AZ

Azərbaycan neftə göz dikib, neft isə azalır: Hökumət nə etməli...

Azərbaycanın neft gəlirləri azalmaqdadır.Bu il Azərbaycan Dövlət Neft Fondunun (ADNF) neft satışından təqribən 5 milyard dollar əldə edəcəyi proqnozlaşdırılır.

Son 17 ildə “Azəri”, “Çıraq”, “Günəşli” yataqlar blokundan (AÇG) dövlətin mənfəət şəklində əldə etdiyi ən aşağı qazanc 2020-ci ildə - 3,52 milyard dollar olmuşdu. Amma 2022-ci ildə neft gəlirdi təqribən 10 milyard dollara yüksəldi ( neftin yenidən bahalaşması ilə). Ötən il bu gəlir 6 milyarddan bir qədər çox olub.

Yaxın illərdə neft gəlirinin bir az da azalacağı gözlənilir. Bu, hasilatın azalması ilə izah edilir.

Azərbaycan rəsmiləri son illərdə qeyri-neft sektoruna önəm verildiyini bəyan edir. Amma rəqəmlər fərqli mənzərə yaradır. 2024-cü ilin ilk 3 ayı ərzində Azərbaycanın ümumi ixracı 6 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə isə cəmi 673,7 milyon dollar təşkil edib. 2023-cü ilin birinci rübündə qeyri-neft-qaz ixracının həcmi 912,2 milyon dollar olmuşdu.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Məzahir Əfəndiyev Turana bildirib ki, Azərbaycan müstəqilliyini əldə edəndən sonra müstəqilliyini qoruyub saxlamaq üçün çox vacib addım atdı: “Ulu Öndər o zaman 8 ölkəni və 13 böyük korporasiyanı bir araya gətirərək 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalamasına nail olub”.

Deputat qeyd edib ki, bu 30 il müddətində neft kontraktlarından əldə olunan gəlir dövlət quruculuğuna, Azərbaycanın təhlükəsizliyinin təmin olunmasına, ordu quruculuğuna və eləcə də iqtisadi islahatlarının həyata keçirilməsinə istifadə olunmuşdur: “Bu gün tamamilə yeni mənzərə var. Gözlənilirdi ki, neft gəlirlərində azalma olacaq və bu gün bu müşahidə olunur. Neft hasilatı azalır və bu büdcəyə təsir edir. Keçən ildə biz dövlət büdcəsini hazırladığı zaman müşahidə etdik ki, dövlət büdcəsinə neftdən gələn gəlir 2 milyarda yaxın azalır”.

M.Əfəndiyevin sözlərinə görə, hazırda Azərbaycanda son 10 ildə prioritet hesab olunan istiqamətlərdən biri də qeyri-neft sahəsinin inkişaf etdirilməsidir: “Bu sahədə də Azərbaycanda nəzərəçarpacaq inkişaf müşahidə olunur. Neftdən nəzərdə tutulmuş gəlirlər, hansı ki dövlət büdcəsinin möhkəmlənməsinə xidmət göstərirdi qeyri-neft sektorundan gələn gəlirlərlə kompensasiya olunur”.

O, vurğulayıb ki, kompensasiya ilə yanaşı dövlətin iqtisadi siyasətin fəlsəfəsi ondan ibarətdir ki, dövlət büdcəsində olan gəlirlərinə neft asılılığını, Neft Fondundan büdcəyə transferti mümkün qədər azaltmaqdır: “İldən ilə də buna nail olmaq mümkündür. Bu istiqamətdə hökümət fəaliyyətini daha da şahələndirəcək. Bu gün Azərbaycanda sənaye məhsullarının istehsalında, ixracında artım müşahidə olunur. Azərbaycan iqtisadiyyatı “ağardıldıqca”, islahatlar dərinləşdikcə vergi daxilolmaları şəffaflaşır. Bu da nəticə etibarilə iqtisadiyyatının daha da böyüməsinə şərait yaradır”.

İqtisadçı Natiq Cəfərli isə Azadlıq Radiosuna bildirib ki, Azərbaycanda son 15-20 ildə qeyri-neft sektorunun ixracdakı payı faiz nisbətində artmayıb: “15 il bundan əvvəl da 10 faiz civarında idi, indi də 10 faiz civarındadır. Bu da onu göstərir ki, Azərbaycanda qeyri-neft sektorunun istehsalında və ixracatında yüksək artım templəri müşahidə olunmur”. 

O, qeyd edib ki, hökümət bunu başqa məsələlərlə kompensasiya etməyə çalışır: “Məsələn, təsnifatı dəyişdirməklə statistik rəqəmlərdə qeyri-neft sektorunun ixracatını və istehsalını artırır. Keçən il elektrik enerjisinin istehsalı və ixracatını təsnifatda qeyri-neft sektoruna aid etdilər. Ötən il 230-240 milyon dollara yaxın elektrik enerjisinin ixracatı baş tutdu, bunun hesabına da qeyri-neft sektorunda artım göstərdilər. Bu ilin ilk rübündə isə elektrik enerjisinin istehsalı və ixracatında kəskin azalma olub, bu da statistikada özünü göstərdi”.

N.Cəfərlinin sözlərinə görə, aqrar sektorda da daim azalmalar-artmalar müşahidə olunur: “Yəni, qeyri-neft sektorunu sabit inkişaf etdirəcək trendi biz yaxalaya bilməmişik. Bunun da əsas səbəblərdən biri istehsalın az, məhsuldarlığın aşağı olmasıdır. Bazar nöqteyi-nəzərdən biz bu sahədə həmişə Rusiyadan asılı olmuşuq. Rusiya bazarı isə problemlidir. Azərbaycanla Rusiya arasında müəyyən məsələlərdə fikir ayrılığı olan kimi Azərbaycan məhsullarının Rusiya bazarına çıxışına əngəllər olur”. 

Onun fikrincə, Azərbaycanın qeyri-neft sektorunun ixrac potensialını artırmaq üçün ölkə başqa bazara çıxmalıdır: “İndi isə başqa bazar yoxdur deyə, daxili istehsal üçün şərait da yoxdur”.

Ekspertin sözlərinə görə, qeyri-neft sektorunun inkişafına mane olan digər problem isə idarəetmə problemidir: “Bizdə istehsal daha çox dövlət investisiya hesabınadır, özəl sektorun iştirakçını biz görmürük. Çünki özəl sektor investisiyalar baxımından özünü qorunmuş hiss etmir”.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
239
50
turan.az

10Mənbələr