AZ

"Bəlkə də Yaşar Nuri məni həqiqətən sevirdi"

"Elə bilirlər paxıllıqdan deyirəm, amma Azərbaycan serialına baxmıram. Türk seriallarına baxıram. Türkiyədə qayda var ki, bir serialda oynayan aktyor ikinciyə gedə bilməz. Bizdə isə açırsan ki, indi buradadı, sonra başqasında. Deyirəm, başımı niyə yoruram".

Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Firəngiz Mütəllimova "Künc-bucaq" proqramında deyib. Aktrisa yerli serialları tənqid edib.

F.Mütəllimova "Alatava" serialının tənqid olunmasından danışıb:

"Baxdım ki, "Alatava"da kimlər oynayır, başa düşmədim. Baxsaydım, mən də deyərdim irad, söyüşlər düz deyil. Söyüşün əleyhinəyəm. Lap "düt" qoyasalar da, bilirsən ki, yaxşı olmayan nəsə qoyublar. Söyüşün formaları var: heç olmasa yüngül, efirlik. Hamımız insanıq, dərəcəsində həyatda da söyürük. Tamaşaçını nəzərə alaraq bir az yumşaq formada olmalıdır".

Aktrisa son vaxtlar heç bir filmə çəkilməməsinin səbəbini açıqlayıb:

"Komersiya filmlərinə çəkilmirəm. İstəmirəm, həvəsim yoxdur. Bir-iki dəfə danışığım olub. Görürəm ki, bu insanların kinoya aidiyyatı yoxdur. Qonorar deyəndə elə baxdı ki... Düşündüm ki, istədiyim qonorar elə filmin bütöv büdcəsidir. İstedadlı gənclər var. Ancaq qeyri-peşəkar insanların əlində olur kino, prodakşın. Bir ara hamı film çəkdi. Belə olmur axı... Əvvəl bir-ikisinə baxdım, dedim vaxtımı niyə sərf edim?".

F.Mütəllimova "Bacanaqlar" serialında rol almasının tənqid edilməsindən söz açıb:

"Məni indiyənə qədər buna görə tənqid edirlər ki, bizim Gülnarımızsınız, niyə getdiniz? Yaşar Nuriylə vəzifəli dostumuz var idi. Ona deyib ki, get, o qızı serialdan çıxart, oynamasın. Sonra həmin şəxs mənə dedi ki, bir həftə sonra baxdım, görüm Yaşar səni oradan çıxartdı? Gördüm ki, özü də orada çəkilir. Bir az çəkildim, gördüm ki, "çevir tatı, vur tatı", insan yorulur, yaş artıqca da bəzi şeylər artır, tədbirlərə gedirsən, seriallara çəkilməyə vaxtım və həvəsim yoxdur".

Aktrisa yayımlanan sosial proqramları tənqid edib:

"Sosial verilişlərə baxmıram. Problemim başımdan aşır, niyə dərdimin üstünə dərd qoyum? Bütün kanallarda eyni insanlardı, adam bezir. Verilişlər bir-birinə oxşayır. Orda biri kimisə axtarır, burada kiminsə əri...".

F.Mütəllimova mərhum Xalq artisti Yaşar Nuri və aralarında sevgi olması xəbərlərindən danışıb:

"2013-cü ildə keçirdiyim beyin əməliyyatından sonra həyatımda heç kim yoxdur. Bütün sevgim və dualarım Allaha, ailəmədir. Həyatda bir dəfə sevdim. Hətta ölümə qədər gedərdim. Amma ayrıldım, bizimki alınmadı. O, Türkiyə vətəndaşı idi.

Sonra mən həyat yoldaşımla tanış oldum. Düzdür, mən onun kimi həyat yoldaşımı sevmədim. Amma tərsinə oldu. O məni daha çox sevdi. Ailə həyatı qurdum və teatrdan da getdim. İnsan belədir də, səni sevəni sən heç zaman sevmirsən. Bizimki düz gətirmədi və biz ayrıldıq. İşə isə ailələr qarışdı.

Biz Yaşarla dost olmuşuq. O heç zaman mənim görmək istədiyim kişi xasiyyətində deyildi. Qadın var, kişini yaraşığına, elə qadın da var ki, xasiyyətinə görə sevir. Əslində isə kişi xasiyyətinə görə sevilməlidir. Bəlkə də o məni həqiqətən də sevirdi. Onu bilə bilmərəm. Amma mən onun məni sevməyini hiss etməmişəm. Etsəydim, indi etiraf da edərdim. Belə bir şeylər olmayıb. Amma Yaşarın məni çox istədiyini bilirdim. Sevgi başqa hissdir".


BiG.Az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
127
50
big.az

10Mənbələr