AZ

Gürcüstan Futbol Federasiyasından nəyi örnək götürək? - İLGİNC FAKTLAR

Həqiqətən, ciddi-ciddi düşünürsüz ki, Gürcüstan Futbol Federasiyası veteran futbolçuları iş başına gətirib, bir sistem qurub və bu da nəticəsi?

Mənim üçün bu iddia, sadəcə pafosdur. Bəla da ondadır ki, həmin pafosu futbolu yaxşı bilməsinə ciddi-ciddi inandığımız adamlar dilə gətirir.

Bəli, Gürcüstan Futbol Federasiyasında ən üst vəzifədə veteran futbolçular yer alıb. Razıyam, bizdə də elə olsun. Əgər sanballı 5 veteran tapa bilsək.

Son illər bütün idarəetmə Levan Kobiaşvili, Davit Mujiri, Aleksandr İaşvili kimi məşhur veteranlardadır. Qısası, söz sahibi futboldan başı çıxan, futbolu bilən adamlardı.

Bəlkə də yaxın gələcəkdə bu adamların əməyi nəticəsində silsilə uğurlar olacaq. Hə, onda bu haqda danışmaq, nümunə çəkmək olar.

İndiki uğurun isə bununla yaxından-uzaqdan əlaqəsi yoxdur.

Bəs Avropa çempionatına necə getdilər?

Birmənalı olaraq meydandakı mübarizələrinin (söhbət hansısa sistemli oyundan, baxımlı futboldan getmir) və bir qədər də şansının hesabına.

Məsələn, rəqib son illər tənəzzül yaşayan, indi-indi dirçəlmək istəyən Yunanıstan yox, Ukrayna, Uels olsaydı yayda onlar da bizim kimi Avropa çempionatını evdən izləyəcəkdilər.

Yarımfinalda Lüksemburq bərabərlik qoluna sevindiyi anda azlıqda qalmasına üzülməsəydi, bəlkə yunanalara rəqib belə ola bilməyəcəkdilər.

Bir başqa məsələ də gürcülərin son seçmə mərhələdəki çıxışıdır.

Qonşularımız yer aldığı A qrupunda 4-cü pilləni tutub.

5 komandalı qrupda sonuncu pillədə -25 top fərqi ilə Kipr yığması yer alıb.

Sanyolun yetirmələri aktivinə yığdığı 8 xaldan 6-nı məhz Kipr üzərindəki qələbələrlə qazanıb.

Söhbət cəmi 4 ay əvvəl bitən seçmə mərhələdən gedir.

Gürcüstan Futbol Federasiyasında qurulan sistem, yer alan veteranların əməyi bəs onda harda qalmışdı?

Maraq üçün bildirim ki, son Avropa çempionatının seçmə mərhələsində Azərbaycan yığması da 5 komandalı qrupda yer alıb və 7 xalla 4-cü pilləni tutub.

Top fərqi isə -10 olub.

Yəni aşağı-yuxarı eyni gündəyik.

Hətta Gürcüstan millisində yer alan ulduzlara baxanda onlar bizdən də qara gündədir.

Heyətində "Napoli", "Valensiya" "Levante", "Uotford", "Karlsure", "Mets", "Bordo"da çıxış edən milli çoxdan böyük turnirlərin daimi iştirakçısı olmalıydı. Həm də Millətlər Liqasından yox, məhz seçmə mərhələlərdən iştirak hüququ qazanmaqla.

Məncə, özümüzə başqa nümunə tapsaq daha yaxşı olar.

XANOĞLAN İMANOV

Seçilən
32
Mənbələr
Şərh ()
Bağla