AZ

Aİ Azərbaycan və Ermənistan arasında delimitasiya prosesinin davam etdirilməsini alqışlayır - Peter Stano

Avropa İttifaqı Azərbaycan və Ermənistan arasında sərhəddin delimitasiyası prosesinin davam etdirilməsini alqışlayır.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Aİ-nin xarici siyasət xidmətinin rəsmi nümayəndəsi Piter Stano deyib.

"Aİ 1991-ci il Almatı sazişinə əsaslanan Ermənistan-Azərbaycan sərhəddinin delimitasiyası prosesi çərçivəsində əldə edilmiş irəliləyişi, daha dəqiq desək, mayın 15-də Ermənistan-Azərbaycan sərhəd komissiyalarının sərhədin delimitasiyası prosesi çərçivəsində keçirilmiş 9-cu iclası zamanı imzalanan protokolu alqışlayır.

Aİ tərəfləri digər həll edilməmiş ikitərəfli məsələlərin həlli üçün əlavə qətiyyətli addımlar atmağa çağırır və Cənubi Qafqaz regionunda davamlı və uzunmüddətli sülhə nail olmaq üçün səyləri dəstəkləməyə sadiq qalır", - bəyanatda deyilir.

Xatırladaq ki, mayın 15-də Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sərhəddə Azərbaycan Respublikasının Baş nazirinin müavini Şahin Mustafayevin və Ermənistan Respublikasının Baş nazirinin müavini Mher Qriqoryanın sədrliyi ilə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın doqquzuncu görüşü keçirilib.

Görüşün gedişində komissiyalar onlar tərəfindən qəbul edilmiş 2024-cü il 19 aprel tarixli 8-ci görüşün Protokoluna uyğun olaraq görülmüş işləri müzakirə edib və Sovet İttifaqı çərçivəsində onun süqutu dövründə mövcud olmuş hüquqi cəhətdən əsaslandırılan respublikalararası sərhədə uyğunlaşdırılması məqsədilə bilavasitə Bağanıs Ayrım (AR) - Bağanis (ER), Aşağı Əskipara (AR) - Voskepar (ER), Xeyrımlı (AR) - Kirants (ER) və Qızılhacılı (AR) - Berkaber (ER) yaşayış məntəqələri arasında sərhəd xəttinin hissələrinin SSRİ SQ Baş Qərargahının 1979-cu ildə növbətçilik prosedurunu keçmiş 1976-cı il tarixli topoqrafik xəritəsinə uyğun olaraq yerdəki geodeziya ölçmələri əsasında koordinatların dəqiqləşdirilməsi nəzərə alınmaqla birgə tərtib olunmuş Protokol-təsvirini razılaşdırıblar.

Görüşün yekunu olaraq müvafiq protokol imzalanıb. Növbəti görüşün keçirilməsi tarixi və yeri işçi qaydada razılaşdırılacaq.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
214
49
milli.az

10Mənbələr