AZ

Aylıq əməkhaqqı saatlıq maaşla ƏVƏZLƏNƏRSƏ... - NƏ DƏYİŞƏCƏK?

Azərbaycanda minimum əməkhaqqının məbləği 345 manatdır. Gələcəkdə minimum əməkhaqqı sistemi saatlıq minimum əməkhaqqı sistemi ilə əvəzlənə bilər. Bu, Dünya Bankı Qrupunun “Business Ready” hesabatının “İşçi qüvvəsi” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsinə dair 2024-cü il üzrə Yol Xəritəsində öz əksini tapıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə bu il iyulun 1-dək aylıq minimum əməkhaqqının saatlıq minimum əməkhaqqı ilə əvəz edilməsi barəsində təkliflər hazırlaması və aidiyyəti üzrə təqdim etməsi tapşırılıb.

Bu, hazırkı hesablamadan nə ilə fərqlənəcək? Əmək haqqının məbləğinə nə kimi təsir edəcək?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan iqtisadçı ekspert Natiq Cəfərli deyib ki, işçilərin hüquqlarını qoruyan mexanizm hazırlanmalıdır:

“Bir sıra proqressiv ölkələrdə saathesabı maaş ödənişi artıq çoxdan tətbiq olunur. Burada maaş ödəyərkən dövlət qanunvericilik şəklində 1 saatlıq ödəniş məbləğini müəyyən edir. Çox güman ki, Azərbaycanda da belə bir mexanizm hazırlanacaq. Amma burada elə bir mexanizm hazırlanmalıdır ki, işçilərin hüquqları pozulmasın".

O bildirib ki, saathesabı minimum əməkhaqqının müəyyənləşdirilməsi zamanı bəzi neqativ halların yaşanmaması üçün qaydalar detallı olmalıdır:

"Özəl sektorda da, dövlət sektorunda da 1 aylıq minimum əməkhaqqından aşağı maaş vermək qadağandır. Amma saathesabı minimum əməkhaqqı müəyyənləşəcəksə, bu zaman işəgötürənlə işçi arasında sövdələşmələr mümkündür ki, 2-3 saatlıq işgünü yazılsın. Bu zaman işəgötürənin ödənişləri əslində azala bilər. Bu, qara maaşın, yəni nəzərə alınmayan maaşların yaranmasına da səbəb ola bilər.

Dövlət Sosial Müdafiə Fonduna daha az ödəniş etmək üçün işəgötürənlə işçi sövdələşərək rəsmi maaşla yanaşı, qeyri-rəsmi ödənişləri də aralarında anlaşa bilərlər. Belə hallar yaşanmasın deyə bunun tətbiqi mexanizmləri detallı şəkildə müəyyənləşdirilməlidir”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
206
50
turkustan.az

10Mənbələr