AZ

Beynəlxalq sammitdə Metsamor yalanları...

Hazırda iqlim dəyişikliyinin yaratdığı ağır fəsadların fonunda atom enerjisindən təhlükəsiz və səmərəli şəkildə istifadə edilməsinin aktuallığı heç vaxt olmadığı qədər artıb. Təsadüfi deyildir ki, elə bu günlərdə Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) tərəfindən Belçikanın paytaxtı Brüsseldə ilk dəfə Nüvə Enerjisi Sammiti təşkil olunub. Nüvə enerjisini “təmiz və etibarlı enerji mənbəyi” kimi tanıtmaq məqsədilə keçirilən sammitə ABŞ, Çin və Avropa İttifaqına (Aİ) üzv dövlətlər də daxil olmaqla, bütövlükdə, 32 ölkə qatılıb. Sammitdə nüvə enerjisini iqlim dəyişikliyi ilə mübarizədə “təmiz və etibarlı enerji mənbəyi” kimi təşviq etmək üçün birgə bəyannamə qəbul edib. Tədbirdə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov iştirak və çıxış edib.

Ermənistan beynəlxalq birliyin iradəsinə qarşı

Sammitdə qəbul olunan bəyannamədə iqlim dəyişikliyinin dünya üçün ciddi təhlükə yaratdığı, istixana qazlarının xalis emissiyalarının sıfıra endirilməsinin aktuallaşdığı, nüvə enerjisinin sıfır emissiya və etibarlı elektrik enerjisi mənbəyi olduğu bildirilib. Sənəddə qlobal enerji sənayesi və təchizat zəncirlərinin dayanıqlığını və təhlükəsizliyi artırmaq sahəsində səylərin davam etdirilməsinə xüsusi çağırış edilib.

Ancaq Metsamor Atom Elektrik Stansiyasının (AES) timsalında atom enerjisinə malik olan Ermənistanın sərgilədiyi mövqe beynəlxalq birliyin təhlükəsizliyin artırılması ilə bağlı çağırışlarına qətiyyən adekvat deyil. Ermənistan tək region deyil, bütövlükdə dünya üçün ciddi təhlükə mənbəyi olan Metsamor Atom Elektrik Stansiyası ilə bağlı yalan dolu hesabat və bəyanatlar təqdim etməkdədir. Belçikada baş tutan ilk nüvə sammiti də bu baxımdan istisna təşkil etmədi. Tədbirə qatılan Ermənistanın baş naziri Nikol Paşinyan çıxışında növbəti dəfə dünya ictimaiyyətinə ağ yalan danışmaqdan çəkinmədi. Baş nazir əvvəlcə iddia edib ki, nüvə energetikası ölkəsinin enerji təhlükəsizliyinin təməl daşıdır. Ardınca da uzun-uzadı Metsamor AES-lə bağlı hökumətin planlarından danışıb. O, 2023-cü ilin dekabrında hökumətin AES-in istismar müddətinin uzadılması barədə planı təsdiq etdiyini vurğulayıb. N.Paşinyanın növbəti yalanı  stansiyanın təhlükəsizliyi və idarəçiliyi ilə bağlı görülən “tədbirləri” əhatə edib.  Bəs söhbət hansı təhlükəsizlik tədbirlərindən gedir? Bu istiqamətdə hansı konkret addımlar atılır? Region dövlətlərinin, beynəlxalq təşkilatların, ekoloqların AES-lə bağlı vaxtaşırı həyəcan təbili çalmaları, onun birdəfəlik bağlanmasına çağırış etmələri nədən qaynaqlanır? Əslində, Nikol Paşinyan çıxışını bu kimi suallar ətrafında qurmalı idi. O isə ciddi narahatlıq yaradan vacib məsələlər barədə yenə də susdu və heyrət doğuracaq soyuqqanlılıq nümayiş etdirdi. Bu isə çox doğru olaraq Ermənistanın  beynəlxalq birliyin iradəsinə qarşı çıxması anlamında qəbul olunur.

Bütün region üçün təhdid mənbəyi olan Metsamor AES

1976-cı ildə istismara verilən Metsamor Atom Elektrik Stansiyasının istismar müddəti 30 il nəzərdə tutulmuşdu. Aradan 47 il ötür. AES-in 2016-cı ilədək işləyəcəyi nəzərdə tutulsa da, sonradan obyektin istismar müddətinin daha 10 il - 2026-cı ilədək artırılması qərara alınıb.  Artırılmış müddət sonu yaxınlaşdıqca, AES-in gələcək taleyi ilə bağlı müzakirələr də intensivləşir. Ermənistanın özündə də qəbul olunur ki, Metsamor artıq ömrünü başa vurub və köhnə texnologiyalar əsasında qurulan bu stansiyanın istismarı çox təhlükəlidir.  Bundan əvvəl Ermənistanda Metsamorun əvəzinə yeni AES-in inşası barədə danışılırdı. Ancaq buna lazım olan vəsait Ermənistanda yoxdur. Yeni AES-in tikintisinə investorlar tapmaq da müşkülə çevrilib. Rusiyanın Ermənistanda Metsamoru əvəzləyəcək AES-in inşa edəcəyinə bəslənilən ümidlər də suya düşərək əriyib. İndi Ermənistan üçün yeni atom elektrik stansiyasının tikintisi bu ölkənin prioritetləri ilə bir araya sığmır. Bu kimi amilləri nəzərə alan Ermənistan rəhbərliyi çıxış yolunu Metsamorun istismar müddətini uzatmaqda görür. Xatırladaq ki, bu ölkədə istehsal olunan elektrik enerjisinin 1/3 hissəsi Metsamor AES-in payına düşür. Yeni AES-in tikintisindən vaz keçən Ermənistan hökuməti Metsamorun təkrar əsaslı təmirinə qərar verib.

Ermənistan hökumətinin Metsamorun istismar müddətini daha 10 il uzatmaqla bağlı qərar verməsi o anlama gəlir ki, bu ölkə regionun təhlükəsizliyini özünün iqtisadi maraqlarına qurban verir. Çünki bir sıra fundamental amillərə görə, o cümlədən də təhlükəsizlik nöqteyi-nəzərindən Metsamorun fəaliyyətinin davam etdirilməsi mümkünsüzdür. Bunu şərtləndirən çoxsaylı amillər sadalamaq mümkündür. Əvvəla, Metsamor keçmiş SSRİ-nin köhnə texnologiyası əsasında inşa olunub. Ötən 47 ildə isə avadanlıqlar həm də texniki cəhətdən aşınıb və yararsız hala gəlib. 1986-cı ildə Çernobıl AES-də baş verən qəza keçmiş ittifaqın nüvə sahəsindəki nüfuzuna ciddi zərbə vurdu. Dünyada ilk dəfə AES inşa edən SSRİ nüvə enerjisi sahəsində lider dövlət olmaq iddiasını itirdi. Çernobıl qəzası sovet nüvə enerjisi sənayesində təhlükəsizliklə bağlı narahatlığa səbəb oldu. Metsamor da zamanında eyni texnologiya əsasında qurulub. Kim zəmanət verə bilər ki, Çernobolda yaşananlar Ermənistanda təkrarlanmayacaq? Digər tərəfdən, ehtimal olunur ki, Ermənistan hökuməti maliyyə vəsaitlərinə qənaət etmək üçün AES-də nəzərdə tutulan təmiri səthi şəkildə reallaşdırıacaq. Bu, bir növ beynəlxalq təşkilatların gözündən pərdə asmaq xarakteri daşıyacaq. Belə qənaətə gəlməyə hər cür əsas var. Əgər Ermənistanın vəsaitləri olsa idi, yeni AES-in inşası planından vaz keçilməzdi.

Bundan başqa,  Metsamor 11 ballıq zəlzələ riski olan zonada yerləşir. AES-in ətrafında mövcud olan 5 tektonik qırılmadan biri stansiyadan cəmi 500 metrliyindədir. Ərazinin seysmik aktivliyini nəzərə alan SSRİ rəhbərliyi Spitak bölgəsində baş verən zəlzələdən sonra Metsamor AES-in fəaliyyətini tamamilə dayandırmışdı. Amma enerji böhranını bəhanə gətirən Ermənistan hökuməti 1995-ci ildə ikinci bloku yenidən işə salıb. Mütəxəssislər o qənətdədirlər ki, aşağı bal gücündə zəlzələ AES-də zədələnmələrə və beləliklə də təhlükəli maddələrin sızmasına yol aça bilər.

Brüsseldə baş tutan ilk nüvə sammitində N.Paşinyan guya Metsamorun idarəçiliyinin diqqət mərkəzində saxlanılmasından bəhs edib. Halbuki idarəetmədəki nöqsanlar da Metsamorun fəaliyyətinin dayandırılmasını zərurətə çevirir. Bu, ilk növbədə kadrların səriştəsizliyi ilə bağlıdır. Keçmiş ittifaq dönəmində AES Moskvadan olan mütəxəssislərin ciddi nəzarəti altında işləyirdi. İndi belə nəzarət mexanizmi yoxdur. Yerli texniki personal isə səriştəsizdir. AES-də qəzalar tez-tez təkrarlanır.  1982-ci il oktyabrın 15-də AES-də baş vermiş yanğın yalnız 7 saatdan sonra böyük çətinliklə söndürülmüşdü.

AES-in idarəçiliyində hesabatlılığın və şəffaflığın olmaması da ciddi narahatlıq yaradan məsələlər sırasındadır. Ermənistan hökuməti AES-dən çıxan nüvə tullantılarının daşınmasını və utilizasiyasını necə həyata keçirdiyini məxfi saxlamağa üstünlük verir. 44 günlük müharibədən əvvəl Metsamorun nüvə tullantılarının Azərbaycanın işğal altındakı ərazilərində basdırıldığına dair məlumatlar yayılmışdı. Ermənistan hökuməti bu məlumatları təkzib etmədi. İndi isə hökumət nüvə tullantılarının utilizasiya edilməsi barədə sualara cavab verməkdən yayınır. Hətta Ermənistan bir qədər də irəli gedərək radioaktiv tullantıları qeyri-qanuni yollarla satışa çıxarır. Bir müddət əvvəl Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin Kutaisi şəhərində üzə çıxardığı faktlar da bunu sübut edir. Fakta görə, “Americium-241” radioaktiv maddəsini qanunsuz olaraq satmağa cəhd göstərdikləri üçün iki nəfər saxlanılmışdı, onlar 300 min avroya radioaktiv maddə satmağı planlaşdırıbmış. Nüvə dəllallarının təhlükəli maddələri Metsamordan əldə etdikləri məlum olub. 

Azərbaycanın mövqeyi və narahatlığı

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov sammitdə etdiyi çıxışında, ölkəmizin Atom Enerjisi üzrə Beynəlxalq Agentlik ilə əməkdaşlıq məsələlərinə toxunub, eləcə də tədbirin mövzusu üzrə ölkəmizin mövqeyini diqqətə çatdırıb. Nüvə texnologiyalarından istifadə sahəsində AEBA ilə texniki əməkdaşlığın perspektivlərinə toxunan nazir Ceyhun Bayramov, bu istiqamətdə tamamlanma mərhələsində olan AEBA ilə Texniki Əməkdaşlıq sahəsində Azərbaycan Respublikası üçün nəzərdə tutulan növbəti “Ölkə üzrə Çərçivə Proqramı” çərçivə sənədinin əhəmiyyətindən bəhs edib.

Azərbaycanın milli səviyyədə nüvə texnologiyalarından istifadə təcrübəsi barədə ətraflı məlumat verən nazir Ceyhun Bayramov, AEBA ilə birgə ölkəmiz üçün ən vacib çağırışlardan biri olan mina təhdidi ilə mübarizə sahəsinə nüvə texnologiyasının tətbiqinin mümkünlüyünün tədqiq edilməsi üzərində çalışdığımızı diqqətə çatdırıb. Bu sahədə Azərbaycanın prioritetinin nüvə enerjisindən istifadə imkanlarının araşdırılması zamanı nüvə təhlükəsizliyinə xüsusi diqqət edilməsi olduğu vurğulanıb.

Ölkəmizin COP29-a sədrliyi çərçivəsində iqlim dəyişikliyi ilə mübarizə sahəsində nüvə texnologiyalarından dinc məqsədlər üçün əlçatan istifadə naminə resursların cəlbinin təşviqi ilə yanaşı, nüvə təhlükəsizliyi amilini ön planda saxlayacağı diqqətə çatdırılıb.

Eyni zamanda, sammit ərəfəsində Azərbaycan cəmiyyəti bütün region üçün ciddi təhdid mənbəyi sayılan Metsamor AES-lə bağlı ciddi narahatlığını növbəti dəfə gündəmə gətirib. Belə ki, Azərbaycan vətəndaş cəmiyyəti təmsilçiləri Nüvə Enerjisi Sammitinin rəhbərliyinə açıq məktub ünvanlayıblar. Vətəndaş cəmiyyətinin təmsilçiləri bildiriblər ki, Metsamor Atom Elektrik Stansiyasının maye tullantıları son nəticədə transsərhəd çayı olan Araz çayına axıdılır. Bu stansiya su qıtlığı olan ərazidə yerləşir, köhnələn reaktorunu soyutmaq üçün su dərinlikdəki quyulardan götürülür. Zəlzələlər zamanı yeraltı suların səviyyəsinin və axınların istiqamətinin dəyişməsi mümkündür, bu isə soyutma sisteminin etibarsızlığını aydın nümayiş etdirir. “Biz - Azərbaycanın vətəndaş cəmiyyətinin nümayəndələri, elm xadimləri olaraq, Brüsseldə işə başlayan Nüvə Enerjisi Sammitinin həmsədrləri - Belçikanın Baş naziri cənab Aleksandr De Krooya, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) Baş direktoru cənab Rafael Mariano Qrossiyə müraciət edərək, onları Ermənistanın qəza vəziyyətində olan, istismar müddəti çoxdan başa çatmış Metsamor Atom Elektrik Stansiyasının törətdiyi qlobal təhlükəyə diqqət yetirməyə, bu stansiyanın fəaliyyətinin dərhal dayandırılması barədə Ermənistan hökuməti qarşısında məsələ qaldırmağa çağırırıq”, - deyə məktubda vurğulanıb.

Mübariz ABDULLAYEV

Seçilən
28
Mənbələr
Şərh ()
Bağla