AZ

“Bakı Kiyevə silah verir”yalanında Qərb izi

Müdafiə Sənayesi Nazirliyi erməni iftiralarını təkzib etdi, rəsmi Moskva isə “əsas odur ki, İrəvanın Ukraynaya silah tədarükü ilə bağlı məlumatlar yayılmasın” eyhamını vurdu - Rusiya-Azərbaycan münasibətlərini kim baltalamağa çalışır?

“Erməni teleqram kanallarında guya Azərbaycan tərəfindən Ukraynaya hərbi təyinatlı məmulatların göndərilməsinə dair məlumatların yayılmasına cəhdlər olunur. Bununla bağlı kütləvi informasiya vasitələrinin sorğusuna cavab olaraq bildiririk ki, bu kimi məlumatlar tamamilə fake və dezinformasiya xarakteri daşıyır”.

“Yeni Müsavat” bildirir ki, bunu Azərbaycan Müdafiə Sənayesi Nazirliyi bəyan edib. Nazirlik bildirib ki, erməni teleqram kanallarında əvvəllər də belə yalan və həqiqətə söykənməyən xəbərlərin yayılmasına cəhdlər olub. “Bu məlumatların heç bir əsası yoxdur və ciddi qəbul edilməməlidir. Bir daha bildiririk ki, Azərbaycan tərəfindən qeyd olunan istiqamətdə hər hansı hərbi təyinatlı məmulatlar göndərilməmişdir”, - deyə məlumatda qeyd olunub. Maraqlıdır ki, bu yalan informasiya ilə eyni vaxtda Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova “Qərb Rusiyanın MDB ölkələri ilə birliyini pozmaq üçün aqressiv informasiya kampaniyalarından istifadə edir”, - deyə açıqlama verib. Zaxarova deyib ki, Qərb “obyektiv şəkildə formalaşmış birliyi Rusiyaya və qonşularımıza qarşı aqressiv informasiya kampaniyaları ilə pozmağa çalışır”. M.Zaxarova hesab edir ki, informasiya məkanını gücləndirmək və qorumaq üçün maksimum qarşılıqlı əlaqəni təmin etmək Rusiya və MDB ölkələrinin ümumi maraqlarına uyğundur.

“Azərbaycan tərəfi Ukraynaya silah tədarükü barədə məlumatı rəsmi şəkildə təkzib edib” - Zaxarova xatırladıb. O qeyd edib ki, Ukraynaya potensial silah tədarükü ilə bağlı bütün məlumatlar Rusiyanın müvafiq qurumları tərəfindən diqqətlə yoxlanılır və həmin ölkələrlə müzakirə olunur: “Diqqətinizə çatdırım ki, Azərbaycan tərəfi sözügedən məlumatı rəsmən təkzib edib. Bir daha xatırladıram ki, biz həm də bu məsələ ilə bağlı sıx şəkildə əlaqə saxlayırıq”. 

“Əsas odur ki, İrəvanın Ukraynaya silah tədarükü ilə bağlı məlumatlar yayılmasın. Bu, lap ağ olar”, - deyə o bildirib. 

Aydındır ki, bu məlumat rəsmi Bakıya qarşı qurulan növbəti məkrli oyundur. Faktiki olaraq Rusiya-Azərbaycan münasibətlərini baltalamağa çalışırlar. Rəsmi Bakı Rusiya-Ukrayna müharibəsinin başladığı ilk gündən etibarən neytrallığını elan edib. Bununla belə, həm Rusiya, həm də Ukrayna tərəfi ilə təmaslar qurur. Azərbaycan tərəfi gərginliyin bitməsi, sülhün əldə edilməsi istiqamətində dəfələrlə vasitəçiliyini təqdim edib. Hətta hər iki ölkə başçısının Bakıda bir araya gəlməsi belə təklif olunub.

Azərbaycan bu günə qədər nə Rusiyaya qarşı Qərbin tətbiq etdiyi sanksiyalara qoşulub, nə də Rusiyanın işğal etdiyi Ukrayna ərazilərini tanıyıb. Əksinə, Azərbaycan Prezidenti İlham Əliyev çıxışları zamanı Ukrayna ərazilərinin işğala məruz qaldığını da deyib. Digər tərəfdən, rəsmi Bakı hazırda Ukraynaya ən çox humanitar yardım ayıran ölkələrdəndir. Bütün bu və digər səbəblər rəsmi Bakının Rusiya-Ukrayna müharibəsində neytral ölkə olduğunu və neytrallığına sadiq qaldığını sübut edir. Rəsmi Bakının neytrallığını şübhə altına almaq və ya elan etdiyi neytrallığa sadiq olmadığını dövriyyəyə buraxmaq Ermənistanın özbaşınalığıdır, yoxsa bu işin içində Zaxarovanın dediyi kimi, Qərb də var? 

Polkovnik

 Şair Ramaldanov

Bu mövzuda “Yeni Müsavat”a danışan polkovnik Şair Ramaldanov hesab edir ki, kifayət qədər həssas məsələdir. Polkovnikin sözlərinə görə, Azərbaycan sözügedən münaqişəyə qoşulmayaraq mövqeyini aydın surətdə ifadə edib və bu günə qədər də həmin mövqedə  qalmaqdadır: “Əvvəla, Azərbaycanın Ukrayna ilə sıx əlaqələri var və münasibətlərin nəticəsidir ki, postsovet məkanında bu ölkəyə humanitar yardım edən ölkələrin önündəyik. Ona görə də erməni tərəfi saxta informasiyalar yayır. Sözsüz ki, məqsəd Rusiya ilə əlaqələrə xələl gətirməkdir. Halbuki Moskva da, Kiyev də görür - Azərbaycan onların sülh masasına oturması üçün təşəbbüs göstərməkdədir”. Onun fikrincə, ümumiyyətlə, Azərbaycan heç vaxt hər hansı coğrafiyada gedən münaqişədə tərəflərdən hansısa birini silahlandırmayıb: “Sonuncu məsələyə də rəsmi səviyyədə cavab verilib, Moskvadan da Zaxarova açıqlama yaydı. Onun İrəvana ismarışı da təsadüfi deyildi, yəni istisna etmir ki, Ermənistandan Ukraynaya silah gedə bilər”. Hərbi ekspertə görə, bu gün Azərbaycanın Rusiya-Ukrayna müharibəsinə münasibəti göz qabağındadır, ölkə Qoşulmama Hərəkatının üzvü olaraq da mövqeyini ifadə edib: “Biz nəyisə gizlətmirik, əgər dəstək veririksə, açıq şəkildə nümayiş etdiririk. Sadəcə, Ermənistan mediasının da iştirakı ilə yalan, böhtan tirajlanır”. 

Azad

Azad Məsiyev

Siyasi ekspert Azad Məsiyevin “Yeni Müsavat”a söylədiyinə görə, Azərbaycan Ukrayna ilə humanitar sahədə əməkdaşlıq etməkdədir. Ekspertin fikrincə, Qərb dünyası isə çalışır ki, bizimlə Rusiya arasında nifaq salsın: “Çünki ABŞ və Avropa Birliyi Rusiyanı dünya siyasi arenasından təcrid etməyə çalışır və bu prosesdə sərhəd ölkələrdən də istifadə etməyə cəhd göstərir. Azərbaycan özü silah alan ölkədir və bunu üçüncü dövlətə vermək niyyəti də yoxdur. Ən əsası isə Ukraynaya Qərbdən, NATO-dan silahlar verilir, müasir texnika verilir, Kiyevin Bakının silahına ehtiyacı yoxdur. Bizim o qədər potensialımız da yoxdur ki, Ukraynada gedən müharibədə Kiyevi silahla təmin edə bilək. Sadəcə, təbliğat kampaniyasıdır və əleyhimizə yönəlib”. Onun sözlərinə görə, Azərbaycan-Rusiya əlaqələri inkişafdadır, müxtəlif sahələrdə əməkdaşlıq, ticarət dövriyyəsi artırılır, Moskva bəyannaməsinə söykənərək bu müttəfiqlik gücləndirilir, habelə iki dövlətin liderləri arasında qarşılıqlı etimad mövcuddur. 

avrasiya.net/uploads/posts/2024-01/1704873287_fuad...

Fuad Əliyev 

Siyasi şərhçi Fuad Əliyev isə feyk xəbərlərin Qərbdən sifariş olunduğunu düşünür. Onun qənaətinə görə, informasiya erməni teleqram kanallarında tirajlansa da, emal olunması və təlimatı Avropadan gəlib: “Hazırda hibrid müharibə gedir. Azərbaycan da Cənubi Qafqazda gedən mürəkkəb strateji oyunların içində bu informasiya müharibəsində iştirak etmək məcburiyyətindədir. Bununla çalışırlar ki, dövlətlərarası münasibətləri gərginləşdirsinlər. Etiraf etmək lazımdır ki, informasiya üzərindən müxtəlif ölkələrin əlaqələrini poza da biliblər. O baxımdan, belə saxta məlumatların yayılmasına həmişə hazır olmaq lazımdır. İlk dəfə deyil ki, bu dezinformasiyanı yayırlar”. 

F.Əliyev Rusiya ilə Azərbaycan arasında müxtəlif kanallarla təmaslar olduğunu bildirir: “Rusiyadakı rəsmilər bilirlər ki, Bakı Kiyevi silahlandırmır. Sadəcə, cəfəngiyyatdır. Üstəlik, müharibədən çıxmış ölkəyik, biz niyə başqa dövlətin müharibəsində onu silahla təmin edək ki? NATO-nun nəhəng dövlətləri Ukraynaya bahalı, ağır silahlar göndərir, Azərbaycanın silahına ehtiyac belə qalmır. Hərçənd Qərbdən gələn silahlar da Kiyevə ərazilərini geri almağa kömək etmir. Azərbaycanın humanitar yardımını isə Şarl Mişel də, Bakıda olarkən Alyansın baş katibi Yens Stoltenberq də xüsusi vurğulayıblar. Ona görə Azərbaycanın Ukraynaya göndərdiyi yüklərdə nələrin olduğunu Qərb də bilir, Rusiya da...”

Emil SALAMOĞLU
“Yeni Müsavat”

 

Seçilən
32
Mənbələr
Şərh ()
Bağla