AZ

Yay mövsümü yaxınlaşır: turpaketlərin qiyməti neçəyədir?

Qarşıdan yay mövsümünün gəlişi ilə əlaqədar indidən turizm sektorunda canlanma müşahidə edilir. Yay tətilini səmərəli keçirmək istəyənlər öncədən maddi durumlarına və mənəvi rahatlıqlarına uyğun olaraq səyahət planlaması edir, turizm şirkətləri isə öz növbəsində müxtəlif istiqamətlər üzrə yeni turpaketlər hazırlayırlar. Ölkə xaricinə üz tutanlarla yanaşı, yay tətilini Azərbaycanda keçirmək istəyən xarici turistlərin də sayında müəyyən dərəcədə artımlar gözlənilir.

Turizm məsələləri üzrə ekspert Əziz Şiriyev İqtisadiyyat.az-a açıqlamasında deyib ki, Azərbaycana xaricdən gələn vətəndaşların sayına görə birinci yeri Hindistan tutur. Onun sözlərinə görə, buna səbəb onların kütləvi səyahətə üstünlük verməsidir. Ekspert deyir ki, əksər ölkələrlə Azərbaycanın turizm şirkətlərinin müqavilələri mövcuddur:

Azərbaycana turların sayı artıb

“Amma bununla yanaşı fərdi şəkildə, ailəvi istirahət məqsədilə gələnlər də olur. Düzdür, son vaxtlar ərəb turistlərin Azərbaycana gəlişində azalma müşahidə olunur. Amma getdikcə onların yerini türk turistlər tutur. 44 günlük Vətən müharibəsindən sonra qardaş ölkə vətəndaşlarının Azərbaycana marağı ikiqat artmaqdadır. Son dövlərin statistikasına nəzər yetirdikdə görürük ki, türk vətəndaşlarının ölkəmizə axını daha çoxdur və getdikcə bu statistika artacaq. Buraya təkcə Türkiyədə yaşayan türklər deyil, eləcə də Avropada yaşayanlar da daxildir”.

Ə.Şiriyev həmçinin yerli vətəndaşların ölkə daxili və ölkə xarici səfərlərindən də danışıb. O bildirb ki, fərdi şəkildə səfər etməkdənsə, tur şəklində səfərlər daha sərfəlidir:

“Ölkə daxilində vətəndaşlar daha çox turizm şirkətləri ilə səfərlər edirlər. Bir, iki və üç günlük turlar mövcuddur. Belə turların qiyməti də münasibdir. Məsələn, 1 günlük turlar 20 manatdan başlayır və 23-25-27 manat olaraq dəyişir. Bu paketə səhər yeməyi, nəqliyyat xidməti, bələdçi, eləcə də ekskursiya daxildir. 2 günlük turlar 79, 3 günlük turlar isə 115 manatdan başlayır. Əsasən, tur səfərlərində 4 ulduzlu hotellər, bəzilərində isə 5 ulduzlular olur. Bütün turistlərimizə, vətəndaşlarımıza turizm şirkətlərinə müraciət etməyi tövsiyə edirəm”.

Maldiv adalarına qrup turları uzuzlaşıb

Bu gün qrup şəklində xaricə səfərlərin də olduğunu deyən ekspert söyləyib ki, hətta Maldiv adalarına qrup turlarının qiyməti 900 dollara qədər enib:

“Maldiv səfəri üçün 3-4 min olan tur, təsəvvür edin, 900 dollara qədər enib. Bundan başqa, Avropaya, xüsusilə də Monteneqroya turlar mövcuddur. Bildiyiniz kimi, Monteneqroya səfər vizasıdır. Ötən ilin noyabr ayında Monteneqroya turpaketlərin qiyməti çox ucuz idi. 200-300 dollara 4-5 ulduzlu hotellərdə bir həftəlik dincəlmə, transfer, təyyarə bileti, qidalanma, sığorta daxil idi. Lakin burada tur qiymətləri getdikcə dəyişir. Məsələn, bir nəfər üçün 1000 avronun üzərində, ailə getdikdə isə 5-6 minin üzərində olur”.

Ekspert qrup şəklində səfərlərin üstünlüklərindən də danışıb: “Birincisi, dil bilmirsənsə, yanında tur rəhbərləri olur. İkincisi transfer əldə edirsiniz, üçüncüsü tanımadığın yerlərlə bağlı problem yaşamırsan, çünki hər yeri tur rəhbərləri gəzdirirlər. Dördüncüsü, oğurluq hallarının qarşısı alınır, çünki kütləvi şəkildə olduqda oğurluq etmək istəyənlər qrupa yaxınlaşmağa risk etmək istəmirlər. Turla səfərin digər bir müsbət tərəfi isə maddi baxımdan daha sərfəli olmasıdır. Məsələn, insanlar tək gedəndə 1000-2000 və daha çox xərcləyirsə, qrup şəklində gedəndə 500-600 xərcləyirlər”.

Turpaketlərin qiyməti azalıb, yoxsa artıb?

Qrup halında səfərlərin daha çox müharibədən sonra gündəmə gəldiyini deyən Ə.Şiriyev bildirib ki, hazırda turpaketlərin qiymətlərində elə bir ciddi dəyişiklik müşahidə edilmir:

“Ümumiyyətlə, hotellərdə qiymətlərin baha olub-olmaması tələb-təklifdən asılıdır. Məsələn, qarşıdan Qurban bayramı gəlir, bayram öncələri bir həftə qalmış hotellərə zəng vursanız, yer tapmayacaqsınız. Sahibkar da görür ki, buna tələbat varsa, gələn il bundan da baha edəcək. Yox, əgər sahibkar görsə ki, yerləri dolmayıb, o zaman qiymət endirimlərinə gedəcək. Amma hazırda hotellərin əksəriyyəti doludur. Əksər hotellərə qrup turları üçün zəng etdikdə onlar yerlərinin dolu olduğunu bildirirlər”.

 

Sadiq Cavadov

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
187
21
iqtisadiyyat.az

10Mənbələr