AZ

"Yaşıllıq gözəl şeydir, amma su da lazımdır" - Bəs, nə edək?

Bildiyimiz kimi, bu il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili" elan olunub. Eyni zamanda bu ilin noyabrında Azərbaycanda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) keçiriləcək. COP29 iqlim dəyişiklikləri və onun nəticələrinə həsr olunan, ekoloji mahiyyət daşıyan bir tədbirdir. 

Maraqlıdır, bu iki əsas məqamı nəzərə alaraq, ölkədə yaşıllaşdırma ilə bağlı hansı addımlar atılmalıdır? Ekologiyanın mühafizəsi istiqamətində hansı işlər görülməlidir?

Məsələ ilə bağlı Redaktor.az-a danışan ekoloq Rövşən Abbasov söylədi ki, ölkəmizdə keçiriləcək COP29-un əsas məqsədi iqlim dəyişmələri ilə mübarizədir. Onun sözlərinə görə, iqlim dəyişmələri ilə mübarizə atmosferdə istixana qazlarının konsentrasiyasının aşağı salınmasına yönəlibdir:

"Yəni əsas məqsədi budur ki, hər bir ölkə atmosferdə istixana qazlarının miqdarını azaltmalıdır ki, Yer kürəsinin istilik balansı qorunsun və nəticədə Yer kürəsində baş verən qlobal istiləşmələr dayansın. 2015-ci ildə Parisdə keçirilən COP-da bütün ölkələr könüllü öhdəliklər götürmüşlər ki, öz ərazilərindən atmosferə atılan istixana qazlarının miqdarını azaltsınlar. Bu çərçivədə Azərbaycan da öhdəlik götürüb ki, 2030-cu ilə qədər bizim ölkənin ərazisindən atmosferə atılan karbon emissiyaları, metan emissiyaları 35 faiz azaldılmalıdır və buna görə də dövlət tərəfindən milli töhfə sənədi nəşr olunur. Bu sənəddə göstərilir ki, biz bunu necə edəcəyik və bu əsas məqsədlərdən biridir. Bu istiqamətdə artıq böyük işlər görülür. Azərbaycanda elektrik enerjisinin istehsal olunmasında alternativ mənbələrin payı getdikcə artır. Bu onu göstərir ki, 2035-ci ilə qədər biz istixana qazlarını azalda bilərik. Bundan başqa, istixana qazlarını atmosferə atan əsas sektor nəqliyyat sektorudur və nəqliyyat sektorunun inkişafında da çox mühüm tədbirlər görülür. Son günlərdə hər kəs parklanmanın bahalaşmasından şikayətlənir ki, şəhər mərkəzində parklanmalar niyə bahadır? Artıq insanlarda belə bir təşəbbüs yaranır ki, daha çox ictimai nəqliyyatdan istifadə edək. Həm sıxlığın qarşısı alınır, həm də atmosferə atılan karbon emissiyalarının miqdarı azalır və bu ictimai nəqliyyatda mütləq yaxın gələcəkdə öz sözünü deyəcək. Digər tərəfdən bizim ölkəyə daha çox elektrik avtomobilləri gətirilir və onların gömrük rüsumları da ləğv olunub ki, istixana qazları azaldılsın. Bunlar görülən əsas işlərdir".

Ekoloq söylədi ki, “Yaşıl dünya naminə həmrəylik ili”çərçivəsində müəyyən yaşıllaşdırma işləri aparılır.

"Biz bilirik ki, 90-cı illərdən bu günə kimi, şəhər ətrafında, xüsusilə burada bələdiyyələrin iştirakı ilə özbaşına torpaqların "paylanması" ərazilərin tutulmasına, yaşıllıqların azaldılmasına səbəb oldu. İndi bu prosesi dayandırmaq üçün artıq işə keçilib. Yeni ərazilərdə yeni evlərin tikilməsi dayandırılır, yaşıllıqlar daha ciddi qorunmağa başlayıb. Eyni zamanda eşidirik ki, hər altı-bazar ağacəkmə kampaniyaları gedir. Burada da müəyyən şeyləri nəzərə almaq lazımdır. Əlbəttə ki, yaşıllıq gözəl şeydir. Amma biz su ehtiyatlarından istifadəni də nəzərə almalıyıq ki, hər bir yaşıllaşdırılan əraziyə həm də su lazımdır. Ona görə də Ekologiya və Təbii Sərvətlər Nazirliyi daha çox quraqlığa dözümlü ağaclar əkir ki, gələcəkdə onların suya çox da ehtiyacı olmasın. Bu istiqamətdə görülən işlər də kifayət qədər çoxdur. Problem ondan ibarətdir ki, bəzi ərazilərdə su mənbələri olmadığından bu yaşıllaşdırma işlərini çox da aparmaq olmur", - deyə R.Abbasov bildirdi.

Mövzu haqqında danışan Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü Naqif Həmzəyev dedi ki, Azərbaycanın ətraf mühitin qorunması və yaşıllaşdırmanın gücləndirilməsi üçün təxirə salınmaz tədbirlər həyata keçirilir:

"Uzun illərdir ki, Azərbaycan meşə massivlərinin zənginləşdirilməsi, heyvanların, xüsusilə də nəsli kəsilməkdə olan heyvanların qorunması və bu sahədə beynəlxalq təcrübəni öyrənərək işlərin görülməsini aidiyyəti qurumlar tərəfindən reallaşdırır. Ancaq təəssüflər olsun ki, bu, tək Azərbaycanın deyil. Qlobal məkanda ətraf mühitin qorunması və yaşıllaşdırmanın zənginləşdirilməsi ilə əlaqədar müəyyən problemlər var. Azərbaycan qanunvericiliyində də bu dediyimiz məsələlərlə bağlı bir çox dəyişikliklər edilib. Müsbət qanunlar və qərarlar qəbul edilib. Ancaq biz bacardığımız qədər çalışmalıyıq ki, vətəndaşların da məsuliyyətli olaraq bu məsələlərə yanaşmasını təmin edək, ictimai qınaq olsun. Biz yalnız ağacları əkməklə, işimizin bitməsini düşünməyək. Eyni zamanda bu ağacların, ətraf mühitin qorunmasını hər bir Azərbaycan vətəndaşı təmin etsin. Xüsusilə də nümunəvi məhəllələrin qorunması, sulanması, xüsusi qulluğun təşkilində də hər kəs aktivlik nümayiş etdirməlidir. Bütün bunlarla yanaşı, Qarabağda torpaqlarımızı işğaldan azad etdikdən sonra orada fərqli bir mənzərə ilə rastlaşdıq. Bu da xüsusilə də meşə massivlərinin qırılması, flora və faunanın məhv edilməsi idi. Hazırda Azərbaycan dövləti Qarabağda xüsusi meşə massivlərinin salınmasını həyata keçirir. İnanıram ki, növbəti 10 iliklərdə biz yenidən həmin ərazilərdə yaşıllıqların tam olaraq bərpa olunmasını və meşə massivinin bərpasının şahidi olacağıq. Eyni zamanda həmin mühit bərpa olunduqdan sonra həmin ərazidə vaxtilə çoxluq təşkil edən heyvanların da yenidən orada olacağını ümid edirik. Bir sözlə, Azərbaycan dövləti nə lazımdırsa edir və mən inanıram ki, bununla bağlı işlərimizi də davam etdirəcəyik. Xüsusilə də 2024-cü il ətraf mühitin qorunması və ətraf mühitlə bağlı problemlərin aradan qaldırılması üçün çox həlledici bir il olacaqdır və COP29-un Azərbaycanda keçirilməsi bütün bu prosesləri daha da sürətləndirəcək".

Məsələ ilə bağlı fikirlərini bölüşən millət vəkili Fazil Mustafa söylədi ki, ekoloji problemlər hər yerdə var və bu problemlər yekunlaşan məsələlər deyil:

"Bütün bölgələrdə bu istiqamətdə addımlar atılmalıdır və yaşıllıq hərəkatı genişlənməlidir. Ən azı insanların sağlam həyata yönəlməsi üçün bu sahədə ciddi işlər görməliyik. Birinci növbədə mövcud ekologiyanın qorunmasına ehtiyac var. Əgər dünya səviyyəsində beynəlxalq tədbirləri Azərbaycanda keçiririksə, Azərbaycanın həm də özünün bilavasitə elə ekologiyanı qoruyacaq bir mahiyyətdə dövlət olduğunu da göstərməliyik. Cəmiyyətlə səfərbər olmalıyıq, cəmiyyətin öz həyatı bahasına başa gələ biləcək ekoloji biganəliyini ortadan qaldırmalıyıq. Deputatı olduğum Sabunçu rayonunda da kifayət qədər bu istiqamətdə işlər görülür. Amma problemlər də var. Yəni yaşıllıq zolaqlarının artırılmasına ehtiyac var. Burada da müəyyən süni çətinliklərlə də qarşılaşan məqamlar var. Amma əsas cəmiyyətdir. Cəmiyyət əgər duyarlıq göstərsə, problemlər də azalar".

Humay İSGƏNDƏRLİ 

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "ekologiya və ətraf mühitin mühafizəsi" mövzusunda dərc olunub.

2
Seçilən
31
36
Mənbələr
Şərh ()
Bağla