AZ

Aslan Kərimov: “Gürcülər akademiya sarıdan bizdən üstündürlər”

Azərbaycan millisinin sabiq kapitanı Aslan Kərimov Gürcüstan yığmasının Avropa çempionatına vəsiqə qazanmasına münasibət bildirib.

Arena.az xatırladır ki, Gürcüstan yığması iki gün əvvəl Yunanıstana pley-off görüşündə qalib gələrək Almaniyada keçiriləcək futbol üzrə Avropa çempionatının final mərhələsinə vəsiqə qazandı.

Tarixində ilk dəfə bu sevinci yaşayacaq gürcülərə həsəd aparmamaq olmur. Halbuki bizdə futbola daha çox sərmayə yatırılır, klub səviyyəsindəki uğurlarımız da ölçüyəgəlməzdir. Bəs niyə Gürcüstan milli səviyyəsində nəhənglərin sırasına qoşulduğu halda, biz illərdir yerimizdə sayırıq? Necə deyərlər, “o əjdahadan bizdə niyə yoxdur?”

Yığmamızın sabiq müdafiəçisi, tanınmış futbol mütəxəssisi Aslan Kərimov Arena.az-a açıqlamasında bu məsələ barədə bunları söyləyib:

“Əvvəla, ölkənin maddi gücü və ya ərazi böyüklüyü futbolda o qədər də əhəmiyyət kəsb etmir. Böyük dövlət olmasına, əhalisinin sayına və digər imkanlarına görə Çin öndə gedən ölkədir, amma çempion ola bilmir.

Gürcüstan futbolu ilə ölkəmizi müqayisə etməli olsaq, akademiyaları bizdən qat-qat üstündür. Bu amil məşqçilik və maliyyə ilə bağlı məsələ deyil. Bizim Premyer Liqada çıxış edən klublarımız onların komandalarının yetmiş faizini məğlub edə bilər. Amma akademiya baxımından bizdən üstündürlər. Onlarda sxem elə qurulub ki, oyunçuları satmaq üçün işləyirlər. İstənilən gənc oyunçunu əsas heyətdə oynadıb, satışa çıxarırlar.

“Bizim kütləviliklə bağlı gürcülərə çatmağımıza var”

Gürcüstan millisinin heyətinə baxsanız, yalnız bir futbolçu yerli çempionatda çıxış edirdi. Bundan başqa, bizdə Xviça Kvaratsxeliya kimi oyunçu yoxdur. Yeri gəlmişkən, sizə bir məqamı xatırladım. İllər əvvəl biz A lisenziya üzrə Gürcüstanda oyun analizində idik. Bizim aşağı yaş qruplarındakı komandalarımız həmin Xviça oynadığı millini 2:1 hesabı ilə məğlub etmişdi. Həmin vaxtı Xviçaya qarşı Toral Bayramov oynayırdı. İnanın mənə, Toral ondan heç də geri qalmırdı. Düzdür, Xviça istedadı, driblinqi, keçidləri ilə diqqəti üzərinə çəkə bilirdi. Amma Toral da eyni bacarıqda görünürdü. Sonra onun Gürcüstanın və Rusiya “Lokomotiv”i, daha sonra “Rubin” və nəhayət, “Napoli”yə qədər uzanan maraqlı futbol həyatı oldu.

Gürcüstanın bizdən daha bir üstünlüyü kütləviliklə bağlıdır. Onlarda hər məhəllədə bir meydança var. Bizdə necədir? Bizim kütləviliklə bağlı onlara çatmağımıza var. Biz yalnız Premyer Liqa klublarını düşünürük, onlara maliyyə ayırırıq”.

Nahid Ustaclı

Seçilən
54
Mənbələr
Şərh ()
Bağla