AZ

Kobaxidzedən ermənilərə...

Bir neçə gün əvvəl Ermənistana gələn Gürcüstanın yeni Baş naziri İrakli Kobaxidze ermənilərin katalikosu II Qareginlə görüşmək istəməyib.

Herbiand.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” qəzeti yazır.

Gürcüstan baş naziri rəsmi səfəri çərçivəsində sadəcə həmkarı Nikol Paşinyan və Prezident Vaaqn Xaçaturyanla görüşüb, birincisi ilə mətbuat konfransı keçirib. Nəşr qeyd edir ki, Ermənistana səfər edən digər ölkələrin liderlərindən fərqli olaraq, Kobaxidze ermənilərin katolikosu ilə görüşməyib.

“Past” hökumətdən belə bir prosessual yayınmaya niyə yol verdiyini soruşub. Amma Paşinyanın sözçüsü Nazeli Baqdasaryanın nəşrə cavabı o qədər də aydınlaşdırıcı olmayıb. O, sadəcə Ermənistan baş nazirinin görüşləri ilə bağlı danışmaq səlahiyyətinin olduğunu deyib.

Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Ani Badalyan Qareginlə görüşün səfər proqramına əvvəldən daxil edilmədiyini təsdiqləyib.

Badalyanın bu sözlərindən belə anlaşılır ki, nə Kobaxidze, nə də Paşinyan ermənilərin baş keşişi ilə görüşün proqrama daxil edilməsində maraqlı olub: “Rəsmi səfərlər çərçivəsində baş tutan görüşlərin əhatə dairəsi səfərin gündəliyi və müzakirə olunacaq məsələlərin spektri nəzərə alınmaqla qarşılıqlı razılaşma əsasında müəyyən edilir”.

Nəşr yazır ki, hökumət Kobaxidzenin İrəvanda qondarma erməni soyqırımı abidəsinə ziyarətinin üstündən də səthi keçib:

“Daha bir epizod diqqət çəkdi. Vaxtilə Ermənistana gələn yüksək rütbəli rəsmilər, xüsusən də dövlət başçılarının səfərlərinin işıqlandırılması zamanı onların “erməni soyqırımı memorialı”nı ziyarət etmələri xüsusi vurğulanır, reportajlar hazırlanırdı. Baş nazirin rəsmi saytında bu dəfə sadəcə “İrakli Kobaxidze “Tsitsernakaberd memorialı”nı ziyarət edib” qeydi qoyuldu”.

Ermənistan baş naziri ilə katalikos və kilsə arasındakı münasibətlər Azərbaycanla 44 günlük müharibədən sonra pisləşib.

Qondarma soyqırımı məsələsinə gəlincə, nəşr bunu Ermənistan rəhbərliyinin Türkiyə ilə əlaqələrini normallaşdırmaq istəyi ilə əlaqələndirir. İddiaya görə, İrəvan qondarma soyqırımı ilə bağlı beynəlxalq təbliğatdan imtina edib. Erməni mənbələri bunun normallaşma üçün Ankaranın tələblərindən biri olduğunu yazırlar.

phrase_var_article.chosen
10
23
phrase_var_article.sources
phrase_var_article.comment ()
phrase_var_article.close