AZ

Bir yerdəyik, bir nöqtəyə vururuq, öz gücümüzə güc qatırıq

Dövlət başçısı İlham Əliyev Türkiyəyə rəsmi səfəri çərçivəsində mətbuata bəyanatında bir daha qeyd etdi ki,türk dünyasının birləşməsi, ortaq köklərə sahib olan xalqların bir arada olması Türk Dövlətləri Təşkilatının hər bir üzvünü gücləndirəcək   

“Bizim ailəmiz türk dünyasıdır. Biz özümüzü çox yaxşı hiss edirik. Türk Dövlətləri Təşkilatına üzv olan bütün ölkələrlə qardaşlıq münasibətlərimiz var və bizim siyasətimiz Türk Dövlətləri Təşkilatını gücləndirməkdir. Bu, böyük coğrafiyadır, böyük ərazidir, böyük hərbi gücdür, böyük iqtisadiyyatdır, təbii sərvətlərdir, nəqliyyat yollarıdır, gənc əhalidir, artan əhalidir və bir soydan, kökdən olan xalqlardır. Bundan güclü birlik ola bilərmi? Əlbəttə ki, yox. Biz müştərək səylərlə elə etməliyik ki, Türk Dövlətləri Təşkilatı qlobal arenada önəmli aktora və güc mərkəzinə çevrilsin. Buna biz ancaq birlikdə nail ola bilərik.» Dövlət başçısı İlham Əliyev fevralın 14-də keçirilən andiçmə mərasimində türk dünyasının birliyinin önəmini bir daha diqqətə çatdırdı.

Reallıq budur ki, Azərbaycan  həmişə türk dünyasının sıx birləşməsinə öz töhfəsini verib. 2009-cu ildə Naxçıvan Zirvə görüşündən başlayaraq Türk Dövlətləri Təşkilatı  böyük inkişaf yolu keçib.  Türk dünyası 200 milyondan çox insanın yaşadığı geniş bir coğrafiyanı əhatə edir və böyük iqtisadi potensiala, enerji resurslarına, nəqliyyat yollarına və müasir hərbi imkanlara malikdir. Cənab İlham Əliyevin daim çıxışlarında qeyd etdiyi kimi, türk dünyası böyük bir ailədir. Bir-birinin milli maraqlarını nəzərə alaraq bundan sonra da qarşılıqlı dəstək və həmrəylik göstərməlidirlər.

Türk dünyasının birliyinin, həmrəyliyinin möhkəmləndirilməsi  dövlətimizin xarici siyasətinin əsas tərkib hissəsidir. Dövlət başçısı İlham Əliyevin 2021-ci ildə Türk Dünyasının Ali Ordineninə layiq görülməsi  bütün məqamları özündə ehtiva edir.  Azərbaycan-Türkiyə dostluğunun, qardaşlığının fonunda ümumilikdə türk dünyasının birliyi özünün aydın mənzərəsini yaradır. Sıx tellərlə bağlı olan bu əlaqələr zamanın sınaqlarından şərəflə çıxaraq bu gün müttəfiqlik səviyyəsinə yüksəlib.

Dövlət başçısı İlham Əliyevin 7 fevral tarixində keçirilən prezident seçkilərində qələbəsindən sonra ilk rəsmi səfərini fevralın 19-da qardaş Türkiyəyə etməsi də həm Azərbaycan-Türkiyə münasibətlərinin bugünkü inkişaf səviyyəsinə, həm də ümumilikdə türk dünyasının birliyinə verdiyi töhfələrə işıq saldı.

Tarixi Zəfərimizdən sonra bu əlaqələrdə yeni bir mərhələ başladı.  2021-ci il 15 iyun tarixində Azərbaycanın döyünən ürəyi, Qarabağın tacı Şuşa iki dost, qardaş ölkənin dostluğunun, qardaşlığının, müttəfiqliyinin rəsmiləşdirilməsinə şahidlik etdi. Belə ki, Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə qardaşlığının bundan sonrakı mərhələdə inkişafının yol xəritəsidir. Dövlət başçısı İlham Əliyev Türkiyəyə rəsmi səfəri çərçivəsində mətbuata bəyanatında bildirdi ki, bu gün Müttəfiqlik Bəyannaməsini əsas götürərək  bütün məsələlərdə bir yerdəyik, bir nöqtəyə vururuq. Biz öz gücümüzə güc qatırıq. Təbii ki, türk dünyasının birləşməsi, ortaq köklərə sahib olan xalqların bir arada olması Türk Dövlətləri Təşkilatının hər bir üzvünü gücləndirəcək: «Türk Dövlətləri Təşkilatının Şuşada keçiriləcək qeyri-rəsmi Zirvə görüşü hörmətli Prezidentin qeyd etdiyi kimi, bu ilin iyul ayında keçiriləcəkdir. Eyni zamanda, müşahidəçi statusunda olan Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti də mənim dəvətimlə bu görüşdə iştirak edəcək və bu, bizim ümumi işimizə, Türk xalqlarının birliyi işinə növbəti güclü təkan verəcək.»

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mətbuata bəyanatında bildirdi ki, Azərbaycan ilə əməkdaşlığımızın Ümummilli Lider Heydər Əliyevin vurğuladığı “Bir millət, iki dövlət” şüarı əsasında irəlilədiyini görürük.

Böyük öndərlər- Mustafa Kamal Atatürkün “Azərbacanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir”, Heydər Əliyevin “Biz bir millət, iki dövlətik” tezisləri bütün dövrlər üçün öz aktuallığını qoruyur, Azərbaycan-Türkiyə qardaşlığına bələdçilik edir. Sevincli, kədərli anlarda daim biri-birinə dəstək olan Azərbaycan-Türkiyə qardaşlığı dünyaya nümunədir.  

O da məlumdur ki, ötən il Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşünün Şuşada keçirilməsi nəzərdə tutulmuşdu. Lakin dövlət başçısı İlham Əliyevin təşəbbüsü ilə bu tədbir ötən ilin mart ayında qardaş Türkiyədə keçirildi. Türkiyədə baş vermiş dəhşətli zəlzələ ilə əlaqədar Prezident İlham Əliyev qardaş ölkəyə dəstək məqsədilə Zirvə görüşünün Ankarada keçirilməsi təklifi ilə çıxış etdi. Digər iştirakçı ölkələrin rəhbərliyi ilə razılaşdırıldıqdan sonra bununla bağlı müvafiq qərar qəbul olundu. Bu, bir daha Azərbaycan-Türkiyə qardaşlığının, türk dünyasında qarşılıqlı dəstəyin və hörmətin bariz nümunəsidir. “Təbii fəlakət-fövqəladə halların aradan qaldırılması və humanitar yardım” mövzusuna həsr olunan Zirvə görüşü Türkiyənin cənub və cənub-şərq bölgələrində baş verən zəlzələ nəticəsində yaranan fövqəladə vəziyyətlə bağlı məsələlərin ən yüksək səviyyədə müzakirə edildiyi platforma oldu.  Liderlər fəlakətlərlə mübarizədə Türk Dövlətləri Təşkilatı daxilində sıx çoxtərəfli əməkdaşlıq və koordinasiya mexanizmlərinin yaradılmasına diqqət çəkdilər, regionda mövcud çağırışlarla bağlı məsləhətləşmələr apardılar.

Onu da qeyd edək ki, Türk Dövlətləri  Təşkilatının qeyri-rəsmi Zirvə görüşü bu ilin iyul ayında Şuşada keçiriləcək. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan «Ailə məclisimiz olan Türk Dövlətləri Təşkilatındakı birliyimizin daha da təsisatlanması və güclənməsi üçün çalışmaqda davam edirik. İyul ayında Təşkilatımızın fövqəladə Zirvə görüşünün türk dünyasının mədəniyyət paytaxtı Şuşada keçirilməsi ilə əlaqədar xüsusilə məmnunluğumu bildirmək istəyirəm» fikirləri ilə türk dünyasının birilyinin daha da möhkəmləndirilməsi istiqamətində atılan addımların davamlılığından məmnunluğunu ifadə etdi. Onu da qeyd edək ki, qardaş ölkənin türk dünyasının birliyinə töhfələri böyükdür. Prezident Rəcəb Tayyib Ərdoğanın 2022-ci ildə Türk Dünyasının Ali Ordeninə layiq görülməsi bunun bariz nümunəsidir. Hər iki dost ölkə Türk Dövlətləri Təşkilatının nüfuzunun artması istiqamtəində mühüm addımları ilə diqqətdədirlər.

Ümumiyyətlə, son illərdə Türk Dövlətləri Təşkilatına üzv ölkələr arasında əlaqələr və əməkdaşlıq getdikcə güclənir. Hazırda türk dövlətləri arasında münasibətlərin daha da inkişafı istiqamətində mühüm addımlar atılır. Heç şübhəsiz, son illərdə Azərbaycan böyük siyasi gücə çevrilərək mövqelərini möhkəmləndirib. 2020-ci ildə Vətən müharibəsində Qarabağı və Şərqi Zəngəzuru erməni işğalından azad edən Azərbaycan bununla türk dünyası ölkələri arasında coğrafi bağlantını da təmin etmək üçün gözəl imkan yaradıb. Belə ki, 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatda Zəngəzur dəhlizinin açılması ilə bağlı bəndin yer alması və bu müddəanın yerinə yetirilməsi türk dövlətlərini coğrafi baxımdan da bir-birinə bağlayacaq.

Bu fikir cənab İlham Əliyev tərəfindən dam vurğulanır ki, türk dünyası təkcə müstəqil türk dövlətlərindən ibarət deyil, onun coğrafi sərhədləri daha genişdir. Türk Dövlətləri Təşkilatının üzvləri olan ölkələrdən kənarda yaşayan soydaşlarımızın hüquqlarının, təhlükəsizliyinin, milli kimliyinin qorunması, onların assimilyasiyaya uğramaması kimi məsələləri artıq təşkilat çərçivəsində daimi əsasda diqqətdə saxlamağın vaxtı gəlib çatmışdır.

Azərbaycan Şərqlə Qərb arasında mühüm qovşağa çevrilib. Ölkəmizin inkişaf etdirdiyi nəqliyyat-logistika şəbəkəsi, Avropa ilə Asiya arasında daşımalar üçün olduqca vacib əhəmiyyət daşıyır. Belə ki, Mərkəzi Asiyadan və Çindən Avropaya daşınan yüklər artıq daha qısa vaxta və daha az xərclə Avropaya çatdırılır. Bu, həmçinin Mərkəzi Asiya ölkələrinin, o cümlədən türk dövlətlərinin inkişafına da müsbət təsirini göstərir. Son illər Azərbaycan Liderinin Mərkəzi Asiya ölkələrinə ardıcıl səfərləri, həmçinin bu regiondakı ölkələrin dövlət başçılarının Azərbaycana səfərləri dərinləşən əlaqələrin mühüm komponentini təşkil edir. Bu səfərlər zamanı imzalanan sənədlər ölkələrimiz arasında əməkdaşlığın genişləndirilməsi üçün möhkəm təməl rolunu oynayır.

Suverenliyimizin və ərazi bütövlüyümüzün tam təmin olunması fonunda ölkəmizin həyatında yeni dövr başlayıb. Bu yeni dövrün yeni hədəfləri türk dünyasının birliyinin, həmrəyliyinin daha da möhkəmləndirilməsinə xidmət edən addımlara yol açacaq.

Yeganə Əliyeva, «İki sahil»

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
175
ikisahil.az

1Mənbələr