AZ

“Qarabağ” bu tur çempionluğu təmin edə bilər

Martın 29-da futbol üzrə Azərbaycan Premyer Liqasında sonuncu – 4-cü dövrəyə start veriləcək.

Msport.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçiriləcək.

XXVIII turun açılış matçında “Qəbələ” “Neftçi”ni qəbul edəcək. Günün digər görüşündə isə lider “Qarabağ” “Kəpəz”lə qarşılaşacaq.

Hazırda 66 xalla turnir cədvəlinə başçılıq edən Ağdam təmsilçisi bu tur çempionluğu təmin edə bilər. Bunun üçün Qurban Qurbanovun baş məşqçisi olduğu komanda “Kəpəz”ə uduzmamalıdır. Qələbə və ya heç-heçə, digər oyunların nəticəsindən asılı olmayaraq, “Qarabağ”a 11-ci dəfə Azərbaycan çempionatının qızıl medallarını qazandıracaq.

Ağdamlılar hazırda ən yaxın izləyiciləri olan “Sabah” və “Neftçi”ni (hər ikisinin 40 xalı var) 26 xal qabaqlayır. “Qarabağ”ın bu turda mümkün qələbəsi (69 xal) lideri paytaxt təmsilçiləri üçün əlçatmaz edəcək. Əgər “köhlən atlar” “Kəpəz”lə qarşılaşmada heç-heçə etsə və qalan 8 matçın hamısında uduzsa, bakılılar isə bütün görüşlərini qələbə ilə başa vuraraq xalları (67) bərabərləşdirsələr belə, çempion yenə “Qarabağ” olacaq.

Çünki komanda bu mövsüm “Neftçi”yə hər 3 oyunda, “Sabah”a isə 2 görüşdə qalib gəlib. “Tələbələr”lə bir qarşılaşmada isə qalib müəyyənləşməyib – 3:3. Yəni, yekunda hər 3 komandanın xalı bərabər olsa belə, şəxsi oyunlardakı üstünlüyə görə titula “Qarabağ” sahib çıxacaq.

Qeyd edək ki, turun digər matçlarında “Səbail” “Turan Tovuz”u, “Sabah” “Zirə”ni, “Sumqayıt” isə “Araz-Naxçıvan”ı sınağa çəkəcək.

Seçilən
34
1
Mənbələr
Şərh ()
Bağla