AZ

Müasir Ordubadımız Şərqin gözəl inciləri sırasında

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Ordubad” Dövlət Tarix-Mədəniyyət Qoruğunun yaradılması haqqında" müvafiq Sərəncam imzalayıb. Sərəncamda bildirilir ki, Ordubad rayonu Azərbaycanın qədim yaşayış məskənlərindəndir. Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın incisi adlandırdığı Ordubadın adına ilk dəfə V əsrin yazılı mənbələrində rast gəlinir. Rayonun ərazisi Qədim Daş dövründən başlayaraq Son Orta əsrlərə qədərki dövrə aid abidələrlə zəngindir. Tivi və Nəsirvaz kəndlərindən şimal-şərqdə, Qapıcıq dağının cənub-şərq yamacındakı Qaranquş yaylağında Tunc və İlk Dəmir dövrlərinə aid edilən, üzərində ov və rəqs səhnələri, müxtəlif işarələr və damğalar olan qaya parçaları aşkar edilmişdir ki, bu da əcdadlarımızın həyat tərzini, dünyagörüşünü, adət-ənənələrini izləməyə imkan verir. Rayonun ərazisindəki Xarabagilan şəhər yeri Orta əsrlər dövrünün şəhər həyatını, təsərrüfatını, sənətkarlığını, müdafiə sistemini, su təchizatını və memarlığını tədqiq etmək üçün unikal arxeoloji abidədir.

Rayonun inzibati mərkəzi Ordubad şəhəri qədim tarixə malikdir. XVII əsrin əvvəllərində Ordubadda Cümə məscidi, mədrəsə, buzxana, qeysəriyyə, hamam və karvansaralar tikilmiş, Anbaras, Kürdatal, Üçtürləngi, Mingis və Sərşəhər məhəllələri, Ərasət meydanı ansamblı, üç meydan ətrafında örtülü bazar kompleksi salınmışdır. Ordubadın əsas su təchizatı olan kəhriz sistemi də bu dövrdə yaradılmışdır. Şəhərin küçə şəbəkəsi Cümə məscidinin yerləşdiyi mərkəzi meydandan şüa şəklində şaxələnərək müxtəlif məhəllələrin əsasını təşkil edir. XVII–XVIII əsrlərdə inşa edilmiş Cümə, Anbaras, Sərşəhər, Dilbər və Təkeşiyi məscidləri öz tarixi və mədəni əhəmiyyətini bu gün də saxlayır. Biz həmin abidələr vasitəsi ilə ulularımızın hansı həyat tərzi keçirdiklərini və mədəniyyətə malik olduğunu öyrənə bilirik.

Prezidentin Sərəncamına əsasən, Ordubad Tarix-Memarlıq Qoruğunun ərazisi bundan sonra “Ordubad” Dövlət Tarix-Mədəniyyət Qoruğu"  elan edilmişdir.

Dövlət başçısının Sərəncamı ölkəmizin mədəni ictimaiyyəti tərəfindən böyük məmnunluqla qarşılanmışdır. Çünki Sərəncamda da deyildiyi kimi, Ordubad zamanında Şərqin ilk inkişaf etmiş şəhərlərindən biri kimi məşhur idi. Böyük İpək Yolunun Ordubaddan keçməsi şəhərin mərkəzləşməsinə, mədəniyyətinə  və inkişafına təkan vermişdir. Bu şəhərdə doğulub boya-başa çatmış böyük yazıçımız Məmməd Səid Ordubadinin "Qılınc və qələm" romanında Atabəylər dövlətinin padşahları və sultanları haqqında olduqca dəyərli faktlar var. Bu bölgənin adamları amansız düşmənlərə qarşı mübarizə aparmış, qeyrət və qəhrəmanlıq nümunələri göstərmişlər. Ordubadlıların da qəhrəmanlıqları barədə çoxlu bədii əsərlər yazılmışdır. Onların bu məziyyətləri xalq arasında geniş yayılmış bayatılarda da öz əksini tapmışdır:

Yol gedər Ordubada,
Salmasdan Ordubada,
Sərkərdə qoçaq olsa,
Heç verməz ordu bada.

Mənbələrdə 70 kəhrizi və məscidi ilə tanınan Ordubad şəhərinin su təchizatı və kanalizasiya sistemi, analoqu olmayan Şərq memarlığı üçün xarakterik mədəniyyət abidəsidir. Orta əsr şəhərlərinin xarakterik xüsusiyyətlərini özündə əks etdirən Ordubad şəhəri Səfəvi hökmdarlarından olan I Şah Abbasın baş vəziri təyin edilən ordubadlı Hatəm bəyin dövründə daha da inkişaf etmiş və burada bir-birini tamamlayan nadir memarlıq abidələri yaranmışdır. Orta əsrlərdə şəhərlərin salınmasında su təchizatı ilə yanaşı şəhərin kanalizasiya sisteminə və yaşıllıqlarına da xüsusi fıkir verilirdi. Şəhər əhalisini içməli su ilə təchiz etmək və şəhərin yaşıllıqlarını suvarmaq üçün süni su mənbələrindən, yəni kəhrizlərdən istifadə edirdilər. Şəhər kəhrizləri strateji cəhətdən də əlverişli mövqe tuturdu. Düşmən mühasirəsində uzun müddət qalan şəhər əhalisinin suya olan tələbatı da yalnız kəhrizlər vasitəsilə ödənilirdi. Ordubad şəhərinin su mənbələrini Ordubad və Gənzə çayları və onların məcrasının yeraltı axınlarından qidalanan kəhriz sistemləri təşkil edirdi. Əsasən Ordubad və Gənzə çaylarının yeraltı axınlardan qaynaqlanan Ordubad şəhərinin su təchizatının həllində ərazinin mühəndis-geoloji və hidrogeoloji xüsusiyyətləri kankanların (quyu qazanların) min illik təcrübələrində nəzərə alınmışdır. Yayda çaylar quruduqları vaxt yeganə etibarlı və təmiz su mənbəyi olan kəhrizlərdən istifadə olunurdu.

Vurğulamaq lazımdır ki, Ordubad şəhəri uzaq və yaxın Şərq ölkələrini Avropa ilə birləşdirən Böyük İpək Yolunun üstündə yerləşən, hazırda Naxçıvan Muxtar Respublikasının tarixi-arxeloji abidələri ilə zəngin olan, UNESCO-nun Ümumdünya irsinin ilkin siyahısında olan rayonlarımızdan biridir. Ordubad rayonunda hər məhəllənin özünə məxsus məscidləri var ki, bunlar əsasən XVII–XIX əsrlərə aiddir. Ordubad  mənəvi inanc yeri olan pirlərlə, ziyarətgahlarla zəngindir.

Müasir Ordubad isə özünün dövlət xadimləri, görkəmli alimləri, istedadlı şair və yazıçıları, iş adamları ilə tanınır. Ordubad zəngin mətbəxi, üzümü, əriyi, ənciri, qozu, dadlı meyvə quruları, balı, mürəbbələri, müalicəvi gül-çiçəkləri ilə fərqlənir. Onlar alıcıların xoşuna o qədər gəlir ki, bazarlarda belə çətin tapmaq çətin olur.

Bölgənin gözəl flora və faunası, heyvanat aləmi var. Dağlarda və meşələrdə qanur ayı, canavar, vaşaqkimilər, oxlu kirpi, qaban, tülkü, dovşan, ilan növləri, yırtıcı qartallardan Berkut, Kərkəs, xınalı kəklik, Qafqaz uları, qırqovul, qaratoyuq və s. canlılar yaşayır. Turistlərin istirahəti üçün axarlı-baxarlı yerlər saysız-hesabsızdır.

Bir sözlə, Ordubad ölkəmizin özünəməxsus təbiəti olan dilbər guşələrindən biridir. Həm də bu yerlərdəki abidələrin bir çoxu keçmiş tariximizlə sıx bağlıdır. Biz onlarla öz tarixi keçmişimizi, milli kimliyimizi, mədəniyyətimizi, adət-ənənələrimizi öyrənirik. Bu baxımdan Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı Sərəncam olduqca dəyərli dövlət sənədidir. Bu Sərəncam tələb edir ki, biz bizim olan nə varsa hamısının qədrini bilməli, qoruyub saxlamalı və gələcək nəsillərimizə əmanət etməliyik.

Vəli İlyasov,  "İki sahil"

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
143
ikisahil.az

1Mənbələr