AZ

Dünyaya daha güclü BMT lazımdır!

TŞ-nin Qəzzada atəşkəs qətnaməsi

Bu dəfə ali qurumun sənədinin icrası təmin ediləcəkmi?

Ötən il oktyabrın 7-də Həmas qruplaşmasının İsrailə qəfil hücumu ilə əsası qoyulan qarşıdurma hələ də səngiməyib və beynəlxalq gündəliyin əsas mövzusu olaraq qalmaqdadır. İndiyədək döyüşlərin coğrafiyasının genişlənməsi fonunda BMT-nin atəşkəsə çağırış cəhdləri boşa çıxırdı - bununla bağlı hazırlanan qətnamələr Təhlükəsizlik Şurasının ayrı-ayrı üzvlərinin veto hüquqlarından istifadə etmələrinin nəticəsində qəbul olunmurdu. Artıq tilsimin sındırıldığını söyləmək mümkündür. Belə ki, bu günlərdə BMT Təhlükəsizlik Şurası nəhayət müqəddəs Ramazan ayında Qəzza zolağında dərhal atəşkəs elan edilməsi haqqında qətnaməsinin təsdiqlənməsinə nail olub. Xatırladırıq ki, müzakirələr zamanı 14 dövlət Qəzza zolağında atəşkəslə bağlı qətnaməni dəstəkləyib, ABŞ isə bu dəfə veto hüququndan istifadə etməyərək bitərəf qalıb.

İsrailin özünü çox gözlətməyən narazılığı

İsrail hökuməti yeni qarşıdırmanın ilk günlərindən qətiyyətlə bəyan edib ki, Həmas qruplaşması tamam məhv edilməyənədək döyüşlərə ara verilməyəcək. Artıq aylardır ki, intensiv atəşlər nəticəsində Qəzzada bir insanlıq faciəsi yaşanır. Bölgənin infrastrukturu, yaşayış evləri tamam məhv edilib, 30 mindən çox insan həyatını itirib. Həmçinin İsrail hökuməti döyüşləri Qəzza zolağından kənarda da davam etdirməkdə israrlıdır.

Hücum əməliyyatlarının miqyasının genişləndiyi bir ərəfədə BMT TŞ-nın məlum qətnaməsi İsraildə, necə deyərlər, məmnunluqla qarşılanmayıb. Benyamin Netanyahu hökumətinin narazılığı özünü çox gözlətməyib. Qətnamənin mürəkkəbi qurumamış bu ölkədən BMT TŞ-nin sənədinə kəskin etirazlar gəlməyə başlayıb. İsrailin narazılığı daha çox Amerika Birləşmiş Ştatlarına (ABŞ) yönəlib. Uman yerdən küsərlər, deyiblər. İndiyədək aparılan əməliyyatlarda ABŞ qeyri-rəsmi formada İsrailin müttəfiqi qismində çıxış edib, Netanyahu hökumətinin aldığı qərarları bu və ya digər formada dəstəkləyib, hərbi və maliyyə yardımları göstərib. Qəzza böhranı başlayandan bəri ABŞ rəsmilərinin Təl-Əvivə səfərləri heç vaxt olmadığı qədər intensivləşib. Eyni zamanda, bu ölkə BMT TŞ-də İsrailin sözün əsl mənasında siyasi havadarı qismində çıxış edib və Netanyahu hökuməti qarşısında atəşkəs tələbi qoyan bütün qətnamələrin müzakirələri zamanı özünün veto hüququndan istifadə etməklə belə cəhdlərin qarşısını alıb.

Aydın məsələdir ki, ABŞ-ın Qəzza böhranı ilə bağlı tutduğu mövqe bu ölkənin beynəlxalq nüfuzuna xələl gətirir. Bayden administrasiyası seçki ilində bunun fərqində olmaya bilməzdi. Beləliklə, beynəlxalq qınaqla üzləşən ABŞ bu dəfə veto hüququndan istifadə etmədi və məlum qətnamə qəbul olundu. Netanyahu hökumətinin incikliyi də məhz bununla bağlıdır. Qətnamənin qəbul olunmasından sonra İsraildə ABŞ mövqeyini dəyişməkdə günahlandırılır. Bu günlərdə İsrail baş nazirinin ofisi bəyanat yayaraq bildirib ki, Benyamin Netanyahu bundan sonra müşavirlərini Vaşinqtona göndərməyəcək.  Artıq baş nazirin məsləhətçiləri Ron Dermer və Tzahi Heneqbinin Vaşinqtona səfərləri ləğv edilib. Bəyanatda

ABŞ-ın qərarının İsrailin hərbi əməliyyatlarına və girovları azad etmək səylərinə zərər verdiyi bildirilib. “Bu qərar ABŞ-ın müharibə başlayandan bəri Təhlükəsizlik Şurasındakı ardıcıl mövqeyindən açıq-aydın uzaqlaşmadır və Həmasa ümid verir ki, beynəlxalq təzyiqlər onlara girovlarımızı azad etmədən atəşkəsə nail olmağa imkan verəcək”, - deyə bəyanatda vurğulanıb.

Beləliklə, Netanyahu hökuməti ilə Bayden administrasiyası arasında müəyyən çatların və fikir ayrılıqlarının yarandığı ortadadır. İsrail nümayəndə heyətinin ABŞ-a gözlənilən səfərinin məqsədi  Ağ Ev rəsmilərinə bir milyondan çox mülki fələstinlinin müharibədən qaçaraq sığındığı Rəfahla bağlı planları təqdim etmək idi. Ağ Evin milli təhlükəsizlik məsələləri üzrə sözçüsü Con Kirbi ABŞ-ın girovlarla bağlı razılaşmanın bir hissəsi kimi atəşkəs rejimini dəstəkləməkdə “ardıcıl” olduğunu bildirib. “Bizim bitərəf qalmağımızın səbəbi isə bu qətnamə mətninin Həmas-ı qınamamasıdır” - deyə,  Kirbi bildirib.

Beynəlxalq birlik Qəzzada atəşkəs çağırışını dəstəkləyir

Beynəlxalq birlik BMT TŞ-nin məlum qətnaməsini gecikmiş sənəd kimi dəyərləndirsə də, onu dəstəkləyir. Necə deyərlər, ali səviyyəli qurum ziyanın yarısından geri dönməyə özündə güc tapıb. Bu arada ayrı-ayrı ölkələrdən qətnaməyə dəstək ifadə olunan bəyanatlar gəlməkdədir. Qardaş Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan da bu xüsusda birmənalı mövqeyini ortaya qoyub. “Türkiyə müsəlmanların müqəddəs Ramazan ayında Qəzza zolağında dərhal atəşkəs elan edilməsi haqqında BMT Təhlükəsizlik Şurasının qətnaməsinin yerinə yetirilməsi üçün səy göstərəcək. Bunu Türkiyə lideri martın 31-nə təyin edilmiş yerli seçkilər ərəfəsində ölkənin cənub-şərqində yerləşən Batman şəhərində keçirilən mitinqdə deyib. “BMT Təhlükəsizlik Şurasının Qəzzada atəşkəslə bağlı qərarını alqışlayırıq. Bu qətnamənin həyata keçirilməsi üçün mümkün olan hər şeyi edəcəyik və Qəzzadakı qardaşlarımız üçün ən qısa zamanda sülh və əmin-amanlığın təmin edilməsi üçün lazımi səyləri göstərəcəyik. İsrailin BMT-də qəbul edilən qərara əməl etməsi üçün Qərbin ərköyün övladına qarşı təzyiqləri artırmaq lazımdır”, - deyə, Ərdoğan bildirib.

BMT Təhlükəsizlik Şurasında islahatlara ehtiyac var

İsrailin BMT TŞ-nin bəhs etdiyimiz qətnaməsinə etirazlar bildirməsi zamanında ali qurumun Azərbaycanla bağlı 4 qətnamə qəbul etməsini yada salır. 1993-cü ilin aprel-noyabr aylarında qəbul olunan 822, 853, 874 və 884 saylı qətnamələr özundə Ermənistan hərbi birləşmələrinin Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxarılmasını ehtiva edirdi. Həmin qətnamələr icra edildimi? Ermənistanın hərbi birləşmələri Azərbaycan ərazilərindən çıxarıldımı? Təəssüf ki, yox! Ali qurumun qəbul etdiyi sənədlər təxminən 30 il ərzində yerinə yetirilmədi. Belə olan halda Azərbaycan tarixi ədaləti və beynəlxalq hüququ məhz öz gücünə təmin etmək məcburiyyətində qaldı. Axı belə olmamalı idi. Beynəlxalq prinsiplərin pozulması təkzibolunmaz fakt idi, BMT TŞ də bu faktı təsdiqləyirdi. Ancaq işğalı törədən Ermənistan cəzalandırılmadı və bu da işğalçını  yeni ərazilər ələ keçirməyə ruhlandırdı. Niyə belə olmalıdır? Nə üçün bir halda TŞ-nın qətnamələri dərhal, vaxt itirılmədən yerinə yetirilir, bu məqsədlə hətta beynəlxalq koalisiyalar yaradılır, digər hallarda isə onların həyata keçirilməsinə heç bir səy göstərilmir? Belə selektiv yanaşmalar isə təhlükəli presedentlərə yol açır.

Məhdudiyyətlərinə baxmayaraq, BMT hazırda bütün ölkələrin qarşılaşdığı qlobal məsələlərin və çağırışların müzakirəsi üçün çoxtərəfli mərkəzi forum olmaqda davam edir. Prezident İlham Əliyevin də bildirdiyi kimi,  BMT, onun nizamnaməsi və beynəlxalq hüquq dünyada sülhün və təhlükəsizliyin qorunub saxlanılmasında və beynəlxalq əməkdaşlığın gücləndirilməsində mühüm və əvəzolunmaz alətlərdir.

Eyni zamanda, aydın şəkildə başa düşülür ki, beynəlxalq münasibətləri bir neçə on il bundan əvvəlki qaydada tənzimləmək mümkün deyil. Zaman dəyişib, narahatlıq doğuran yeni çağırışlar meydana gəlib. İnsan hüquqlarının pozulması, maliyyə böhranları və ekologiyanın pisləşməsi ilə müşahidə olunan silahlı münaqişələr, təcavüzkar ekspansionist siyasətlər, terrorçuluq, separatizm, beynəlxalq mütəşəkkil cinayətkarlıq və ekstremizm dünyada yeni-yeni fəsadlara yol açır. Etiraf olunmalıdır ki, bütün bu kimi mənfi təzahürlər bir sıra hallarda müxtəlif qlobal əhəmiyyətli məsələlərə selektiv yanaşmanın, ikili standartların tətbiqinin nəticəsində meydana çıxaraq genişlənib. Belə bir vəziyyətdə BMT TŞ-nin bir sıra hallarda seyirçi mövqeyində qalması daha təhlükəli nəticələrə gətirib çıxara bilər. Dünyada yaranmış vəziyyət  belə bir reallığı ortaya qoyur ki, qurum bir çox cəhətdən yenilənməlidir. Bu gün BMT-nin gücləndirlməsinə,  Baş Assambleyanın canlandırılmasına ciddi ehtiyac var. BMT TŞ-də ölkələrin və yaxud regionların təmsilçiliyinə yenidən baxılmalıdır. Çox doğru ifadə olunub ki, dünya beşdən böyükdür. Dünyanın xilası naminə beynəlxalq birliyə daha demokratik əsaslarla qurulan, daha şəffaf fəaliyyət göstərən, hesabatlılığı təmin edən, geosiyasi reallıqlara adekvat yanaşmalar sərgiləyən, böyük və kiçik dövlətlərin mənafeyini bərabər qaydada qorumağı bacaran BMT lazımdır.

Mübariz ABDULLAYEV

Seçilən
27
Mənbələr
Şərh ()
Bağla