AZ

Kir götürməyən ruhun gücü

Çarlz Dikkensin “Oliver Tvistin macəraları” romanı haqqında

Ədəbiyyatın gücünü ölçən cihaz olsaydı, o, dünya romançılığına təsiri baxımından tək-tək qələm adamından geri qalardı. Zahirən sosial macəralar ustasına, uşaqlar üçün əyləncəli kitablar yazan müəllifə bənzəsə də, Dikkens adı Hüqo, Dostoyevski, Tolstoy kimi söz peyğəmbərləriylə yanaşı çəkilən, sonuncu ikisinin sənətlə bağlı təsəvvürünün yaranmasında böyük rol oynamış, çox güclü dini duyumu olan, dini ruhlu kitablar yazmış mistik yazıçıdır. Onun şöhrəti ingilis ədəbiyyatında Şekspirin, Bayronun şöhrətiylə yanaşı durur. Üstəlik, Dikkens o xoşbəxt müəlliflərdəndir ki, onu uşaq da, böyük də, qanan da, qanmayan da həvəslə, sevə-sevə oxuyub. Ona görə keçmiş zamanda danışıram ki, o həvəsdən, sevgidən indiyə nəsə qalıb-qalmadığına dair bilgim, məlumatım yoxdur. Şəxsən mən uşaqlığımdan bu mömin qocaya (hərçənd elə də qoca deyil, vur-tut əlli səkkiz yaşı var) qəlbimdə bir doğmalıq, simsarlıq hiss eləmişəm, elə bilmişəm saqqalından nur yağan bu ingilis doğmaca babamdır.

Dikkensin kitabları sayca çox, sanbalca ağır, həcmcə də iridir. “Oliver Tvistin macəraları” ona gənc yaşlarında böyük ad-san qazandırmış, iyirmi  beş yaşında müəllifini İngiltərənin ən şöhrətli adamlarından birinə çevirmiş “Pikvik klubunun qeydləri”ndən sonra yazıçının ikinci romanı, ingilis ədəbiyyatında isə baş qəhrəmanı uşaq olan ilk romandır. Bu romanın motivləri əsasında onlarla film çəkilib. Əsər işıq üzü görəndə Dikkensin cəmi iyirmi altı yaşı vardı, məşəqqətli uşaqlığıyla çoxdan vidalaşmışdısa da, arada böyük məsafə yoxuydu, uşaqlığın dadı damağından, havası başından hələ getməmişdi (ömrü boyu da belə olasıydı). Reportyorluqdan nasirliyə adlayan Dikkens bu keçidiylə özünü məişət qayğılarının əsirliyindən, ailəsini maliyyə girdabından, atasını borclular türməsindən xilas eləmişdi.

***

Dikkensin romanları nağıl, dastan estetikası üzərində qurulub. Onun əsərlərinin sonunda xeyir hökmən qalib gəlir, şər zəbun olur. Şillerdən tutmuş Bayrona qədər bütün qüdrətli Avropa romantiklərindən fərqli olaraq o, qaçaq-qulduru, oğruları, qatilləri idealizə eləmir, onları qəhrəman donunda qələmə vermir. Dikkensin nəzərində qəhrəmanlıq mənəvi anlayışdır, xristianlığın ana prinsipləri zəminində güc qazanan, ucalan inanc aktıdır. Bu gün bizim cəmiyyətimizdə (elə bütün postsovet ölkələrində) də oğruları, narkobaronları, başkəsənləri, cibkəsənləri qəhrəman kimi tanıdanlar, belələrini başa çıxaranlar, türmə qanunlarını sivil hüquqi normalardan üstün tutanlar, onları gənclərə nümunə göstərənlər az deyil (elə əvvəllər də az olmayıb). Dikkens hələ iki yüz il əvvəl öz mömin qələmiylə bu təmayülə qarşı çıxıb, mənəvi təmizliyi, əxlaqi saflığı ən qatı zülməti yaran nur kimi, haram götürməyən axar su kimi təqdim eləyib.

Yazıçının başqa müsbət qəhrəmanlarıtək mələksima Oliver Tvist də meydana hazır ilahi keyfiyyətlərlə, xristianlıq ideallarının təcəssümü, sevgi, mərhəmət timsalı, bir sözlə, əsl peyğəmbər övladı kimi çıxır. On yaşlı oğlan bu keyfiyyətləri hansısa müəllimdən dərs almaqla, hansısa müdrikə, müqəddəsə şagirdlik eləməklə, ya alicənab insanların mühitində böyüməklə qazanmayıb, bu dəyərlər ona anadangəlmə verilib. Odur ki, Dikkensin bu əsərində (elə başqa romanlarında da) təbəddülatlar, çarpışmalar, didişmələr, boğuşmalar qəhrəmanların içində yox, çölündə, xeyirlə şəri təmsil eləyən personajlar arasında baş verir. Burada yaxşı da, pis də özünü mühakimə eləmir, heç hansı öz əməlinə şübhəylə yanaşmır, hər biri özünə yox, başqasına qalib gəlməyə çalışır. Bir daha vurğulayıram, mübarizə insanların qəlbində yox (Dostoyevski deyirdi ki, bizim qəlbimiz Tanrıyla Şeytanın savaş meydanıdır), insanlar arasında gedir. Sonralar bu “ideoloji” metoddan bir çoxları, o cümlədən Dostoyevski “İdiot”, Pasternak “Doktor Jivaqo” romanında gen-bol yararlanacaq.

Dikkens qəhrəmanlarının içiylə çölü bir-birini tamamlayır. Bunu romantiklərə - şəri cazibəli, gözəl, xarizmatik qələmə verən söz ustalarına protest kimi də anlamaq olar. Onun mənfi personajları təkcə əxlaq, mənəviyyat sarıdan naqis deyil, görkəmcə, davranışca da eybəcərdir, fiziki baxımdan da şikəst, yaxud yarımşikəstdir. Başqa sözlə, Dikkensin yaradıcılığında etika ilə estetika uzlaşdırılıb. Onun əsərlərində, məsələn, Hüqonun Kvazimodosu kimi üzdən eybəcər, amma içi sevgi-mərhəmətlə dolu qəhrəmana rast gəlinməz, onda daxili gözəlliklə zahiri gözəllik bir-birini tamamlayır. Yaxşı sona qədər yaxşılığından, pis də pisliyindən geri durmur. Axırda yaxşı aydınlığa çıxır, pis öz qanında boğulur.

Əlbəttə, bu deyilənlər ehkam deyil, yazıçının romanlarında bəlli qaydalara tabe olmayan bəzi xırda istisnalar da tapılar.

***

Bir az əvvəl Oliver Tvist haqqında “peyğəmbər övladı” bənzətməsini işlətdim. Mərhum Dikkens mömin xristian kimi bəlkə də bu bənzətməni qəbul eləməzdi, ancaq nədənsə həmişə mənə elə gəlib ki, Oliver məhz İsa peyğəmbərin kəbindənkənar oğludur - Maqdalı Məryəmdən olan tək oğlu.

Əsərdəki reallıqdan çıxış eləsək, baş qəhrəman ictimai normalara zidd həyat tərzi keçirən bir qadının imkanlı kişidən dünyaya gəlmiş qeyri-qanuni övladıdır. Oğlanın atası ölüb, ancaq yazılı vəsiyyətində ona əməllicə miras qoyub.

Oliver anasını da xatırlamır, oğlu doğular-doğulmaz qadın ömrünü ona tapşırıb. Uşaq məşəqqətlə böyüyüb, möcüzə nəticəsində sağ qalıb. Bir tikə çörəyə möhtac yaşıdları kimi o da yeniyetmələrin məcburi işə cəlb olunduğu türməyə bənzər əmək müəssisəsində məhbus rejimiylə çalışır. Burada cəmiyyətin qaranlıq zirzəmisinə atılmış məxluqlara bir ananın doğduğu faktiki insan kimi yox, zinakar valideynlərin haram münasibətindən törəmiş ifrazat, atılğı, günahkar məxluq kimi baxırlar. Qəddar mühitə alışmış yeniyetmələr özlərindən asılı olmayan reallıqların qurbanıdırlar. Onlara qurtuluş yoxdur, tək xilas yolu ölüm, ya da buradakından daha betər, daha zərərli əməklə məşğul olmağa razılaşmaqdır.

Tabutqayırana şagird verilməsi də Oliverin vəziyyətini yüngülləşdirmir. Boş tabutlar arasında gecələməyi bir yana, özündən yaşlı, həm də güclü bir oğlan onu daim basqı altında saxlayır. Oliver bundan da ağır işə göndərilməsin deyə hər əziyyətə qatlaşır, di gəl, şuluq gədə ona anasının dünyadan pozğun kimi köçdüyünü deyəndə dözməyib cılız canıyla qansızın üstünə atılır. Buna görə Oliveri möhkəm cəzalandırırlar, oğlan işgəncələrə tab gətirməyib evdən qaçır, üzü Londona bir həftə ac-susuz yol yortur.

***

Paytaxt yaxınlığındakı qəsəbədə Oliver Tvist bir tay-tuşuyla tanış olur. Yeni tanışı onun ac qarnını doyurandan sonra Oliveri Londondakı gizli mənzilə aparır. Burada xeyli uşaq, yeniyetmə var, onlar, belə demək olarsa, cəmiyyətin sahilinə atılmışlar, oğru sektasının üzvləridir. Oğrubaşı Fecin onlara cib soymağı məşq elətdirir. Şekspirin Şeyloku, Balzakın Qobseki kimi Fecin də yəhudidir, sələfləritək o da daş-qaş, sərvət hərisidir. Şekspiri, Balzakı deyə bilmərəm, ancaq Dikkensin Fecini yəhudi qiyafəsinə bürüməsiylə bu qədim qövmün İsa peyğəmbərə divan tutdurmasına işarə vurduğuna şübhəm yoxdur. Bayaqkı məntiqdən yola çıxsaq, yazıçının mesajını belə yoza bilərik: Tanrının əziz oğlunu güdaza verdilər, indi də nəvəsinin ruhunu satın almağa girişiblər.

Fəqət Oliverdən oğru düzəltmək mümkün deyil, onun pak, təmiz ruhu kir götürmür. Dikkens balaca qəhrəmanını çirkabdan qorumaqla öz dövründə (elə ondan da qabaq) çox populyar olan, sosioloqların indi də keşiyində durduqları belə bir qondarma determinist düşüncəyə qarşı çıxır ki, guya insan yalnız içində böyüdüyü ictimai-siyasi mühitin, dibçəyində yetişdiyi coğrafi-bioloji-antropoloji zəminin, havasıyla nəfəs aldığı dini-milli-kulturloji atmosferin yetirməsidir, hər bir fərd bu amillərin şərikli məhsuludur, heç bir individ bu faktorların cazibəsindən qırağa çıxa bilməz.

Bəs onda yer üzünə yenilikləri kim gətirir, böyük tarixi dəyişimlər, siyasi-iqtisadi-mədəni çevrilişlər, qlobal sıçrayışlar necə baş verir, misilsiz ixtiralar, tarixə təkan verən kəşflər haradan qaynaqlanır? Şəxsiyyəti yalnız cəmiyyət yaratsaydı, onda bəs o cəmiyyəti kim irəli aparardı? Bəli, mən də razıyam ki, bəşəriyyətin, şərti desək, doxsan doqquz faizi yedəkdə gedir. Ancaq qızıl birfaizlik kəsim də var ki, həmişə lokomotiv kimi qalan doxsan doqquzu arxasınca çəkib aparır. O bir faiz olmasa, tarixin təkəri irəli hərlənməz. Hərçənd o təkəri geri fırlamaq istəyənlər də yatmayıblar, hər dövrün özünə uyğun üsullarıyla gecə-gündüz fəaliyyətdədirlər.

F.Uğurlu

Seçilən
28
Mənbələr
Şərh ()
Bağla