AZ

Bolqarıstan və Rumıniya 2024-cü ilin martında Şengen zonasına qoşulacaq

Avropa İttifaqının üzvləri Bolqarıstan və Rumıniyanın Şengen zonasına mərhələli inteqrasiyasını təsdiqləyiblər.

Bu barədə “Report” Avropa Komissiyasının mətbuat xidmətinə istinadən xəbər verir.

“Bu gün Bolqarıstan və Rumıniya üçün tarixi bir məqamdır. Rumıniya və Bolqarıstan vətəndaşları üçün böyük qürur günüdür. Mart ayından etibarən onlar daxili dəniz və hava sərhədlərini sərhəd nəzarəti olmadan sərbəst keçə biləcəklər. Bu, hər iki ölkə və bütövlükdə Şengen zonası üçün irəliyə doğru mühüm addımdır”,- Avropa Komissiyasının prezidenti Ursula Fon der Lyayen bəyan edib.

Qeyd olunub ki, quru sərhədlərdə yoxlamaların ləğvi ilə bağlı müzakirələr 2024-cü ildə davam etdiriləcək.

Xatırladaq ki, Bolqarıstan və Rumıniya 2007-ci ildən Şengen zonasının bir hissəsi olmaq üçün çalışırlar. Avropa Komissiyası 2011-ci ildə iki ölkənin bu addımına müsbət rəy versə də, proses müxtəlif Aİ ölkələri tərəfindən əngəllənib.

Belə ki, 2022-ci ilin dekabrında Avstriya bu ölkələri qeyri-qanuni miqrasiya ilə mübarizədə “zəif səylər” göstərdiyinə görə təşəbbüsü bloklayıb. 2023-cü ildə isə Bolqarıstanı Rusiya qazının tranzitinə vergi tətbiq etdiyinə görə tənqid edən Macarıstan bu ölkənin Şengenə qoşulmasına mane olub.

1985-ci il iyunun 14-də Avropanın beş dövləti – Belçika, Niderland, Lüksemburq, Fransa və Almaniya tərəfindən imzalanmış Şengen sazişi bəzi Avropa İttifaqı dövlətlərinin sərhədlərində pasport-viza nəzarətinin ləğv edilməsi haqqında sazişdir. 1995-ci il martın 26-da qüvvəyə minən saziş 1999-cu il mayın 1-də Aİ-nin Şengen qanunvericiliyi ilə əvəz olunub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
184
2
report.az

10Mənbələr