AZ

Ruslan Əmircanov “Cəbrayıl”ı niyə seçib?

2-ci liqa təmsilçisi “Cəbrayıl” millinin veteran futbolçusu Ruslan Əmircanovu heyətinə qatıb.

“Karvan”, “Standart”, “Keşlə”(indiki “Şamaxı”) və “Neftçi” kimi klubların formasını geymiş müdafiəçi peşəkar futbolçu karyerasını bitirsə də, qazonun ətrindən çox uzaq qala bilmədi. 39 yaşlı Ruslanın yenidən yaşıl meydana dönməsi, Elvin Məmmədov, Cavid Tağıyev kimi veteran futbolçuların da şərəfini qoruduğu, Cavid Hüseynovun isə çalışdırdığı “Cəbrayıl”a transfer olunması maraq doğurdu. Bu üzdən özü ilə danışmağı lazım bildik:

“Karyeramı bitirəndən sonra da müntəzəm məşqlərdəyəm. Həm artıq çəkim yoxdu, həm də fərdi məşqlərdə uşaqlarla birgə çalışıram. Ayrıca “İnter”in tərkibində minifutbol çempionatında çıxış edirəm. Yəni özümdə bu gücü hiss edirdim. “Cəbrayıl”ın təcrübəli futbolçuya ehtiyacı olarsa, oynaya biləcəyimi dəCavid Hüseynova demişdim. Artıq ikinci dövrədə elə məqam yarandı ki, Cavid müəllim məni də heyətə qatmaq istədiklərini dedi. Elvin Məmmədov, Cavid Tağıyev də ordadı. Mənim də ora getməyim komandadakı gənclərə motivasiya verəcək. Məqsəd 1-ci liqaya çıxmaqdı. Bu üzdən “Cəbrayıl”ın təklifinə canla-başla razı oldum. Yəni hələ də gücüm var, deyim ki, barıtım qurtarıb, yox. Elə futbolçu var ki, qaça, 90 dəqiqə ərzində çatdıra bilməyəcəyini özündə hiss edir. Şükür Allaha, bu yöndə əziyyət çəkmirəm deyə, bu təklif mənə gəldi. Formada olmasaydım, heç mənə deməzdilər. Qoca olduğumu, çatdıra bilməyəcəyimi düşünüb təklif göndərməyə tərəddüd edərdilər. Etimadı doğrultmağım öz əlimdədi. Meydanda mənə hansı şans veriləcəksə, təbii ki, bundan maksimum yararlanacam və məni komandaya boşuna dəvət etmədiklərini sübut etməyə çalışacam. Ən azı komandaya gəlmişəmsə, təcrübəmlə, oyunumla gənclərə dəstək olmalıyam. Ümumiyyətlə, təcrübəli, gənc – hər kəsinhədəfi var ki, komanda 1-ci liqaya yüksəlsin. Bunun üçün də əlimizdən gələni edəcəyik”.

KAMAL SƏFƏR
Seçilən
24
Mənbələr
Şərh ()
Bağla