AZ

“Le Figaro”nun daha bir qərəzli məqaləsinin izi ilə...

Emmanuel Makron iqtidarının Fransanı tarixən formalaşmış demokratik ənənələrindən, bəyan etdiyi dəyərlərindən uzaqlaşdırmaq siyasəti müxtəlif qurumların və dövlət məmurlarının fəaliyyətlərində açıq-aşkar müşahidə edilir. Fransaya başucalığı gətirməyən bu mənfi tendensiyanın həmçinin ölkə mətbuatına sirayət etdiyi fikrini də tam əminliklə bölüşə bilərik. Fransa mətbuatının mövzularına, manşet xəbərlərinə ötəri nəzər saldıqda dərhal aydın olur ki, çap və elektron informasiya vasitələri eyni mərkəzdən - Yelisey sarayından gələn sifarişlər əsasında fəaliyyət göstərirlər. Bir qədər də konkretləşdirsək, deyə bilərik ki, onlara məhz prezident E.Makronun siyasi sifarişləri istiqamət verir.  Bu fikirlərin təsdiqi üçün çox da uzağa getmək lazım deyil. Bugünlərdə “Le Figaro” nəşrində Azərbaycanla bağlı dərc olunan qərəzli yazı bunun əyani təsdiqidir.

Çarəsiz durumda qalan Makron

Əvvəlcə nəşrin qısa təqdimatını edək. “Le Figaro” 1826-cı ildə satirik bir həftəlik qəzet olaraq təsis olunub və adını Pyer Bomarşenin 1778-ci ildə yazdığı “Fiqorunun toyu” komediyasından götürüb. Pyesin son pərdəsində Fiqaronun monoloqunda səslənən “Sans la liberte de blamer, il n’est point d’eloge flatteur” (“tənqid etmək azadlığı olmadan, heç bir tərif olmaz”) cümləsi qəzetin şüarı seçilib.

Lakin bugünkü  “Le Figaro”nun tamam fərqli məzmunda oxuculara təqdim olunduğunu görürük. Nəşr bütünlüklə siyasiləşib. Hazırda “Le Figaro” Fransanın özündə və ölkə hüdudlarından kənarda Yelisey sarayının tezisləri ilə işləyən qəzet kimi tanınır. Burada Azərbaycanla bağlı növbəti qərəzli məqalənin işıq üzü görməsi də məhz bu amildən qaynaqlanır. Yelisey sarayının, daha doğrusu, E.Makronun formalaşdırdığı oriyentasiyalı komandanın ölkəmizə qərəzli yanaşmaları barədə bir qədər sonra bəhs edəcəyik. Əvvəlcə məqalədə yer alan bəzi məqamlara diqqət çəkək. Qəzet yazır ki, Makron ermənilərin taleyinə səmimi olaraq biganə yanaşmayan yeganə liderdir, amma Fransanın təşəbbüsləri nəticə vermir. Məsələn, ötən illər Qarabağa dair Fransanın təşkil etmək istədiyi konfrans ABŞ-ın etirazı səbəbindən baş tutmamışdı.

Məqalədən məlum olur ki, 2022-ci ilin oktyabrında Makron “erməni məsələsini” Roma Papası ilə də müzakirə etmək istəyib. O,  Roma Papasını ziyarət edərkən özü ilə ermənipərəst yazar Sylvain Tessonu da aparmışdı ki, sonuncu Ermənistanla bağlı məsələni gündəmə gətirsin. Acaq E.Makronun oxu bu dəfə də daşlara dəyərək çilik-çilik olub. Belə ki, o, Vatikandan da istədiyi dəstəyi ala bilməyib.

Məqalədə ölkəmizlə bağlı qərəzli məqamların sayı-hesabı yoxdur. O cümlədən yüksək seçici fəallığı ilə baş tutan son Prezident seçkilərinə əyri güzgüdən baxış edilib. Zamanında ermənilərin Qarabağda məhrumiyyətlərə məruz qalmaları, “Laçın dəhlizi”nin blokadaya alınması, antiterror tədbirləri zamanı cəmi 23 saat ərzində 200-dən çox erməninin öldürülməsi  kimi feyk məlumatlardan bəhs edilib və  saxta göz yaşları axıdılıb.

Əlbəttə, nəşrdə belə feyk məlumatların tirajlanması səbəbsiz deyil. Burada qəzetə siyasi sifarişlər verən Yelisey sarayı bir neçə məqsəd güdür.

-Birincisi, E.Makron komandasının ermənilərə sədaqətini itirmədiyini qabartmaq. Yada salaq ki, E.Makron “hər zaman ermənilərin yanında olacağıq” fikrini ifadə edib. İndi Yelisey sarayı populyar nəşrdə bunun bir daha möhürünü vurub. Qəzet ermənilərin Azərbaycan tərəfindən diskriminasiyaya məruz qalmalarından bəhs etməklə Yelisey sarayının sifarişinə uyğun olaraq Fransa cəmiyyətini cuşa gətirmək istəyib. Bunu əslində fransızlara ünvanlanan “ermənilərdən artıq ermənilik edin” çağırışı kimi də dəyərləndirmək mümkündür.

-İkincisi, bu məlumatları sızdırmaqla Yelisey sarayı Azərbaycana qarşı planlarının iflasa uğramasına görə məsuliyyəti ABŞ-ın, Vatikanın və digərlərinin üzərinə atmaq istəyir. Çünki E.Makronun bütün istiqamətlərdə Prezident İlham Əliyevə məğlub olduğu hər kəsə, o cümlədən də Fransa cəmiyyətinə yaxşı məlumdur. Məhz Azərbaycanın dövlət başçısının ardıcıl fəaliyyəti və təşəbbüsləri sayəsində Fransanın yeni kolonializm siyasəti bütün dünyada ifşa olunur. Hazırda keçmiş müstəmləkə ölkələrində Fransanın yürütdüyü siyasətə qarşı geniş etirazlar dalğası başlayıb. Bunlar E.Makronun  Prezident  İ.Əliyevə məğlub olduğunu təsdiqləyən faktların cüzi bir qismidir. Məğlubiyyətini etiraf etməyə cəsarəti çatmayan çarəsiz Makron çıxış yolunu qərəzli siyasi sifarişlərə rəvac verməkdə görür ki, bu da onun acizliyinin göstəricisidir.

Fransa hakimiyyətinin ermənipərəstliyinin açıq göstəricisi

Məqalə Fransa hakimiyyətinin və şəxsən prezident E.Makronun Azərbaycana qarşı düşmən münasibəti bəsləməsinin və ermənipərəstliyinin açıq göstəricisidir ki, bütün bunların da səbəbləri var.

Birinci səbəb - lobbi maraqları. Biz birmənalı şəkildə Fransanın siyasi hakimiyyətinin bu ölkədə yaşayan erməni lobbisinin girovluğunda qaldığı qənaətini ifadə edə bilərik. Ölkədə demokratik dəyərlərin lobbi maraqlarına qurban verildiyini müşahidə etmək təəssüf doğurur. Bu gün Fransa prezidenti Emmanuel Makronun Ermənistanı hər vəchlə dəstəkləməyi özünə borc sanmasını yalnız mənəvi öhdəlik kimi dəyərləndirmək mümkün deyil. Ortada Fransanın digər siyasiləri kimi, E.Makronu da qayğılandıran başqa səbəblər var. Söhbət seçkilərdə Fransadakı güclü maliyyə imkanlarına malik böyük erməni icmasının dəstəyini qazanmaq istəyindən, bu qəbildən olan digər bağlılıqlardan, asılılıqdan və korporativ maraqlardan gedir. Verilən məlumatlara görə, Fransada 700 mindən çox erməni yaşayır. Bildirilir ki, burada ermənilər özlərini Ermənistandakından daha rahat hiss edirlər. Onların ana dilində təhsil almalarına, öz dillərində qəzet-jurnal buraxmalarına, təşkilatlanmalarına, Ermənistana dəstək fondları yaratmalarına, biznes fəaliyyətlərinə “yaşıl işıq” yandırılır. Fransanın siyasi rəhbərliyinin, hökumət rəsmilərinin bir əli daim erməni icmasının başını tumarlamaqdadır ki, bunun da səbəbləri bəllidir: Fransanın erməni əsilli vətəndaşlarının səsini almaq, lobbinin maliyyə imkanlarından bəhrələnmək. Digər siyasilər kimi, E.Makron da bu məqamın fərqindədir. Onu da ilgiləndirən əsas məsələ seçki marafonlarında öz arxasında ermənilərin etimadını, səsini  və ən başlıcası maliyyə dəstəyini hiss etməkdir.

İkinci səbəb - İslamofobiya amili. Fransanın demokratik dəyərlərindən geri çəkildiyi bu ölkədə bir növ dövlət siyasəti səviyyəsinə yüksələn İslamofobiyanın timsalında da qabarıq şəkildə nəzərə çarpır. Bu ölkənin onilliklər boyunca Afrikada davam etdirdiyi müstəmləkə siyasətinin həm də irqçiliyə əsaslandığı heç kəsə sirr deyil. Bunun təzahürlərini, həmçinin ölkədə İslam dininə etiqad bəsləyən insanların diskriminasiyaya məruz qalmalarında müşahidə etmək mümkündür. Bunu Fransa cəmiyyətinin təmsilçiləri də etiraf edirlər. Bu ölkədə müxtəlif auditoriyalarda müsəlmanların Fransa cəmiyyətini zəbt etmələrinə dair mesajlar verilir. Eyni zamanda, İslam dininə mənsub insanlardan məsafə saxlanılır və onlar potensial terrorçu kimi təqdim edilirlər.

Üçüncü səbəb - Türkiyəyə qarşı yönələn siyasət. Fransada Türkiyəyə qarşı qısqanclıq həmişə yaşanıb. E.Makron iqtidarı isə bunu daha da irəli aparıb. Biz bilirik ki, Fransanın siyasi hakimiyyəti Türkiyəyə və İslam dünyasına nifrətlə yoğrulan münasibətini adətən bu ölkədə nəşr olunan “Charlie Hebdo” jurnalı vasitəsilə ifadə edir. Deyə bilərik ki, bu nəşr Fransa rəsmilərinin danışan dillərinə və görən gözlərinə çevrilib. Nəşrin səhifələrində dəfələrlə Türkiyəni və İslam dinini, Məhəmməd peyğəmbəri ələ salan karikaturalar yerləşdirilib. Bunu həm də Fransanın siyasi hakimiyyətinin mövqeyi kimi qəbul etmək mümkündür.

Dördüncü səbəb - Azərbaycanın Avropada artan nüfuzu.  Bu gün Azərbaycan məlum geosiyasi gərginliklər fonunda kəskin enerji böhranı yaşayan Avropa üçün xilaskar rolunda çıxış edir. Respublikamızın “qoca qitə”nin enerji xəritəsini yenilədiyi fikrini qətiyyətlə ifadə edə bilərik. Əvvəlki mərhələdə Azərbaycan Avropaya yalnız neft və neft məhsulları ixrac edirdi. 2021-ci ildən etibarən Azərbaycanla “qoca qitə” arasında enerji dialoqunun mavi yanacaq təchizatını əhatə edən  ikinci mərhələsi başlayıb. Öhdəliklərini ləyaqətlə yerinə yetirən respublikamız 2027-ci ilədək Avropaya qaz ixracını iki dəfə artırmağı hədəfləyib. Perspektivdə isə enerji dialoqunun yeni səhifəsi açılacaq. Belə ki, Xəzər sahillərindən Avropanın ayrı-ayrı ölkələrinə alternativ mənbələrdən alınan “yaşıl enerji” ixrac olunacaq. Hazırda Avropada Azərbaycanla enerji əməkdaşlığını genişləndirmək istəyən ölkələrin sayı getdikcə artır. Bu sırada İtaliya, Albaniya, Rumıniya, Bolqarıstan, Serbiya və digər ölkələr yer alırlar. Bu gün Avropada Azərbaycan Prezidentinin nüfuzu Fransanın dövlət başçısının nüfuzunu qat-qat üstələyir. Prezident İlham Əliyevi hər yerdə gözləyirlər və hörmət bəsləyirlər. Prezident E.Makron isə bir qayda olaraq lax yumurta atəşinə tuş gəlir. Bax, fərq də bundadır.

Mübariz FEYİZLİ

Seçilən
58
Mənbələr
Şərh ()
Bağla