AZ

Bu torpaqlar da qaytarılacaq

“Hər iki tərəfin sərhədçiləri yaxın 8-9 gün ərzində razılaşdırılmış Azərbaycan-Ermənistan sərhədinə yerləşdiriləcəklər”.

Ermənistan Baş nazirinin ofisinin yaydığı məlumatda belə deyilir. Qeyd olunub ki, Xeyrımlı kəndində bəzi koordinatlar kompüter vasitəsilə müəyyən edildiyi üçün indi bütün sərhəd postları quraşdırılmayıb və bir müddət sonra orada yeni dirəklər yerləşdiriləcək. Komissiyaların məlumatında qeyd edilir ki, prosesdə istifadə olunan xəritələr 1976-cı ilə aiddir.

“1976-cı ildə SSRİ-nin kartoqrafiya və geodeziya sahəsində səlahiyyətli orqanı xəritənin düzgünlüyünü və hüquqi əsaslarını yoxlayıb. Bu xəritələr Sovet İttifaqı dağılana qədər istifadə olunub. Bunlar SSRİ-nin səlahiyyətli dövlət orqanları tərəfindən təsdiqlənmiş son xəritələrdir”,-deyə Paşinyanın ofisindən bildirilib. 

Qeyd edək ki, 2024-cü il mayın 15-də Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sərhəddə Azərbaycan Respublikasının Baş nazirinin müavini Şahin Mustafayevin və Ermənistan Respublikasının Baş nazirinin müavini Mher Qriqoryanın sədrliyi ilə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın doqquzuncu görüşü keçirilib.

Görüşdə Bağanıs Ayrım - Bağanis, Aşağı Əskipara - Voskepar, Xeyrimli - Kirants (Günən) və Qızılhacılı - Berkaber (Bibiş) yaşayış məntəqələri arasında sərhəd xəttinin hissələrinin SSRİ SQ Baş Qərargahının 1979-cu ildə növbətçilik prosedurunu keçmiş 1976-cı il tarixli topoqrafik xəritəsinə uyğun olaraq yerdəki geodeziya ölçmələri əsasında koordinatların dəqiqləşdirilməsi nəzərə alınmaqla birgə tərtib olunmuş Protokol-təsvirini razılaşdırıblar. 

Əvvəlcədən razılaşdırılmış koordinatları dəqiqləşdirmək üçün sərhəd dirəkləri quraşdırılıb. Bu koordinatlar yuxarıda qeyd olunan 1976-cı il xəritələrindən götürülüb. Kartoqraflar yenə eyni xəritələrə əsaslanaraq, bu dirəklər arasındakı sərhəd keçid xətlərini artıq razılaşdırıblar. Bu ərazilərdə sərhəd xəttinin bərpası başa çatdırılıb, razılaşdırılıb, imzalanıb və sərhəd delimitasiya edilmiş sayılır. Ermənistan tərəfi 1976-cı il xəritələrini əslində SSRİ-nin dağıldığı dövrdə de-yure hüquqi əsası olan xəritə hesab edir. 

Rəsmi İrəvanın prinsipial yanaşmasına görə, Ermənistanla Azərbaycan arasında yeni sərhəd yaradılmamalıdır. Ermənistan SSRİ-nin dağılması zamanı de-yure mövcud olan sərhədlərin bərpasını təklif edir. Ermənistan mətbuatının yazdığına görə, sərhəd xəttinin ən mübahisəli hissəsi olan Günən (Kirants) kəndi istiqamətində məsələ Ermənistanın xeyrinə həll olunub.

“Son 33 ildə Günən (Kirants) üçün əlçatmaz olan təxminən 25 hektar kənd təsərrüfatı sahəsi həndə qaytarılacaq. Sərhədin təsviri tam olaraq 1976-cı il xəritəsində göstərildiyi kimidir. Qeyd edilir ki, yolun köçürülməsi problemi yaranacaq ki, bunu da 2-3 aya həll etmək olar. H-26 şossesindən Açarkuta və daha sonra Günənə (Kirants) qədər uzanan yol da təmir olunacaq. Bu, Kirantsa gedən alternativ yol hesab olunur. Mülkiyyət məsələlərinə gəlincə, onun həcmi böyük olmayacaq. Bütün hallarda vətəndaşlara dəymiş ziyanı dövlət sakinlərin xahişi ilə əmlak və ya maliyyə vəsaiti hesabına ödəyəcək.

Hökumət nümayəndələri mümkün problemlərin inventarlaşdırılmasına və Kirants sakinləri ilə müzakirələrə başlayacaqlar. Voskepar-Baqanis hissəsinin ən həssas məsələlərindən biri Voskepardakı Müqəddəs Ana Kilsəsi, digəri isə SSRİ dövründən mövcud olan Voskepar-Baqanis yolu ilə bağlı idi. Hər iki problem də həll edilib. Yol kilsə kimi bütünlüklə Ermənistan Respublikasının ərazisində yerləşir. Sərhəd xətti həm yoldan, həm də kilsədən kifayət qədər uzaqdır. Bibişdə həssas vəziyyət olmayıb və yoxdur. Xatırladaq ki, qarşılıqlı razılaşmaya uyğun olaraq kilsə Ermənistanın, sözügedən yolun bir hissəsi olan körpü isə Azərbaycanın nəzarətinə keçib”. 

Ermənistan parlamentinin “Şərəfim var” fraksiyasının katibi Tiqran Abramyan isə Nikol Paşinyan hökumətinin cəmiyyəti aldatdığını iddia edir. Onun sözlərinə görə, hakimiyyət əvvəl başqa xəritələrdən danışsa da, sonra ortaya başqa xəritələr çıxıb. Əslində, Abramyan Ermənistan hökumətinin sərhədlərin 1991-ci il Almatı Bəyannaməsinin imzalandığı dövrə aid xəritələrə dair təklifini nəzərdə tutur. 

Lakin 1991-ci ildə nəşr olunmuş siyasi-inzibati xəritələr əsas sənəd hesab edilə bilməz. Çünki sərhədlər topoqrafik xəritələr əsasında tərtib olunur. SSRİ-də sonuncu topoqrafik xəritələr isə 1976-cı ilə aiddir və 1979-cu ildə yenidən təsdiqlənib. Delimitasiya prosesində 1970-ci illərə aid xəritələrdən istifadə olunması da bununla bağlıdır. Tiqran Abramyan guya Azərbaycanın təzyiqi ilə Ermənistanın bu razılaşmaya getdiyini iddia edir Ancaq nəzərə almaq lazımdır ki, Ermənistan əvvəllər dəfələrlə sərhədlərin 1974-1978-ci illər xəritələri əsasında müəyyənləşməsini təklif edib. 

Görünür, tərəflər Qazax-Tavuş istiqamətinin bir hissəsində bununla bağlı kompromisə gəlib. Söhbət yalnız Azərbaycana qaytarılmış dörd kəndin sərhəd ərazilərindən gedir. İşğal altında qalan üç anklav kənd ətrafında və Azərbaycan-Ermənistan şərti sərhədinin digər hissələrində delimitasiya zamanı başqa dövrə aid xəritələrdən istifadə ediləcəyi istisna olunmur. Başqa ərazilərlə müqayisədə Qazax istiqamətində 1970-ci illərə aid xəritələrin tətbiqi Azərbaycanın maraqlarına uyğundur.

Çünki 1982-ci ildə SSRİ hakimiyyət orqanlarının qanunsuz qərarı ilə Qazax rayonunun torpaq sahələri Ermənistana verilib. 1982-ci ildə Qazax rayonunun İncədərə yaylası, Kəmərli, Aslanbəyli və Qaymaqlı kəndlərinin ərazilərinin hissələri Ermənistana bağışlanıb. Bəzi mənbələr bu ərazilərin 1675 hektar, başqa məlumatlarda isə 5000 min hektar təşkil etdiyinə dair məlumatlar var. 1986-cı ildə Qazax rayonunun 2500 hektarlıq otlaq əraziləri Ermənistan tərəfindən müxtəlif adlar altında zəbt edilib. 

Ona görə də 1979-cu ildə təsdiqlənən xəritənin tətbiqi sözügedən torpaq sahələrinin Azərbaycana qaytarılması üçün hüquqi əsas yaradır. Yəni delimitasiya xətti 1979-cu ildəki inzibati sərhədlərin mövcud olduğu koordinatlara qaytarılmaldır. Əks təqdirdə, həmin dövrün xəritələri tətbiq edildiyi halda torpaq sahələrinin Ermənistanda qalması ədalətli bölgü sayıla bilməz. Həm Azərbaycanın, həm də Ermənistanın konstitusiyaları həmin torpaqların Qazax rayonunun ərazisi olduğunu bir daha sübut edir. Hələlik, Azərbaycan və Ermənistan arasında sərhəd müəyyənləşməsinə dair razılaşmaların detalları açıqlanmır. 1980-ci illərdə Azərbaycandan qanunsuz olaraq qoparılmış torpaqların qaytarılması ilə bağlı razılıq əldə olunsa belə, Ermənistanda baş verən etiraz aksiyaları fonunda bunu açıqlamaq Paşinyan hakimiyyəti üçün asan görünmür. 

Hətta rəsmi İrəvan aksiyalar səngiyənə qədər gözləmə mövqeyi tutaraq Azərbaycandan vaxt istəyə bilər. Ancaq hələlik ermənilər daha çox yolun bir hissəsinin və körpünün Azərbaycanın nəzarətinə keçməsindən narazıdır. Şərti sərhədin digər istiqamətləri ilə bağlı razılaşmanın mətni isə yəqin ki, delimitasiya prosesinin birinci mərhələsi yekunlaşdığı zaman məlum olacaq. 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
132
50
cebheinfo.az

10Mənbələr