AZ

Azərbaycanda keçiriləcək COP29 nədir, xərcini kim çəkəcək, kimlər gələcək? 10 suala cavabda

  • Müəllif, İlkin Həsənov
  • Vəzifə, BBC News Azərbaycanca, Bakı

Hər il fərqli bir ölkənin ev sahibliyi etdiyi 29-cu "Tərəflərin Konfransı (COP)" noyabrın 11-dən 22-dək Bakıda keçiriləcək.

Tədbirə hazırlaşan Azərbaycan neft və qaz ixracatçısı kimi “nümunə göstərmək” üçün özünün 1.5C-yə (qlobal istiləşmə həddinin bu temperaturdan aşağı olması) uyğunlaşdırılmış milli planı üzərində işləyir.

Bunu COP29 ərəfəsində bu həftə Almaniyada keçirilən Petersberq İqlim Dialoqunda Azərbaycanın ekologiya naziri və COP29-un prezidenti Muxtar Babayev deyib.

O vurğulayıb ki, Azərbaycan “milli inkişaf planının mərkəzinə iqlim tədbirlərini qoyacaq”.

COP29-un keçirilməsi üçün Bakı Olimpiya Stadionu seçilib, COP29 Əməliyyat Şirkətinin rəsmisi Nərmin Carçalova aprelin 15-də keçirdiyi mətbuat konfransında deyib. O, "iştirakçı sayına və miqyasına" görə COP29-u Azərbaycanın indiyədək ev sahibliyi etdiyi “ən böyük tədbir” adlandırıb, Azərtac yazıb.

COP29 iqlim fəaliyyətini sürətləndirmək və Paris Sazişinin məqsədlərinə nail olmaq üçün keçirilən tarixi görüş hesab olunur.

BMT-nin İqlim Dəyişikliyi Konfransı və ya COP29-un 2024-cü ilin noyabrında Azərbaycanda keçirilməsi elan ediləndən bəri rəsmi Bakı hazırlıq işlərinə çox da vaxt qalmadığını və işlərə start verdiyini bildirib.

May ayında Azərbaycan maliyyə məsələsində tıxanıqlığın qarşısını almaq üçün ölkələrin öz hesabatlarını mümkün qədər tez, COP29 başlamazdan bir neçə gün əvvəl təqdim etmələrini istəyib.

Bu barədə COP29 prezidenti Muxtar Babayev The Guardian nəşrinə deyib.

“Əgər yoxsul ölkələr emissiyaları azaltmaq, iqlim böhranının təsirlərinə uyğunlaşmaq və aldıqları hər hansı iqlim maliyyəsini hesablamaq üçün cəhd etdiklərini isbat edə bilsələr, inkişaf etmiş ölkələrin iqlim maliyyəsini onlardan əsirgəmək üçün daha az bəhanələri olacaq”, COP29 Prezidenti bildirib.

Nəşrin məlumatına görə, Bakıda keçiriləcək COP29 tədbirində yoxsul ölkələrə iqlimlə bağlı vəsait vermək, onlara istixana qazı emissiyalarını azaltmaq və ekstremal havanın təsirlərinə uyğunlaşmaqda kömək etmək üçün inkişaf etmiş ölkələrdən yeni qlobal məqsədlə gəlmək gözlənilir.

1. COP29 nədir?

COP “Conference of the Parties”, yəni Tərəflərin Konfransı adlanır və adındakı 29 rəqəmi tədbirin sayca 29-cu olduğuna işarə edir.

Bundan əvvəlki tədbir - COP28 keçən il Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində baş tutub.

COP29-un bir sıra iqlim dəyişikliyi məsələlərini müzakirə etmək və danışıqlar aparmaq üçün dünya liderlərini, hökumət rəsmilərini, alimləri, QHT-ləri və digər maraqlı tərəfləri bir araya gətirən böyük tədbir olacağı gözlənilir.

COP tədbirlərində, adətən, gündəlik müəyyən edilir və tədbir zamanı müzakirələrdən sonra yekun sənəd qəbul edilir.

Azərbaycanda keçiriləcək COP29-un gündəliyi hələ məlum deyil və çox güman ki, 2024-cü ilin mayında Almaniyada keçiriləcək Petersberq İqlim Dialoqu zamanı müəyyən ediləcək.

İndiyə kimi belə ənənə formalaşıb ki, illik COP tədbiri keçirilməzdən əvvəl dünyanın fərqli ölkələrinin iqlim icmasından olan tanınmış şəxslər və nazirlər Berlində yığışaraq bu tədbirin də gündəliyini müəyyən edir.

Burada nazirlər və diplomatlar növbəti COP tədbiri - əsas iqlim konfransı üçün prioritetləri müəyyənləşdirirlər.

2. COP tədbirinin məqsədi nədir?

2015-ci ilin dekabrında BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına üzv ölkələrin 21-ci konfransında Paris Razılaşması qəbul olunub.

Sənədi 171 ölkənin hökumətləri adından dövlət və hökumət rəhbərləri, xarici işlər, ətraf mühit nazirləri imzalayıb. Bu sənədi 2016–cı ilin aprelində Nyu-Yorkda, Birləşmiş Millətlər Təşkilatının Mənzil Qərargahında Azərbaycan Respublikası Hökuməti adından, keçmiş Ekologiya və Təbii Sərvətlər naziri Hüseyn Bağırov imzalayıb.

COP tədbirlərinin məqsədi, Paris Sazişinin tələbi olaraq dünyada karbon qazının (CO2) miqdarını sənayeləşmədən əvvəlki dövrdə olduğu kimi 1,5 dərəcə Selsi ilə məhdudlaşdırmaq üzrə irəliləyişə nail olmaq olur.

Bundan başqa, inkişaf etmiş ölkələr inkişaf etməkdə olan ölkələrə iqlim dəyişikliyinin təsirini azaltmaq və uyğunlaşmaqda kömək etmək üçün maliyyə yardımı üçün fond toplayırlar.

İnkişaf etməkdə olan ölkələrin artıq üzləşdiyi iqlim dəyişikliyinin qaçınılmaz təsirlərinə və bu təsirlərin aradan qaldırılması üçün maliyyə və digər dəstəyə ehtiyacı var. Bu dəstək olmadan inkişaf etməkdə olan ölkələr təmiz enerji mənbələrinə keçid edə, qlobal karbon qazı ifrazını azalda bilməzlər.

COP29 Konfransı iştirakçı ölkələr üçün yeni öhdəliklər götürmək və iqlim böhranını həll etmək üçün konkret addımlar atmaq üçün bir fürsətdir.

Bakıda

Şəklin mənbəyi, Getty Images

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
224
50
bbc.com

10Mənbələr