AZ

Paytaxt nəqliyyatında hansı islahatlar aparılır?

Məqsəd qlobal tədbirlərin keçirildiyi məkana çevrilən Bakının dünyanın ən rahat və gözəl şəhərlərindən birinə çevrilməsinə şərait yaratmaqdır 

İctimai nəqliyyatla bağlı problemlərin həlli üçün dövlətin də yaxın dəstəyinə ehtiyac olacaq. Dövlət büdcəsində bunun üçün maliyyə nəzərdə tutulub. Əvvəlki dövrlərdə sahibkarlar ictimai nəqliyyat vasitələrini idarə etmədə öz bizneslərini yaradıblar.

Aparılan diaqnostika göstərir ki, işləyən avtobusların sayı cədvəldə verilən avtobusların sayından azdır. Əhalinin 17%-nin ictimai nəqliyyata çıxışı ümumiyyətlə, yoxdur. Paytaxtda 26 daşıyıcı şirkət fəaliyyət göstərir. Bu şirkətlərdə avtobusların yeni dayanıqlı maliyyə modeli artıq hazırlanıb. Bununla yanaşı, daşıyıcılara dəstək verilməsi şəbəkəsi yaratmaq nəzərdə tutulur. Sakinlərin və əhalinin ictimai nəqliyyata üstünlük verməsi üçün şəhərdə 2500-dən çox avtobus olmalıdır. Hazırda bu say 2000-dən azdır.

İl ərzində Bakı şəhərində təxminən 2 milyard səfər həyata keçirilir. Bunların yalnız 28%-i ictimai nəqliyyatın, 52 faizi isə fərdi avtomobillərin və taksilərin payına düşür. Burada da fərdi nəqliyyat vasitələrinin sayı yarıdan azdır. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) hesablamalarına görə, 2025-ci ilədək ictimai nəqliyyatda səfərlərin sayı 300 milyon artırılmalıdır.

Qayda pozuntuları, dayanma-durma ilə bağlı tələblərin sərtləşdirilməsi nəzərdə tutulur. Şəhərdə mövcud problemlərin böyük əksəriyyəti qayda pozuntularından qaynaqlanır. Qarşıdakı dövrdə bəzi müəyyən tələblərin sərtləşdirilməsi ilə yanaşı, taksilərə, yük avtomobillərinə qarşı tələblərin müəyyənləşdirilməsi ilə bağlı sənədlər artıq hazırlanaraq Nazirlər Kabinetinə təqdim olunub. Yaxın günlərdə bu tələblər qəbul ediləcək.

Yaşı 5 ilə qədər olan minik avtomobillərinin cəmi minik avtomobillərinin sayındakı xüsusi çəkisi 2021-ci ildə 4.6% idisə, 2023-cü ildə bu rəqəm 5.4%-ə yüksəlib. Yol Xəritəsi çərçivəsində müvafiq sahə üzrə qiymətləndirmələrin və təhlillərin aparılması, qanunvericiliyin təkmilləşdirilməsi, araşdırmaların aparılması, standartların hazırlanması, eləcə də zəruri infrastrukturun yaradılması istiqamatində ümumilikdə 48 tədbirin icrası nəzərdə tutulur.

Bu ilin sonuna qədər Bakıda 100 yeni elektrikli avtobusun istismara verilməsi planlaşdırılır. Avtobus parkı yenilənəcək, yeni velosiped yolları salınacaq. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Bakı Taksi Xidməti” MMC-yə isə 150 ədəd elektrik mühərrikli taksi alınması nəzərdə tutulur.

“Bakı Metropoliteni” QSC-nin “28 May” stansiyası ətrafında mikromobillik infrastrukturunun qurulması nəzərdə tutulur. Ərazidə aidiyyəti qurumlarla birlikdə abadlaşdırma işləri həyata keçiriləcək. Bu işlər çərçivəsində asfalt örtüyünün dəyişdirilməsi, mikromobillik infrastrukturunun qurulması, o cümlədən velosiped zolaqlarının təşkil edilməsi nəzərdə tutulur. Bakı Dəmiryol Vağzalına gəlib-gedənlər üçün qarşılama və yolasalma zonası da təşkil olunacaq.

AYNA tərəfindən əhaliyə keyfiyyətli ictimai nəqliyyat xidmətlərinin göstərilməsi üçün növbəti layihə icra edilib. “Gənclik” metrostansiyasının yanında yeni nəqliyyat mübadilə mərkəzi yaradılıb. İlkin mərhələdə nəqliyyat mübadilə mərkəzi ərazisində gün ərzində 12 müntəzəm marşrut xətti üzrə 181 avtobus fəaliyyət göstərəcək. Yeni HUB sərnişinlərin rahatlığı və təhlükəsizliyi, avtobuslar üçün nəqliyyat şəraitinin yaxşılaşdırılması ilə yanaşı, Fətəli Xan Xoyski küçəsində yaranan sıxlıq və tıxac hallarının azaldılmasında da böyük əhəmiyyətə malikdir.

Tofiq Bəhramov adına Respublika Stadionunun qarşısında müvafiq nəqliyyat infrastrukturu yaradılıb. Müntəzəm marşrut avtobusları üçün dayanacaq məntəqələri quraşdırılıb, işıq dirəkləri yeniləri ilə əvəzlənib, yeni yol salınıb, yol nişanları quraşdırılıb və nişanlanma xətləri çəkilib. Avtobusların hərəkət etməsi üçün təhlükəsizlik adacığında zolaq təşkil olunub. “Gənclik Mall” Ticarət Mərkəzinin yeraltı parkinqinin girişində işıqfor quraşdırılıb.

AYNA tərəfindən Bakı şəhərində mikromobillik infrastrukturunun inkişaf etdirilməsi məqsədilə həyata keçirilən layihə çərçivəsində 6.5 km məsafəni əhatə edən davamlı mikromobillik zolağı artıq hazırdır. Zolaqlar Bakı şəhərinin, əsasən, mərkəzi hissələrini – İstiqlaliyyət küçəsi, Azərbaycan prospekti, Mirzəağa Əliyev küçəsi, Bülbül prospekti, Fikrət Əmirov küçəsi və Bulvar ərazisini əhatə edir.

Artıq Dənizkənarı Milli Park ərazisində də müvafiq işlər başa çatdırılıb. Bulvar ərazisində Dəniz Vağzalının qarşısından “Azneft” dairəsinədək uzunluğu təxminən 2200 metr olan velosiped yolunun təşkil edilməsi ilə digər küçə və prospektlərdə salınan velosiped yolları əlaqələndirilib və tam bir dövrə tamamlanıb. Görülən işlər çərçivəsində müvafiq nişanlanma işləri aparılıb, təhlükəsizlik məqsədilə yol nişanları quraşdırılıb, əlçatanlığın təmin edilməsi üçün panduslar inşa olunub.

Qeyd edək ki, 13 məntəqədə mikromobillik vasitələri üçün parklanma yerləri təşkil edilib. Avtomobillərlə yarana biləcək münaqişəli nöqtələrin aradan qaldırılması üçün təhlükəsizlik sədləri quraşdırılıb. Əhali arasında velosipeddən və skuterlərdən istifadəyə artan marağı, eləcə də bu nəqliyyat növünün geniş istifadəsinin mikromobillik, nəqliyyat sıxlığının azaldılması, ətraf mühitin qorunması, fiziki fəallığın artırılması və sağlam həyat tərzi baxımından əhəmiyyətini nəzərə alaraq, sakinlər üçün şəhər konsepsiyası çərçivəsində AYNA tərəfindən velosiped zolaqları şəbəkəsinin 50 km-ə çatdırılması planlaşdırılır.

Bütün bu islahatlar paytaxtımızın ən problemli məsələlərindən olan nəqliyyat sahəsi işlərinin stimullaşdırılmasına, qlobal tədbirlərin keçirildiyi məkana çevrilən şəhərimizin dünyanın ən rahat mərkəzlərindən birinə çevrilməsinə əlverişli şərait yaradacaq. 

Cavid Əkbərov, “İki sahil”

phrase_var_article.chosen
133
phrase_var_article.sources
phrase_var_article.comment ()
phrase_var_article.close