AZ

Mərkəzi Bank uçot dərəcəsini niyə endirdi?

Mərkəzi Bankın (MB) İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 7,75%-dən 7,5%-ə, faiz dəhlizinin yuxarı həddini 8,75%-dən 8,5%-ə endirilib. Faiz dəhlizinin aşağı həddini isə dəyişməyərək 6,25% saxlanılıb. MB bu qərarı aşağı inflyasiya həddinin saxlanması, 2024-cü ilin ilk 2 ayında inflyasiya gözləntilərinin stabilləşməsi və qarşıdakı yaxın aylarda sabit qiymət indeksinin davam edəcəyi proqnozlarına əsasən qəbul edib. Proqnozlaşdırılan inflyasiyanın hədəfdə qalmasını nəzərə almaqla faiz dəhlizinin yuxarı həddinin və uçot dərəcəsinin azaldılması monetar şəraitin yumşalmasına yönəldilib. Aşağı həddin dəyişməz saxlanılması isə faiz dəhlizinin eninin optimallaşdırılmasına xidmət edir.

Qeyd edək ki, 2024-cü ilin yanvar-fevral aylarında son 4 illik üzücü ikirəqəmli inflyasiya təhdidlərindən sonra birrəqəmli və sabit qiymət indeksi formalaşıb. 2024-cü ilin fevralında 12 aylıq inflyasiya 0,8%, 12 aylıq baza inflyasiya isə 1.4 % təşkil edib. İllik ərzaq deflyasiyası isə 0,3%, qeyri-ərzaq inflyasiyası 1,4%, xidmətlər inflyasiyası isə 2,3%-ə bərabər olub. Ümumilikdə, yanvar-fevral aylarında qiymət indeksi əvvəlki ilin müvafiq dövrünə nisbətən 1,3 faiz təşkil edib ki, bu da olduqca əlverişli mühitin formalaşdığını göstərir.

İstehlak qiymətləri indeksinin düşməsində daxili amillərlə yanaşı, xarici faktorun təsirləri də xüsusi rol oynayıb. Xüsuilə də inflyasiyanın strukturunda 60-70 faiz yer alan xarici amil daha ümidverici olub. Cari ilin ilk 2 ayında dünya üzrə əmtəə qiymətləri indeksi aşağı düşməkdə davam edib. Xüsusilə də fevral ayında mal və xidmətlərin dəyəri 7,3 %, o cümlədən enerji qiymətləri üzrə 7,5 % ucuzlaşıb. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatına görə isə ərzaq qiymətləri indeksi fevralda illik əsasda 10,5 % azalıb. Yeri gəlmişkən, bu dövrdə Azərbaycan manatın nominal effektiv məzənnəsində möhkəmmlənmə də prosesə təsir edib, milli valyutanın 2024-cü yanvar-fevral aylarında nominal məzənnəsinin 1,8 % bahalaşması idxal inflyasiyasının azalmasına əlavə töhfə veribdir. Ümumilikdə, qeyd edilən dövrdə inflyasiyanın artırıcı və azaldıcı riskləri bir-birini tarazlaşdırıb. Beləliklə, sözügedən fundamental bazar amilləri Azərbaycanı xarici inflyasiya təzyirləqindən neytrallaşdırıb və Mərkəzi Bank bu arxayınçılığa əsaslanaraq uçot dərəcəsini endirib.

Uçot dərəcəsi 2024-cü ildə yenidən aşağı salına bilərmi?

Uçot dərəcəsi ilə bağlı növbəti qərarlar yenə də xarici və daxili amillərə uyğun olaraq müəyyənləşəcək. Uçot dərəcəsi təbii ki, xarici bazarlar, ölkədəki cari iqtisadi vəziyyət və inflyasiya səviyyəsi nəzərə alınaraq təyin edilir. Əgər inflyasiya səviyyəsi yüksəlirsə, Mərkəzi Bank uçot dərəcəsini yüksəldir və əksinə, inflyasiya səviyyəsi endikcə, uçot dərəcəsi də endirilir. Xarici faktorlarda əsas rol oynayan mal və əmtəələrin, xüsisilə də qlobal ərzaq bahalaşması gözlənilmir. Doğrudur, geosiyasi amillər risk olaraq qalır, ancaq enerji daşıyıcılarnını ucuzlaşması tendensiyası, sənaye və xammaların qiymətində sabitlik beynəlxalq qiymət bazarlarını təhdid etmir.

Daxili amillərə gəlincə, hökumət inflyasiya ilə mübarizə tədbirlərini 2024-cü ildə də prioritet kimi diqqətdə saxlayacağını bəyan edib və iqtisadi siyasətin əsas çərçivə hədəflərinə uyğun olaraq bütün iqtisadi qurumların bu prosesə cəlb edilib. Beləliklə, ssenariyə uyğun olaraq Mərkəzi Bank 2024-cü ildə antiinflyasiya xarakterli pul siyasətini və inflyasiyaya təsir imkanlarını artırmaq istiqamətində tədbirlərini davam etdirəcək. Hazırkı tədqiqlər onu deməyə əsas verir ki, növbəti aylarda inflyasiyanın artma deyil, azalma meyilləri baş verəcək, eyni zamanda geosiyasi risklər istisna olmaqla, beynəlxalq mühitdə əmtəə və xidmətlərin sabitliyi fonunda xarici və daxili amillər qiymət bazarındakı tarazlığı saxlayacaq. Məlumdur ki, faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərarlar xarici və daxili inflyasiya amillərinin dəyişməsindən asılı olaraq verilir. Qərarlar qəbul edilərkən ölkədə pul siyasətinin ötürücülüyünün xüsusiyyətləri, maliyyə bazarlarında, o cümlədən valyuta bazarında gedən proseslər də nəzərə alınır. Bu çərçivəyə əsaslanaraq MB pul siyasətinin qarşıdakı aylarda yumşaldılması üzrə siyasəti davam etdirərək faiz dəhlizinin parametrlərinə yenidən dəyişiklər edə, yəni uçot dərəcəsini bir qədər də aşağı sala bilər.

Elbrus CƏFƏRLİ

Seçilən
29
Mənbələr
Şərh ()
Bağla