AZ

Ümidlər tükənəndə... - KÖŞƏ

U-21 yığmamızın ukraynalı həmyaşıdlarına 0:3 hesabıyla uduzduqları oyunu ürəkağrısıyla izlədik.

İndikindən uzaq, birvaxtlar Azərbaycan torpaqlarında müharibə gedirdi. Ölkə olaraq çətin dövrlərdən keçirdik. Şükürlər olsun ki, o pis günlər arxada qalıb. Biz həmin vaxt “hər şey cəbhə üçün” şüarıyla yaşayırdıq, hamının gözü-qulağı cəhbədən gələn xəbərlərdə idi. Ona görə də nə futbol yada düşürdü, nə də idmanın başqa növləri. Allah heç kimə, heç bir dövlətə müharibə qismət etməsin. İki ildən artıqdı Ukrayna torpaqlarında müharibə gedir, Rusiya qoşunları bu ölkənin ərazisinin böyük bir hissəsini işğal edib. Qalan ərazilərdə də qanlı döyüşlər gedir, Kiyevin özü belə tez-tez raket atəşinə tutulur, dağıntılar-təlafatlar olur. Amma baxırsan ki, bunun Ukraynanın idman həyatına heç bir təsiri yoxdu. Voleybolçuları da uğur qazanır, futbolçuları da. Avrokuboklardakı təmsilçiləri də layiqincə yarışır.

Olsun, biz dost və qardaş Ukrayna xalqının ancaq xoş günlərini istəyirik. Tezliklə müharibənin bitməsini, ölkənin normal həyatına dönməsini, yaralarını sarımasını arzulayırıq. Bizi narahat edən başqa məsələdi. Nə üçün həyatın bütün sahələri inkişaf edən, çiçəklənən Azərbaycanın futbolu ildən-ilə tənəzzülə gedir? Diqqət etdizsə, “mən niyə inkişaf edə bilmirik sualını” da vermirəm. İnkişafı bir kənara qoyuram. Biz böhran yaşayırıq, uçurumun ta dibindəyik. Heç inanmıram ki, bundan o yanası olsun. Əsas milli komandanın Monqolustanla biabırçı oyunu bir kənara. Onsuz da biz o komandanın kəramətinə bələdik, tunelin sonunda işıq görmək üçün gənclərə ümid bəsləyirik. Di gəl ki, gənclərdə də həmin işıq yoxdu. Türklərin “ümid milli” adlandırdığı gənclər yığmamız doğma meydanda keçirdiyi ardıcıl iki oyunda qapısından səkkiz top buraxdı. Ruhsuz, “dişsiz” oyun sərgiləməyimiz, rəqibin qarşısında varlıq göstərə bilməməyimiz də bir ayrı dərddi.

Ukrayna ilə oyundan sonra “CBC Sport”un mikrofonu önündə həvəssiz danışan, hər şeydən bezmiş kimi görünən Samir Əliyevin açıqlamalarına qulaq asdım. Artıq eşitməyə öyrəncəli olduğumuz sözləri təkrarlayır, az qalırdı desin ki, olanımız budu, taleyimizlə barışaq. Həmkarım Süleyman Vəliyev israrla “Sabah”ın qapıçısı Yusif İmanovun adının iştirak ərizəsinə daxil edilməməsinin səbəbini soruşurdu. Cavabında Samir bəy bildirdi ki, U-21-ə namizəd sayılan qapıçıların hamısını növbə ilə sınaqdan keçirib, şans verib. O cümlədən də Yusif İmanov əvvəlki oyunların ikisində qapıda dayanıbmış. Belə yerdə atalarımız deyiblər ki, ikisi birə dəyməz, biri də heçə. Biz Yusif İmanovun timsalında həm də onu görmüşük ki, qısa müddətdə əsas milliyə qədər yüksələn gənc qapıçı qalxdığı zirvədən necə sürətlə yerə endi. Bəlkə də italiyalı Canni de Byazi təxminən bir il əvvəl Avstriya ilə oyunda Yusifi meydana buraxmaqla onu “yandırdı”. Hər halda, görünən odu ki, İmanov şöhrətin zirvəsinə necə sürətlə qalxmışdısa, ondan da sürətlə aşağı endi.

Amma Samir bəyin də dediyi kimi, problemimiz təkcə Yusiflə bağlı deyil. Futbol komanda oyunudu deyirlər. Biz də futbolumuza elə komanda şəklində böhran yaşadırıq. Nə düz-əməlli qapıçımız var, nə də etibarlı müdafiəçimiz. Bunların yoxluğunda heç universal yarımmüdafiəçidən, məhsuldar hücumçudan danışmağa dəyməz. İngiltərə ilə oyunu bir kənara qoyuram. Deyək ki, futbolun yaradıcıları bizim üçün fantastik dərəcədə güclü rəqibdi, onlarla başabaş gələ bilmərik. Bəs torpaqları müharibə atəşiylə od tutub yanan Ukraynaya nə deyirik? Onları məğlub etmək də bizim üçün boyumuzdan yuxarı tullanmaqdısa, ən azı normal mübarizə aparıb, məğlubiyyətin də layiqlisiylə barışa bilərdik axı. Qonaqların qapımıza vurduğu üçüncü qol, ümumiyyətlə, azərbaycanlı futbolçuların heç bir perspektiv vəd etməməsinin göstəricisi idi. Necə ki, əsas millinin Monqolustanın müdafiəsi qarşısında aciz qalmasına don geydirməyə çalışırdılar, deyirdilər ki, belə sıx müdafiəni yarmaq çətindi. Amma adını belə güclə tələffüs etdiyimiz Tanzaniya Mərdəkanda Monqolustanın qapısına yol tapmaqla bizimkilərə başa saldı ki, keçilməz müdafiə yoxdu, bacarıqsız hücumçular var. Bəxtimizdən də belə hücumçular Azərbaycan millisində toplaşıb.

Az əvvəl qeyd etdiyim kimi, problem konkret hansısa komandada, hansısa məşqçidə, yaxud da futbolçuda olmadığından ayrı-ayrı detalların üzərində dayanmağa da dəyməz. AFFA Azərbaycan futbolunu dərin bir quyuya salıb. Şəxsən mən çox ümidsizəm...


AMAL

Seçilən
76
50
Mənbələr
Şərh ()
Bağla