AZ

Baş katib: Azərbaycan basketbolunda yeni tarix yazmaq istəyirik

Baş

Bakı, 29 mart, AZƏRTAC

"Paris-2024" Yay Olimpiya Oyunlarına vəsiqə qazanacağımıza çox inanıram".

Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Basketbol Federasiyanın (ABF) baş katibi Vüqar Əzimov qadın basketbolçulardan ibarət 3x3 Azərbaycan millisinin təsnifat oyunları barədə danışarkən deyib.

Federasiya rəsmisi Olimpiadaya vəsiqəni Honq-Konqda təşkil olunacaq ilk turnirdə rəsmiləşdirmək istədiklərini bildirib: “Komandalar arasında yalnız Monqolustan bizə yad rəqibdir. Çili və Niderlandla isə oynamışıq. Düşünürəm ki, bu yarış səviyyə baxımından may ayında Macarıstanın Debretsen şəhərində keçiriləcək oyunlardan aşağı olsa da, bizim üçün bir şansdır. Qalib komanda “Paris-2024”ə lisenziya əldə edəcək. Bundan maksimum yararlanmaq istəyirik. Kollektivə inanırıq”.

V. Əzimov komanda idman növləri arasında ilk dəfə basketbolda Olimpiadaya vəsiqə qazanaraq tarix yazmaq istədiklərini söyləyib: “Əlbəttə, əldə edəcəyimiz uğurla yeni tarix yazmaq istəyirik. Millinin heyətində yer alan qızlar da bunu çox yaxşı anlayırlar. Bu heyət bir sıra turnirlərdə birlikdə mübarizə aparıb və oyunçular arasında anlaşma baxımından problem yoxdur. Təcrübəli basketbolçularımız var. İnanıram ki, oyunçular karyerlarının ən vacib görüşlərində xalqımızı sevindirəcəklər”.

Qeyd edək ki, ilk təsnifat oyunları aprelin 12-14-də keçiriləcək. Səkkiz komanda arasında təşkil olunacaq matçlarda Azərbaycan millisi çempion olarsa, Paris Olimpiadasına vəsiqəni təmin edəcək və ikinci təsnifat oyunlarında iştirak etməyəcək.

Seçilən
77
27
Mənbələr
Şərh ()
Bağla