AZ

ABŞ-a səfərdən imtina edən gürcü baş nazir niyə Türkiyəyə getdi? – MARAQLI DETALLAR

Xəbər verdiyimiz kimi, Gürcüstanın Baş naziri İrakli Kobaxidze Türkiyəyə səfərə gedib. Səfər çərçivəsində gürcü baş nazir Prezident Rəcəb Tayyib Ərdoğanla təkbətək görüş də keçirib. Görüşdən sonra isə hər iki lider mətbuata açıqlamalar verib. Bu açıqlamalarsa çox yüksək əhval-ruhiyyədə olub.

Hətta İrakli Kobaxidze Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan haqqında xoş sözlər söyləyib:

“Prezident Ərdoğan türk xalqının mənafeyini hər mənada qoruyan bir liderdir. Biz onun liderliyini nümunə götürürük. Dost və qonşu ölkəmiz Türkiyəyə ilk dəfə səfər etdiyim üçün xoşbəxtəm. Cənab Ərdoğanı ziyarət etməkdən çox xoşbəxtəm”.
 

MÖVZU İLƏ BAĞLI:

Kobaxidzedən Ərdoğana HEYRANLIQ: “Biz onun liderliyini nümunə götürürük”


Bu bir liderin başqa bir ölkə başçısı haqqında dilə gətirə biləcəyi ən xoş sözlərdir. Əlbəttə ki, bu gəlişigözəl sözlər deyildi. Bu sözlərin, fikirlərin arxasında çox incə məqamlar var. Nəzərə alaq ki, İrakli Kobaxidze Ankaraya çox gərgin bir zamanda səfər edib. Məlum olduğu kimi, “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinin parlamentdə qəbulundan sonra Gürcüstanda gərginlik pik həddədir.

Ötən həftə eyni vaxtı 200 min etirazçı Tiflis küçələrinə çıxmışdı. Tək bu faktın özü Gürcüstanda vəziyyətin nə qədər gərgin olmasından xəbər verir. Üstəlik, ölkədəki gərginliyi nəzərə alan İrakli Kobaxidze 10 gün əvvəl Vaşinqtona səfərini təxirə salmışdı. 

Vaşinqtona səfərini təxirə salan gürcü baş nazir Ankaraya getməyi çox vacib saydı. Bunun da bir sıra əsaslı səbəbləri var. Çünki Gürcüstan Türkiyədən iqtisadi cəhətdən çox asılıdır. Ölkənin xarici ticarət dövriyyəsində Türkiyə öndə gedir. Hələ Avropaya gedən kommunikasiya xətlərinin Türkiyədən keçməsini demirik. Bir sözlə, Gürcüstanı Türkiyəyə çox şey bağlayır. 

Amma burada bir həssas və başlıca məqam var. Bu da Türkiyənin Gürcüstana qarşı çox səmimi olmasıdır. Türkiyə istəmir ki, qonşu dövlətlərdə qeyri-stabillik, qarışıqlıq olsun. Hədəf ancaq iqtisadi-mədəni əlaqələrin genişlənməsidir. 

Qərbinsə Gürcüstandan istədiyi çox şey var.

Ən pisi də odur ki, Qərbin istədikləri Gürcüstanın dövlət və milli maraqları ilə tərs mütənasibdir.Ona görə də belə həssas məqamda İrakli Kobaxidze Vaşiqntona yox, Ankaraya getdi. 

Təbii ki, gürcü baş nazirin bu seçimi ABŞ və bəzi Avropa dövlətlərini çılğına döndərərir. Yəqin ki, bu çılğınlığın yaxın zamanda simptomlarını görəcəyik. 

Artıq zaman dəyişib. 

İndi bir çox dövlətlər öz milli və dövlət maraqlarından çıxış edir. Bu da Qərbin istəkləri ilə qətiyyən üst-üstə düşmür. Təsadüfi deyil ki, ötən 20 ildə Gürcüstan Qərbin, xüsusən də ABŞ-ın dedikləri ilə hərəkət etdi. Amma nəticə çox ağır oldu. Qərbin təhrikləri və istəkləri nəticəsində Gürcüstan öz ərazi bütövlüyünü və suveren hüquqlarını itirdi. Bu gün Gürcüstanın 20 faiz torpaqları işğal altındadır. Ona görə də Gürcüstan da bütün yad təsirlərdən qurtulub, müstəqil siyasət yeritmək istəyir. 

Bu yolda isə Gürcüstan üçün əla Azərbaycan nümunəsi var. 

Nəzərə alaq ki, Azərbaycan region və beynəlxalq aləm üçün yeni president yaratdı. Nə Qərbə, nə Şərqə, nə də ki, Şimala meyillənən Azərbaycan müstəqil siyasət və qətiyyət hesabına öz ərazi bütövlüyünü və suveren hüquqlarını bərpa etdi. Üstəlik, ikinci bir dövlətin hərbi qüvvələrinin öz ölkəsində olmasına razı olmadı. Nəticədə, qarşılıqlı anlaşma sayəsində Rusiya sülhməramlıları Azərbaycanı tərk etdi. 

Nəzərə alaq ki, son 200 ildə bu hadisənin anoloquna rast gəlinmir. XIX əsrdə Avropanın jandarmı, XX əsrdə isə Avropanın faktiki yarısının sahibi olan Rusiya heç bir ölkədən bu qədər rahat və anlayışla çıxmayıb. Bu da təbii ki, Azərbaycanın çox böyük siyasi uğurudur. Bu uğurda qardaş Türkiyənin də müstəsna xidməti var. 
Ona görə də Gürcüstan da Azərbaycandan nümunə götürmək istəyir. Azərbaycan kimi heç bir qüvvəyə meyillənməyərək müstəqil siyasət yeritməyi hədəfləyir. Təbii ki, bu yol olduqca çətindir.

Çətin olduğu üçün də Gürcüstan uzaq “qohum”a - ABŞ-a yox, yaxın qonşuya - Türkiyəyə üz tutdu. 

Nə təsadüfdürsə, İrakli Kobaxidze Ankarada olanda Ukrayna Ali Radasının sədri Ruslan Stefançuk da buraya gəldi. Ukraynalı spiker gürcü baş nazirlə təxminən eyni vaxtda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qəbulunda oldu.

Bu isə Qara dəniz regionunda yeni siyasi proseslərin anonsudur...

Surxay Atakişiyev, Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
127
50
bizim.media

10Mənbələr