AZ

İmtahana hazırlaşan gənclərin diqqətinə:POMİDOR YEYİN!

Pomidor və tomat pastasının insan orqanizminə faydası saymaqla bitmir...

Gündəlik ən çox istifadə edilən qidalar arasında pomidor və tomat pastasının olduğunu deyə bilərik. Bəzən mütəxəssislər bu məhsulları insan orqanizminin müəyyən orqanlarına zərər verdiyi üçün yeyilməsini məsləhət görmürlər. Lakin bəzi mütəxəssislər bildirir ki, pomidor, eləcə də tomat pastasının tərkibindəki maddələr bir çox xəstəliklərin yaranmasının qarşısını alır və müalicəsində kömək olur.

Mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova qeyd etdi ki, pomidor faydalı tərəvəzlər sırasındadır. Xüsusilə pomidorun tərkibində mövcud olan likopen maddəsi ona həm qırmızı rəng verir, həm də daha da faydalı olmasına səbəb olur. Likopenin tərkibində daha çox karatinoid və təbii antioksidant birləşmələri var. Pomidor bişirildikdə isə tərkibindəki likopen maddəsi daha da artır, uzun müddət qalır və tərkibində itmir.

Belə olduqda isə daha faydalı olur. Pomidor həm çiy, həm də tomat şəklində qəbul edilə bilər. Hətta pomidora sarımsaq əlavə olunduqda sarımsaqdakı yüksək antioksidant likopenlə birləşərək orqanizmdəki sərbəst radikallarla mübarizə apara bilir. Sarımsağın tərkibindəki diallil disulfid sayəsində antioksidant funksiyasını yerinə yetirir.

Diallil disulfid mövcud olduqda isə likopen bədənə daha asan sorulur. Bu isə orqanizmdə bioloji qocalmanın qarşısını alır, xərçəngin yaranması riskini azaldır və müalicəsində çox istifadə olunur. Likopen bir çox qırmızı və tünd rəngli meyvə-tərəvəzlərin tərkibində də olur ki, bunlara giləmeyvələr, qarpız və s. kimi məhsullar aiddir. Lakin pomidorun tərkibində likopenin miqdarı və antioksidant təsiri daha çoxdur. Bu da onun daha çox xəstəliklərlə mübarizədə və orqanizmin immun sisteminin güclənməsində rol oynayır.

Ağrıkəsici xüsusiyyəti də var

Eyni zamanda, ürək-damar xəstəliklərinin yaranmasında və müalicəsində, bəzən dermatoloji problemləri və allergiyaya həssas olan insanlara likopen maddəsi çox fayda verir. Üstəlik likopenin ağrıkəsici xüsusiyyəti də var. Xüsusilə də qadınların menstural ağrılarını azalda, daha güclü və enerjili hiss etmələrinə kömək olur. Sözügedən maddə mərkəzi beyin sisteminin işini və funksiyalarını yaxşılaşdırır. Ona görə də, xüsusilə imtahana hazırlaşan gənclər, gərgin əqli iş rejimində çalışan insanlar pomidor və tomat pastasını daha çox qəbul edə bilərlər. Bu maddə gənclərdə cinsi funksiyanı artırır və sağlam övladların dünyaya gəlməsinə kömək olur. Şəkərli diabet xəstələri də bu məhsulları çox qəbul edə bilər. Çünki onlarda müəyyən xəstəlik nəticəsində yaranan dəri qaşınmaları və qızarmalar hüceyrələrin məhv olmasına gətirib çıxarır. Bu zaman pomidorun tərkibindəki likopen onlara kömək edə bilər.

Sayalı Abasova, “İki sahil”

Seçilən
28
34
Mənbələr
Şərh ()
Bağla