AZ

Rusiya-Ukrayna cəbhəsində GƏRGİNLİK: “NATO müdaxilə edə bilər” 

Rusiyanın Ukraynanın ikinci böyük şəhəri Xarkova yaxınlaşması və bölgənin bir neçə kəndini ələ keçirməsi Qərbdə narahatlıq yaradıb.

 

Sfera.az bildirir ki, “CNN” telekanalı Rusiyanın bu hücumlarını “ildırım hücumu” adlandırıb. Kanal son hadisələrin Avropanı təşvişə saldığını iddia edib.

 

“CNN”in məlumatına görə, Rusiyanın Ukraynaya müdaxiləsi ilə başlayan proses Avropa üçün əsaslı çağırışa çevrilib. Analitiklərin fikrincə, Ukraynada başlayan savaşın yaxın illərdə Avropanı dəyişəcəyi faktı hər gün daha qaçılmaz olur. Bildirilir ki, Putinin yeni müddətdə etdiyi ilk iş, uzun müddətdir müdafiə naziri olmuş Sergey Şoyqunu vəzifəsindən azad edərək yerinə iqtisadçı Andrey Belousovu təyin etmək olub. Bu da “Rusiyanı tamhüquqlu müharibə iqtisadiyyatına çevirmək” planı kimi şərh edilib.

 

“CNN” qeyd edib ki, Ukraynanın müttəfiqləri son hadisələri diqqətlə izləyib və sərt tədbirlər görməyə başlayıblar. Yəni Avropa indi nəinki Ukraynanı dəstəkləməyə, həm də özünü müdafiə etməyə hazırlaşır:

 

“Norveç 12 illik hərbi genişlənmə planını açıqlayıb. 2036-cı ilə qədər müdafiə büdcəsi iki dəfə, ordudakı briqadaların sayı isə üç dəfə artacaq. Böyük Britaniyanın Baş naziri Rişi Sunak müdafiə xərclərini əhəmiyyətli dərəcədə artırdığını açıqlayıb. Hollandiyanın müdafiə büdcəsi 2029-cu ilə qədər 31,2 milyard dollara yüksələcək. Fransa lazım gələrsə, Ukraynaya qoşun göndərə biləcəyinə işarə edib. Almaniya Ukraynaya qoşun yeritmək ideyasını rədd etsə də, məcburi hərbi xidməti bərpa etməyə hazırlaşır”, - vurğulanıb.

 

Digər tərəfdən, Avropa mümkün münaqişə vəziyyətinə hazırlaşarkən, Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın şimal-şərqdə irəliləməsi səbəbindən bütün səfərlərini ləğv edib və bölgəyə gücləndirici qruplar göndərib. ABŞ-nin “New York Times” qəzeti yazıb ki, NATO Rusiyanın irəliləməsi səbəbindən Ukraynaya təlimçilər göndərməyi düşünür. “NYT”nin məlumatına görə, bu addım Avropanı münaqişəyə cəlb etmək riskini daşıyır.

 

Günay

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
143
33
sfera.az

10Mənbələr