AZ

Azərbaycanla Misir arasında qida məhsullarının dövriyyəsini genişləndirmək məsələsi müzakirə olunub

Bakı, 28 mart, AZƏRTAC

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli ilə Misir Ərəb Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Hişam Mohamed Nağı Abdel Həmid arasında görüş keçirilib.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, görüş zamanı səfirə ölkəmizdə qida təhlükəsizliyinin təmin edilməsi ilə bağlı görülən işlər, həmçinin bu istiqamətdə beynəlxalq təşkilatlar və xarici ölkələrlə əməkdaşlıq çərçivəsində həyata keçirilən tədbirlər barədə məlumat verilib.

Görüşdə iki ölkənin müvafiq qurumları arasında əməkdaşlığın gücləndirilməsi, o cümlədən qida məhsullarının dövriyyəsinin genişləndirilməsi müzakirə olunub, idxal və ixrac üzrə statistik göstəricilər nəzərdən keçirilib. “Azərbaycan Respublikası Hökuməti ilə Misir Ərəb Respublikası Hökuməti arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında”, “Azərbaycan Respublikası Hökuməti ilə Misir Ərəb Respublikası Hökuməti arasında bitki mühafizəsi sahəsində əməkdaşlıq haqqında” və “Azərbaycan Respublikası Hökuməti ilə Misir Ərəb Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında” saziş layihələri ilə bağlı müzakirələr aparılıb. Misirdə fəaliyyət göstərən və yüksək riskli məhsullarını ölkəmizə ixrac etmək istəyən müəssisələrin qeydiyyatı məsələlərinə toxunulub.

Görüş zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Seçilən
51
Mənbələr
Şərh ()
Bağla