AZ

Xalqın pulunu havaya sovuranlara bir də "Qırğız modeli"

Gürcülərdən söz açıb danışanda bəziləri nədənsə tezbazar tarixə səyahət edir, futbol ənənələrini ortaya atır, hətta fürsət tapıb AFFA-nı müdafiə etməyə çalışanlar da var. Hansı ki, milli uduzanda birinci elə həmin şəxslər tənqidə başlayır. Bu haqda ayrıca, geniş yazacam, çünki toxunulması vacib kifayət qədər detal var. Yəni hər şeyi futbol ənənələrinə bağlamaq lazım deyil.

 

İndi sizə qırğızlardan söz açacam. Razılaşın ki, gürcülərdən fərqli olaraq, onların böyük bir futbol ənənəsi yoxdur. 2019-cu ildə futbol federasiyalarının rəsmləri Bakıya gəlmişdi, bəlkə xatırlayanlar da var. Çünki Qırğlzıstan Futbol Federasiyası, ümumiyyətlə, Qırğızıstan dövləti 2020-ci ildən etibarən yeni inkişaf mərhələsinə qədəm qoymağı hədəfləmişdi və bu planın tərkib hissələrindən biri də bir sıra ölkələrinin futbol təcrübələrini öyrənmək idi. Bakıya gəlməkdə məqsədləri də yeni istifadəyə verilmiş BOS-u gəzmək, müəyyən örnəklər götürmək idi. Nəyi götürüb-götürmədiklərini bilmirəm, amma bildiyim odur ki, Bişkek şəhərində şəkildə gördüyünüz müasir stadionun tikintisinə başlayıblar. 50 minə yaxın tamaşaçı tutumuna malik olacaq bu yeni stadionun dəyəri sizcə nə qədər olsa yaxşıdı? 113 milyon dollar. Bəs biz BOS-u neçəyə tikmişdik? Rəsmi rəqəmlərə görə 780 milyon dollara. Qeyri-rəsmi məlumatlarda isə bu rəqəm 1 milyard dollar kimi göstərilmişdi. Bizdəki tikinti sektorlarındakı "şəffaflığ"ı nəzərə alsaq, aşağı-yuxarı 1 milyarda qədər vəsaitin getdiyi inandırıcıdır. Təsəvvür edin, bu iki stadionun "smeta"sı arasında 10 dəfəyə yaxın fərq var. Hansı ki, BOS Bişkekdəki stadiondan 15 min artıq tamaşaçı tutur. Bir məqamı da nəzərə alaq ki, bu iki stadionun tikilmə tarixi arasında da 10 il fərq var. Yəni aradan keçən 10 ildə dünya bazarında tikinti materiallarının da qiyməti qalxıb. Bu mənada qırğızlar bu stadionu 10 il qabaq, yəni BOS tikilən dövrdə tiksəydi, qiymət daha aşağı olacaqdı. Yaxud, BOS indi tikilsəydi, qiymət daha yüksək olacaqdı. Sözümü nəyə gətirirəm? Bizim problemimiz tək futbolla bağlı deyil. Təfəkkür olaraq, düşünsə olaraq da düzəlməliyik. Yəni qırğız, gürcü və digəri bir iş görəndə vicdanla görür, rüşvətsiz görür, gördüyü işə yeyinti yeri kimi baxmır. Bizdə isə təəssüf ki, böyük əksəriyyət ilk növbədə cibini, iş yekunlaşana qədər nə qədər "levi" çıxarı olacağını düşünür. Ona görə layihə olaraq 16 minlik stadion təqdim edib, yekunda 9 minlik "qutu" ortaya çıxardırıq.

 

Bu arada, məlumat üçün də deyim ki, Qırğızıstan millisi DÇ-2026-nın seçmə oyunu çərçivəsində səfərdə Çin Taypeyi-ni 5:1 hesabı ilə məğlub edərək, yer aldığı D qrupunda liderliyə yüksəlib. "Çin Taypeyi" deyib ağız da büzməyək, çünki Çin Taypeyi FİFA reytinqində bizim sürünə-sürünə 1 qol vurub məğlub etdiyimiz Monqolustandan 33 pillə öndədilər. Belə. Demək ki, məsələ heç də futbol ənənəsinin olub-olmamasından yox, necə işləməkdən asılıdır.

 

Anar XANLAROV

Seçilən
44
Mənbələr
Şərh ()
Bağla