Azərbaycan II Liqasında XVIII tura yekun vurulub.
Çempionluq mücadiləsi verən "Cəbrayıl" Bakıxanov qəsəbəsində daha bir iddialını - "Qusar"ı qəbul edib.
Hesab erkən açılıb. Müdafiəçi Elşad Əliyevlə qapıçı Həsən Həsənli arasında anlaşılmazlıqdan yararlanan Orxan Qurbanlı 3-cü dəqiqədə karyerasının bəlkə də ən asan qolunu vurub.
Yarım saat sonra Vüsal Səfərov səhvlə yadda qalıb. Müdafiəçi cərimə meydançası daxilində Vüqar Əşrəfliyə qarşı kobudluq edincə, referi Elvin Bayramov penalti nöqtəsini göstərib,İlqar Hüseynov fürsəti qaçırmayıb.
Cavid Hüseynovun komandası özünə tez gəlib. Elvin Məmmədovun asmasını Sərxan Ağayev 37-ci dəqiqədə öz qapısına yönəldib.
Fasiləyə saniyələr qalmış isə Nurlan Quliyev cərimə zərbəsindən havalandırılan topu başla tora qovuşdurub.
«Cəbrayıl» ikinci hissəyə də qolla başlaya bilərdi. İki epizodda «çərçivə»yə düşməyincə, təzyiqi azaldıblar.
Belədə bəxt «Qusar»ın üzünü güldürüb. Ötən mövsüm «Difai»nin heyətində Region Liqasının bombardiri olmuş Eşqin Tağıyev II Liqada qol hesabını açıb.
Qarabağ müharibəsində qazi mərtəbəsinə yüksəlmiş hücumçu 67-cı dəqiqədə müdafiəçiləri qabaqlayaraq, qonaqlara qələbə gətirən qola imza atıb.
Halbuki «Cəbrayıl»ın hesabı yenidən bərabərləşdirmək üçün xeyli vaxtı qalırdı, di gəl, Ruslan Voronsov əlinə düşən imkanları boşa verməyi özünə yaraşdırdı.
Qarşılaşma şimal bölgəsi təmsilçisinin 3:2 hesablı qələbəsi ilə başa çatıb.
Xallarını 35-ə yüksəldən "Qusar" turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb. 37 xalı olan "Cəbrayıl" isə 3-cü yerdədir.
SPORTİNFO.AZ
Neftçi Futbol Mərkəzi (IV meydança). 60 tamaşaçı | |||
|