AZ

Pasxa ərəfəsində Fransada təhlükəsizlik tədbirləri gücləndirilir

Pasxa

Bakı, 29 mart, AZƏRTAC

Fransanda artan terror təhlükəsi ilə əlaqədar Pasxa bayramı ərəfəsində təhlükəsizlik tədbirləri gücləndirilir.

AZƏRTAC Europe 1 radiostansiyasına istinadla xəbər verir ki, Fransanın daxili işlər naziri Jerald Darmanen ölkənin bütün bölgələrində kilsələrin təhlükəsizliyinin maksimum gücləndirilməsi barədə göstəriş verib.

Beləliklə, katoliklərin əsas bayramında hər kilsənin yaxınlığında polis, jandarm və ya hərbi patrul postu qurulacaq. Hüquq-mühafizə orqanlarına kilsə yaxınlığında dayanan avtomobillərə, ora daxil olanların sənədlərinə və çantalarına sistematik nəzarət etmək tapşırılıb.

Fransada maksimum hazırlıq rejiminin tətbiqi xüsusən Paris Olimpiya Oyunları ilə bağlıdır. Olimpiadaya bir neçə ay qalır və hüquq-mühafizə orqanlarının qiymətləndirməsinə görə, terror təhlükəsi heç vaxt indiki qədər böyük olmayıb.

Paris Olimpiadası iyulun 26-dan avqustun 11-dək keçiriləcək. Oyunların təhlükəsizliyini təmin etmək üçün 45 minə yaxın polis və jandarm, o cümlədən 20 minə yaxın hərbçi səfərbər olunacaq. Həmçinin digər ölkələrdən 2 mindən çox polis və jandarmın növbətçiliyə cəlb edilməsi qərara alınıb.

Seçilən
106
21
Mənbələr
Şərh ()
Bağla