AZ

Üçüncü Dünya Savaşının ANONSU – “Bu regionlar müharibə poliqonuna çevrilə bilər”

Bunu Fransanın “La Chaine Info” kanalına müsahibəsində Litvanın xarici işlər naziri Qabrielius Landsberqis deyib.

Onun sözlərinə görə, söhbət müharibə başladıqdan öncə Ukraynada olan hərbçilərdən gedir.

“Biz Ukraynaya, orada müharibədən öncə olan hərbçiləri geri göndərə bilərdik. Mən sizə deyirəm ki, Litva, məsələn, Ukraynada əsgər hazırlayacaq Fransanın başçılıq etdiyi koalisiyaya qoşulmağa hazırdır”, - Landsberqis vurğulayıb.

Görəsən, yaranmış vəziyyətdə NATO Ukrayna münaqişəsinə qoşulacaq?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında hərbi ekspert Ramil Məmmədli qeyd edir ki, NATO onsuz da müharibə başlanandan Ukraynada mövcuddur: 

“Əslində Ukraynada müharibə başlanan ilk gündən NATO ölkələri faktiki olaraq müharibənin tərkib hissəsinə çevriliblər. Təminat, təchizat, şəxsi heyətin hazırlanması istiqamətində NATO ölkələri də müharibənin iştirakçısıdır. Ukrayna hərbçiləri həmçinin NATO ordularında təlim keçirlər. Həm də NATO ölkələrinin təlimçiləri Ukrayna ordusunda xidmət aparır. Bu baxımdan NATO-nun Ukrayna müharibəsində iştirak etmədiyini söyləmək doğru olmaz”. 

Ekspert hesab edir ki, Fransanın Ukraynaya qoşun göndərmək təklifi və bəzi NATO ölkələrinin həmin təklifə dəstək olması sadəcə olaraq, Rusiyaya hərbi-siyasi kontekstdə təzyiq vasitəsidir:

“NATO açıq şəkildə müharibəyə qoşularsa, həm müharibənin miqyası böyüyəcək, həm də təlafat, itkilər, dağıntıların miqdarı artacaq. Belədə, dolayısı ilə Üçüncü Dünya Müharibəsinin əsası qoyular. NATO-nun lokomotivi olan ABŞ Rusiya ilə açıq müharibədən çəkinir. Daha doğrusu, Parisin fikrini dəstəkləmir”.   

Həmsöhbətimizə görə, Qərbdə səslənən bu kimi fikirlər Rusiyanı daha da aqressivləşdirir. R. Məmmədli birmənalı şəkildə bildirir ki, NATO ölkələri hərbi birləşmələrinin Ukraynaya daxil olması hazırkı mərhələdə mümkün deyil:
Amma müharibənin miqyası böyüsə, Rusiya Kiyev istiqamətində irəliləməyə çalışsa, yalnız bu halda NATO ölkələrinin hərbi koalisiyası Ukrayna ərazisinə daxil ola bilərlər. Lakin bu hadisə müharibənin miqyasını daha da böyüdəcək. Hətta Şərqi Avropa da müharibə poliqonuna çevrilə bilər”. 

Rüfət Sultan, Bizim.Media 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
142
25
bizim.media

10Mənbələr