AZ

Ermənistanın Avropa Sülh Fonduna qəbul olunması Cənubi Qafqaza düşmənçilikdir...

Image

Qulamhüseyn Əlibəyli: “Bunun heç bir məntiqi əsası yoxdur ona görə ki, sülh istəyən ölkə, sülh sazişindən yayınmaz” 

Ermənistanın Baş naziri Nikol Paşinyan Kopenhagen Demokratiya Sammitində çıxışı zamanı deyib ki, Ermənistan Avropa Sülh Fonduna qəbul olunmağa hazırlaşır: “Digər tərəfdən, biz Ermənistanın Avropa Sülh Fonduna daxil olacağına ümid edirik və bu baxımdan Avropa İttifaqının bütün üzv dövlətlərinin dəstəyinə ümid edirik”.

Maraqlıdır, Ermənistan Avropa Sülh Fonduna daxil olarsa, bu, Avroittifaqın ikiüzlü və ikili standart siyasətinə bariz nümunə olmayacaqmı? Ermənistan müharibə vəziyyətində olan ölkədir. Eyni zamanda Azərbaycana təcavüz etmiş və sülh sazişini imzalamayan ölkədir. Həmçinin Ermənistan təmaslardan qaçan ölkədir. Bütün bunların fonunda Ermənistanı Avropa Sülh Fonduna necə qəbul etmək olar? Aİ niyə buna şərait yaradır və bu dərəcədə riyakarlıq nə deməkdir?

“Avropa ölkələrinin böyük əksəriyyətinin siyasəti ikili standartlara söykəndiyi üçün belə riyakar mövqe sərgiləyirlər” 

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən sabiq millət vəkili, hüquqşünas Qulamhüseyn Əlibəylinin fikrincə, Avroittifaq çox yaxşı bilir Ermənistanı Sülh Fonduna üzv qəbul etmək məntiqi baxımdan doğru deyil: “Sadəcə olaraq Avropa ölkələrinin böyük əksəriyyətinin siyasəti ikili standartlara söykəndiyi üçün belə riyakar mövqe sərgiləyirlər. Məhz bu səbəbdən onlar hər zaman erməniləri müdafiə ediblər. Azərbaycanın isə mövqelərini zəiflətməyə çalışıblar. Ona görə də Ermənistan öz siyasəti ilə uyuşmayan addımlar atır və bu ölkəyə dur deyən olmur. Məsələn, Ermənistan fransızdilli ölkələrin üzvüdür. Ancaq Ermənistanın özü fransızdilli ölkə deyil. O cümlədən, Avropa Sülh Fondu ilə bağlı məsələ də təxminən belə qiymətləndirilməlidir. Ermənilərin son bir əsrdəki siyasətini götürsək bunların sülhlə heçbir əlaqəsi yoxdur. Əksinə, hər zaman sülhə qarşı çıxıblar. Qonşularına qarşı ərazi iddiaları ilə çıxış ediblər, terrora əl atıblar. İndi isə utanmadan sülh göyərçini qiyafəsinə bürünüblər. Halbuki, bunun heç bir məntiqi əsası yoxdur. Ən azından ona görə ki, sülh istəyən ölkə bundan yayınmaz. Çünki 4 ilə yaxındır müharibə bitib, amma Ermənistan sülh müqaviləsini imzalamaqdan müxtəlif bəhanələrlə yayınır. Türkiyə ilə münasibətləri yoluna qoymur, silahlanır. Üstəlik, Ermənistan sülh istəmir. Ermənistanda mövcud olan revanşizm də bunu sübut edir. O baxımdan belə bir ölkəni Avropa Sülh Fonduna qəbul etməklə bağlı səy göstərmək anormallıqdır. Təəssüf ki, Avropa ölkələrinin bir çoxunun siyasəti demokratiya, insan haqları prinsiplərindən çox uzaqdır. Onlar Ermənistan vasitəsi ilə regionda öz mövqelərini gücləndirməyə çalışırlar. Məsələ həm də bununla əlaqədardır”.

Vidadi ORDAHALLI





Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
184
50
baki-xeber.com

10Mənbələr