AZ

Sem Constoun AÇ-2024-ə gedəsi olmadı

İngiltərə millisinin və “Kristal Pelas”ın qapıçısı Sem Constoun mövsümün qalan hissəsini və AÇ-2024-ü zədə səbəbindən buraxacaq.

Arena.az xəbər verir ki, bu barədə Britaniya mətbuatı məlumat yayıb.

Xəbərdə bildirilir ki, qolkiper dirsək nahiyəsindən aldığı zədəyə görə ötən gün əməliyyat olunub. Bu isə Constoun üçün cari mövsümün erkən bitməsi anlamına gəlir.

O, İngiltərə yığmasının heyətində Belçika millisi ilə matçdan öncə keçirilən məşqdə zədələnib. Həkimlər onun 4 aya qədər yaşıl meydanlardan kənarda qalacağını bildiriblər. İngiltərə millisinin ikinci qapıçısı olan Constounun bununla da qitə birinciliyində yığmaya kömək edə bilməyəcəyi dəqiqləşib.

Xatırladaq ki, İngiltərə millisi AÇ-2024-ün final mərhələsində Sloveniya, Danimarka və Serbiya yığmaları ilə birgə C qrupunda mübarizə aparacaq.

Sem Constoun 2021-ci ilin iyul ayından “Kristal Pelas”da forma geyinir. 31 yaşlı qolkiper bu komandanın heyətində indiyə qədər 34 oyuna çıxıb, 43 qol buraxıb, 14 “quru” matç keçirib.

“Mançester Yunayted”in yetirməsi olan ingilis qolkiperə “qırmızı şeytanlar”ın əsas komandasında oynamaq qismət olmayıb. O, karyerası ərzində “Vest Bromviç”, “Aston Villa”, “Donkaster”, “Preston”, “Skantorp Yunayted”, “Uolsol”, “Yovil Taun” kimi klubların formasını geyinib.

Constoun İngiltərənin U-16, U-17, U-19, U-20 yığmalarında da oynayıb. O, İngiltərənin əsas millisində isə 2021-ci ilin iyun ayında debüt edib. Təcrübəli qolkiper yığmada cəmi 4 matça çıxıb, bütün görüşlərdə də qapısını toxunulmaz saxlayıb.

“Transfermarkt” internet-portalı 31 yaşlı qapıçının transfer dəyərini 12 milyon avro məbləğində qiymətləndirir.

phrase_var_article.chosen
23
phrase_var_article.sources
phrase_var_article.comment ()
phrase_var_article.close