AZ

Oğuz sakinlərindən nəcib təşəbbüs - yanmış meşə sahələri bərpa edilirFOTO

Oğuz, 29 mart, AZƏRTAC

Oğuzun Xaçmaz kəndinin bir qrup sakini meşə və dağ yamaclarının yaşıllaşdırılması təşəbbüsü ilə çıxış edib. Ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində sakinlərin təşəbbüsü ilə keçirilən ilk aksiyaya AZƏRTAC-ın əməkdaşı da qatılıb.

Xaçmaz kəndi Oğuzun ən ucqar yaşayış məntəqələrindən biridir. Böyük Qafqazın cənub yamacında yerləşən bu yaşayış məntəqəsi həm də geniş meşə sahələrinə malikdir.

Yazın gəlişi ərəfəsində sakinlərin dağ yamacları və meşə sahəsində əkin aparması heç də təsadüfi deyil. Belə ki, bir neçə il əvvəl Pirpalıd dağının ətəklərində, həmçinin Xaçmaz meşəbəyliyində yanğın baş verib və bu zaman hektarlarla ərazi yanaraq külə dönüb.

Yerli sakinlərin təşəbbüsü ilə həmin ərazilərdə müxtəlif tinglər əkilir, həmçinin şabalıd və qoz toxumu səpilir.

Səhər saatları olmasına baxmayaraq təşəbbüsə onlarla sakin qoşulub. Şaiq Rüstəmov bu nəcib aksiya barədə sosial şəbəkədən məlumat alıb. O, dostları ilə Oğuz şəhərindən gələrək aksiyada iştirak edir.

“Meşələrin, dağların yanğına məruz qalması faciədir. Bu faciənin aradan qaldırılması üçün Xaçmaz kəndinin gəncləri gözəl təşəbbüs irəli sürüblər. Bu gün burada şabalıd və başqa tinglər əkilir. Bu təşəbbüsü alqışlayır və dəstəkləyirik”, - deyə o bildirib.

Sakinlərin sözlərinə görə, şabalıd və qoz toxumlarını əsasən kolluq ətrafında əkmək daha faydalıdır. Çünki meşədə kolların dibi münbit olur. Həmçinin çürüntü və gübrə də çox olur. Quşlardan, digər yırtıcılardan qorunur.

Bu nəcib təşəbbüsü irəli sürənlərdən biri də İlkin Lətifovdur. Deyir ki, bu gün hava yağışlıdır deyə, dağ yamaclarına çıxmaq mümkün olmayıb. Lakin qarşıdakı günlərdə həmin ərazilərdə də sakinlərin iştirakı ilə əkin işlərinin aparılması nəzərdə tutulur: “Sağ olsunlar ki, təşəbbüsümüzü dəstəklədilər. Könüllülər həm toxumun toplanmasında fəal oldular, həm də əkin prosesində iştirak edirlər. Bu gün 50-55 könüllü ting əkir. Düşünürəm ki, bu aksiya təbiətə, ekologiyaya kiçik də olsa töhfədir”.

Gün ərzində 15 hektara yaxın ərazidə əkin aparılıb. Ümumilikdə, mart və aprel aylarında 50-70 hektar meşə və dağ yamaclarında şabalıd və qoz toxumunun, eləcə də digər tinglərin əkilməsi planlaşdırılır.

Seçilən
117
1
Mənbələr
Şərh ()
Bağla