-ci ildə tam razılaşdırılmışdı, lakin səhər Paşinyan konsensusun olmadığını bildirdi. Gecəyə qədər oturduq, hər şeyi təsdiqlədik, səhər prezidentlər, baş nazirlər görüşəndə isə məlum oldu ki, qərarla bağlı razılıq yoxdur. Bir neçə gün sonra Paşinyan Avropa İttifaqının (Aİ) sülhməramlı missiyasını Ermənistana dəvət etdi. Rəsmi İrəvan Azərbaycana bunun cəmi 2 ay çəkəcəyini vəd etmişdi. 2 aydan sonra isə Aİ bu missiyanı ikiqat artırdı. İndi Kanada, Norveç və ABŞ-dən olan hərbi personal ora göndərilir və bu missiya Şimali Atlantika Alyansının missiyasına çevrilir”. Onu da qeyd edək ki, hələ bir ay əvvəl Paşinyan bildirmişdi ki, Ermənistan KTMT üzvlüyünü de-yure də dondura bilər: “Biz sual verdik ki, Ermənistan Respublikasında KTMT-nin məsuliyyət sahəsi nədir. Amma  bugünə qədər cavab almamışıq. Öhdəliklərini yerinə yetirmək əvəzinə, KTMT Ermənistan üçün təhlükəsizlik problemləri yaradır. İndi biz faktiki olaraq üzvlüyü dondurmuşuq və bu proses davam edərsə, onu de-yure də dondurmalı olacağıq, başqa nə edə bilərik?”. Ermənistan parlamentinin spikeri Alen Simonyan isə qeyd edir ki, üzvlük artıq de-yure də dondurulub: “Ermənistan KTMT-dəki  iştirakını bu qurumun mövcud olub-olmadığını, fəaliyyət göstərdiyini və ya regionu tərk edib-etmədiyini anlayana qədər dondurub”. Simonyan onu da bildirib ki, Ermənistanın hərəkətləri ölkənin suverenliyini qorumağa yönəlib. Xatırladaq ki, KTMT-nin baş katibi İmanqali Tasmaqambetov da bildirib ki, Ermənistan son vaxtlar Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı katibliyinin işində iştirak etməyib, lakin katibliyə İrəvandan üzvlüyün dayandırılması ilə bağlı heç bir rəsmi açıqlama daxil olmayıb: “Biz, təbii ki, analitiklərimizin və onların əlində olan vasitələrin köməyi ilə Ermənistan ətrafındakı vəziyyəti və Ermənistanla KTMT arasındakı münasibətləri təhlil edirik. Gizlətməyəcəm ki, erməni elitasında müəyyən hadisələr narahatlıq doğurur. Amma biz Ermənistan rəhbərliyinin siyasi sayıqlıq nümayiş etdirəcəyinə və təşkilatla bağlı müxtəlif ssenarilərin həyata keçirilməsi perspektivlərinin düşünülmüş şəkildə qiymətləndirilməsinə ümid edirik”.

Qeyd edək ki, KTMT-yə hazırda Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya və Tacikistan daxildir. Amma bu gedişlə  Ermənistanın KTMT sıralarını tərk etməsi gözlənilir. Hətta bu fonda Ermənistan KTMT Parlament Assambleyasının “Crocus City Hall”da törədilən terror aktını pisləyən bəyanatına qoşulmayıb. Alen Simonyanın mətbuat katibi Nelli Qulyan bu xüsusda qeyd edib: “KTMT-dən Ermənistan tərəfinə bəyanata qoşulmaq təklifi olub, biz onu rədd etdik, çünki Ermənistan KTMT-dəki üzvlüyünü dondurub”. KTMT parlamentarilərinin Moskvadakı terror aktını pisləyən bəyanatına Ermənistanın niyə qoşulmaması ilə bağlı sual hakim “Vətəndaş müqaviləsi” fraksiyanın deputatı Babken Tunyanı təəccübləndirir: "Niyə bu hər hansı konkret platforma vasitəsilə baş vermədi? Biz bunu başa düşməliyik. İndi simpatiyadan və ya faciədən danışırıq, yoxsa hansısa platformadan? Çünki münasibəti və qınamağı müəyyən edən budursa, məncə, biz fərqli şeylər düşünürük”. Deputatın sözlərinə görə, İrəvandan Moskvaya kifayət qədər başsağlığı məktubları gpndərilib: “ Ermənistanın mövqeyi bu platformada həll olunmur”. “Əgər erməni tərəfi bu platformada terroru pisləyən bəyanata belə qoşulmağı məqsədəuyğun hesab etmirsə, niyə bu strukturu tərk etmir?” Tunyan bunu başqa mövzu sayıb: “Bu başqa sualdır”. Hakimiyyəti təmsil edən digər deputat Mariya Karapetyan deyib ki, məsələ Paşinyanın dediyi məqamdadır: “KTMT-nin Ermənistan Respublikasının sərhədini göstərmək problemi var, oriyentasiya problemi var. Ona görə də vəziyyət tam olaraq Ermənistanın baş nazirinin qeyd etdiyi nöqtədə qalır”. Parlamentin müxalif “Hayastan” fraksiyasının üzvü Artur Xaçatryan isə fərqli düşünür: “Əgər hər hansı alyansın üzvü olmağa davam etsəniz, işləməlisiniz. Beynəlxalq münasibətlərdə dar və təcrid olunmuş yanaşma qəbul edilmir. İki simlə oynamaq çox risqlidir. Əgər problem varsa, o problemin həllinə çalışmaq lazımdır. Əks halda yanaşmalar bir-birinə uyğun gəlmirsə, niyə KTMT-nin sərhədlərimizi tanımasını gözləyirsiniz? Nikol Paşinyan, siz ölkənin sərhədlərini qanuniləşdirmisiniz ki, kimdən də nəsə istəyirsiniz? İndi başqa təşkilatlara və ölkələrə qəzəblənmək qeyri-ciddidir”. Bununla belə, KTMT eyni iş tərzini davam etdirərsə, Ermənistanın baş naziri alyansdan çıxmaq perspektivini istisna etməyib.

Samirə SƏFƏROVA





Seçilən
42
39
Mənbələr
Şərh ()
Bağla