AZ

Tahir Gözel: “Qarabağ”ın qələbəsi bütün xalq üçün ilham oldu

Tahir

Bakı, 23 fevral, AZƏRTAC

"Qarabağ" göstərdi ki, oyunun gedişində üstünlük rəqibdə olsa belə, qələbə üçün sona kimi mübarizə aparmaq lazımdır".

AZƏRTAC xəbər verir ki, bu sözləri "Qarabağ"ın prezidenti Tahir Gözel UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab matçı çərçivəsində Bakıda Portuqaliyanın "Braqa" klubuna qarşı oyundan sonra jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, futbol tarixində bu cür - hər saniyəsi həyəcandan ibarət çox az oyun olub: "Həyatım boyu belə ləzzətli oyun izləməmişəm. İnsanlar futbolun taktika olduğunu deyirlər. Lakin mən buna qatılmıram. İnsanı uğura aparan onun ruhudur, qələbə əzmidir".

Klub rəhbəri bildirib ki, Ağdam təmsilçisi tarixi nəticəyə imza ataraq 1/8 finala vəsiqə qazandı: "Biz 50-60 dəqiqə 10 nəfərlə mübarizə apardıq. "Qarabağ" yorula bilərdi. Deyə bilərdilər ki, bizə çətindir. Amma onlar son dəqiqəyə kimi əllərindən gələni etdilər. Bu, bütün xalq üçün ilham oldu. Bu axşamdan etibarən hamımız həyata başqa ruhla davam edəcəyik. Mən bu Vətənə, bu xalqa aşiqəm. Prezident İlham Əliyevin, Qurban Qurbanovun, futbolçularımızın, azarkeşlərimizin dəstəyi ilə xalqımıza ən gözəl hədiyyəni bu axşam "Qarabağ" verdi. Bizim ruhumuz bizim uğurumuzun sirridir. Heç kim bizim qarşımızda dayana bilməz. Mən hiss edirdim ki, bu axşam tarixi bir gün olacaq".

Qeyd edək ki, səfərdəki ilk matçda rəqibinə 4:2 hesabı ilə qalib gələn "Qarabağ" iki görüşün nəticəsinə əsasən tarixində ilk dəfə 1/8 finala vəsiqə əldə edib.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
201
azertag.az

1Mənbələr