AZ

Ləzgi xalqının tarixində böyük xidmətləri olan XANIM...

Yəqin ki, Sədaqət xanımın əsərlərini oxuyanlar, eləcə də ərsəyə gətirdiyi filmlərə tamaşa edənlər aranızda az deyil. Onun “Youtube” sosial şəbəkəsində rast gəldiyim, “Soyuq günəş” filminə mən də tamaşa etmişəm. Və bu filmə görə ona təşəkkür etməyə şərait arzulayırdım. Budur, əlahəzrət zaman həmin şəraiti yaradıb.
 
Martın 30-u Sədaqət xanımın növbəti ad günüdür...
 
Sədaqət Kərimova 1953-cü ildə Qusarda anadan olub. Orta təhsilini 1969-cu ildə Qusar şəhər 1 saylı məktəbdə başa vurub. Məktəb illərindən respublikanın bir sıra qəzet və jurnallarında şeir, hekayə və məqalələri ilə çıxış edən Sədaqət xanım, 1969-cu ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsinə daxil olub. Tələbəlik illərində “Azərbaycan gəncləri” qəzetinin ştatdankənar müxbiri kimi, əxlaq mövzusunda yazdığı silsilə məqalələri ilə tanınmağa başlayıb...
 
“Hər bir sənət insanlar üçündür. Adam özündən ötrü sənət yarada bilməz ki... Şairin arzusu şeirinin oxunmasıdırsa, yazıçı hər zaman kitablarının satılmasının həsrətindədir. Bəstəkar həmişə arzulayır ki, mahnıları daha çox sevgi qazansın. Deməli, sənət insanlar üçündür. Həmişə yaza-yaza fikirləşirsən ki, görəsən, yazdığım kiminsə xoşuna gələcəkmi? Məni də illər boyu üzən əbədi bir sual var: Bəlkə əbəs yerə yazıram?..”- söyləyir...
 
Özünə qarşı çox tələbkardır. Bəlkə də bundan irəli gəlir ki, qələmə aldığı əsərlər kifayət qədər gözəl alınır...
 
Universiteti bitirdikdən sonra Azərbaycan KP MK-nın “Sovet kəndi” qəzetində 17 il fasiləsiz çalışıb. Sonralar “Azərbaycan” qəzetində şöbə müdiri, “Günay” qəzetində baş redaktorun müavini kimi fəaliyyət göstərib. 1997-ci ildən üç dildə öz vəsaiti hesabına nəşr etdirdiyi “Samur” qəzetinin baş redaktoru işləyir. Jurnalistika sahəsindəki uğurlarına görə, hələ Sovet dövründə Azərbaycan Jurnalistlər İttifaqının “Qızıl qələm” və Həsənbəy Zərdabi adına mükafatlarına layiq görülüb. Azərbaycan, türk, rus və ləzgi dillərində çap olunmuş 9 mindən çox məqalənin, o cümlədən 40 nəzm və nəsr kitabının müəllifidir.
 
2017-ci ildə Türkiyədə, türk dilində müəllifin "Lezgiye" adlı, eləhəmin ildə də 500-dən çox ləzgi bayatısı əsasında "Mənim şair xalqım" adlı kitabları işıq üzü görüb. 
Bütün bunlardan əlavə Sədaqət xanım tanınmış yazıç-jurnalist Müzəffər Məlikməmmədovla birlikdə “Ləzgicə-azərbaycanca lüğət” və “Azərbaycanca-ləzgicə lüğət” kitablarını da tərtib edib...
 
Deyir ki,- “İndiki bu çətin dövrdə, mənəvi dəyərlərin öz yerini qabalıqlara verdiyi, ətrafımızın etinasızlıq və biganəliklərlə dolduğu bir dövrdə insanlarda hər zaman sənətə bir ehtiyac, təşnə duyulur. Hər bir sənət yol göstərəndir. Mən oxucularımdan çoxlu məktublar alıram. Heç bir məktuba bu günədək biganə qalmamışam. Bu məktublar göstərir ki, insanların təsəlliyə, ümidverici, müdrik sözə hər zaman ehtiyacları var. Yazıçı ən gözlənilməz vaxtda, ən ağır şəraitdə belə yol göstərməyi bacarmalıdır. Nə qədər çətin olsa da, buna çalışmalıdır. Bizim nəslin adamlarının əksəriyyətinin ən böyük dostu kitablar olub. Hər şeyi kitablardan öyrənirdik. Yazıçılar bizim üçün böyük insanlar idilər...
 
2003-cü ildə Müzəffər Məlikməmmədov onun haqqında “Sədaqət” adlı sənədli-publisistik kitab nəşr etdirərək, həyat və yaradıcılığından ətraflı söhbət açıb. 2013-cü ildə Azərbaycan Respublikasının “Nobel” İnformasiya Mərkəzi tərəfindən isə filologiya elmləri namizədi Bəybala Ələsgərovun qələmə aldığı “Sədaqət Kərimovanın həyat və yaradıcılığı” adlı biblioqrafik vəsait çap olunub. Bunlardan əlavə 2014-cü ildə Azərbaycan Milli Kitabxanası Sədaqət Kərimovanın həyat və yaradıcılığını əks etdirən geniş biblioqrafik kitab hazırlayıb çapdan çıxarıb... 
 
Haqqında söhbət açdığım Sədaqət Kərimova bəstəkar kimi də tanınır. Sözləri və musiqisi özünə məxsus olan 100-dən çox mahnısının mətnləri və notları onun 2018-ci ildə çapdan çııxmış “Mənim mahnılarım” adlı kitabına daxil edilib. Onun 1997-ci ildə yaratdığı “Suvar” Ləzgi Mahnı və Rəqs Ansamblına 20 il rəhbərlik edərək, 40-a yaxın ləzgi xalq melodiyasını yenidən işləyib və bir neçə yeni rəqs musiqisi də yaradıb. "Qarılar", "Şən qızlar", "Qu quşları", "Dem", "Kəpənəklər" və sair belə rəqslərdəndir...
 
Bəli, martın 30-u ləzgi xalqının tarixində böyük xidmətləri olan, bu əzmkar, yorulmadan çalışan istedadlı xanımın növbəti yaşı tamam olur. Nə vaxtsa maraqla tamaşa etdiyim “Soyuq günəş” filminə görə, ona minnətdarlıq etmək üçün də şərait yaranıb;
 
Hörmətli Sədaqət xanım, sizi doğum gününüz münasibətilə təbrik edirəm, möhkəm can sağlığı və yaradıcılıq uğurları arzulayıram.
 
Nə yaxşı ki, varsınız, çox yaşayın!
 
Hörmətlə, Elman Eldaroğlu
 
Seçilən
37
50
Mənbələr
Şərh ()
Bağla